Şeirlər - Xanım AYDIN

 

Bilirsən...

 

Bilirsən, çox güclüyəm

Sinəmdə düyünlənən,

Hayqırtımdan yaranıb

Qayalaşmış daş kimi...

Bilmirsən, çox zəifəm

Qaranlıq gecələrdə

Ağrılarımdan qopub

Gözlərimdən süzülüb

Gilələnən yaş kimi...

Bilirsən...

 

 

Metastaz

 

Sözlərim

Asılıb qaldı səs tellərimə.

Deyirlər ürəkdə xərçəng olmur, amma...

Həsrətin

Metastaz verdi ürəyimə.

Deyirlər heç nə unudulmur,

amma...

Sənsizlik od vurdu bütün kədərlərə...

 

 

Torpaq kimiyəm

 

Mən torpaq kimiyəm -

Bəzən tapdayıb keçərsən,

Bəzən müqəddəs bilərsən.

Daim sən olan yerdəyəm,

Başlanğıcın, son nöqtənəm

Getsən, sənə çevrilərəm,

sən də mənə dönərsən.

Mən torpaq kimiyəm...

 

 

Mixəkli çay

 

Bitəndə tərəddüdlərin

Gələrsən,

Mixəkli çay dəmlərəm...

Hər şey bitmiş olsa,

Şəkəri çayın yanına

Bitmiş olmasa

Stəkanına salaram...

Qarışdırram aram-aram...

Sən özün sözsüz anlarsan.

Dalğan sakit olsa mən susaram

Sən də məni qucaqlarsan

Olmasa, çayın içib gedərsən...

Mən də səni uğurlaram...

 

 

Tanrım, səsin çıxar...

 

Tanrım,

Təxirə saldığın arzularımı

Nə vaxt dərkənar qoyub çin edəcəksən?

Üç onillik keçdi... Dördə az qalıb...

Daha nə qədər?

Nə qədər gözləyim xatırlamanı?

Həm də gözləməyə

o qədər möhlətim hanı?

Olsa yenə... yenə dərd yarı...

Yaradıb atmısan sən necə gəldi

Necə gəldi də tale yazmısan.

Bəlkə, həmin gün şirin yuxundan

Tərs oyanmısan...

Ya da yuxun şirin yox, qarışıq olub.

Mənim talemi də qarışdırmısan.

Tanrım,

Səsin çıxar, bilim eşidirsən.

Gözləyim, gedim, ya da nəsə de.

Arzu arzu üstə gəlir

İl ildən gedir

Ömür gün gün itir

Sən gecikirsən...

Tanrım,

Səsin çıxar, bilim eşidirsən.

Gözləyim, gedim, ya da nəsə de.

 

 

Unudursan

 

İçində əriyib gedirəm -

Miskal-miskal, zərrə-zərrə...

Unudursan hiss edirəm

Hissə-hissə...

Dilindən düşən sözlərin

Peşmanlığını çəkirsən

Bir azca sevgin vardısa

Ondan da üz döndərirsən...

Unudursan, hiss edirəm

Hissə-hissə...

Mən də hissimə od vuraram

Qoy alışsın hissə-hissə

Tutulub boğulsun hisə...

 

 

Civə

 

Xatirələr

Hərarət kimi

Qalxdı içimdə

Dərəcəsin ölçmək üçün

Termometr əlimə düşdü

Əlimdən düşdü...

Yerə dağıldı civə kimi

Xatirələr

Gümüşü rəng

Balaca dənələr

Ondan da balaca bölünər

Diyirlənər

Bütün vücuda

Gəl indi topla da...

Ələ gəlmir, dənələnir

Xatirən də bir civədir

Məhvi xırda-xırda edir...

 

 

Fikrimin içində

ud səsi gəlir

 

Səbəbsiz, niyəsiz bir gecəyəm mən...

Dedim bir az susum,

Külək qoymadı...

Qoxun burnumda dumanlandıqca

Gözüm səndən uzaq

Yuxu tapmadı...

Ulduzsuz, aysız bir gecəyəm mən...

Özümdən qaçmışam

Bilməm nəyəm mən...

Fikrimin içində ud səsi gəlir

Hissim pərvazlanır, sənə gəlirəm...

Qanadımı qırma, səni sevirəm...

 

 

Yaxşı ki...

 

Yaxşı ki, xəyallarımız var

Axıb gedən acı ömrü

Hiss etmirik, baş qatırıq...

Yaxşı ki, duyğularımız var

Gerçəklərin ağrı günü

Özümüzə qapılırıq...

Yaxşı ki, suallarımız var

Cavabsız havada qalan

Onlara min don bəzəyib

Yaşayırıq, aldanaraq...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!