Bətnə sıçrayan milyonca cövhər toxumundan biri oldu mübarək -
Kainatdan anaya, anadan yer üzünə yol buldu mütəfəkkir.
Dinməzcə dəm-dəm arındı - dumduru, bulanıq insanlar arasında,
Körpətək bəslənən qəlbini dünyanın paytaxtı qıldı mütəfəkkir.
Seçildi hər kəsdən - necə ki ün çatanda hədəfə seçilir səsdən,
Duyunca ilk nəfəsdən, çaylaq daşını köksünə aldı mütəfəkkir.
Çöhrəsi parlayan nəsnələrin cazibəsində aləm dolananda,
Çanağından çıxarıb ilkinə vardı, məğzinə daldı mütəfəkkir.
Üstündə sönmüş kürənin od parçaları dağıdırkən qurduğunu,
Təkinin nil közü sönməz insanlıq ocağında küldü mütəfəkkir.
Daşlarkən bir-birini təsdiqlərin, inkarların altındakı başlar,
Üzdən yapalaq, zehniyyəti yox məfkurələrə güldü mütəfəkkir.
Heç olmadığından yaratmaq məramında nə təriqət, nə də məzhəb.
Soy-soy ürüyən tuğ bilgələrə Ustad yükünə doldu mütəfəkkir.
Tər-qanlı vurnuxmalar içrə nəfərlər bataqlıqda qamıştək yellənc,
Süs absurdu uf demədən Axilles dabanından dəldi mütəfəkkir.
Doğramışdı ruhundan sıyrılmış bəşəriyyət özünü min tikəyə,
Tam ahəngində bir sal simfoniyatək notlara böldü mütəfəkkir.
Süzülmüş düşüncəsinə bütün zamanların ətri, şəhdi-şirəsi,
Çağdan-çağa cilasında nur dəyərlər daşıyan seldi mütəfəkkir.
Dilləndi dünya dillərini içmiş varlığın doğma ana dilində,
Azdırmadan, birbaşa Sözdən Məntiqə körpünü saldı mütəfəkkir.
Ağrısından güc alıb zil kədərin, döndərdi əzabı iztiraba,
Göz yaşların dərdi yanaqdan, şeh damlalarıyla sildi mütəfəkkir.
İliklərindən Əbədiyyət əkdi an-an gündoğardan günbatana,
Sanma öldü, hər yaz cücərən payız yarpağıtək soldu mütəfəkkir.
4 dekabr, 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!