"Şair haqqın yolçusudur" - Şeirlər. Xanəli KƏRİMLİ

 

Şair haqqın yolçusudur

 

Şair haqqın yolçusudur,

Haqq yolu kəfən yoludur.

Kəfənin özü biçənin

Yolu da Vətən yoludur.

 

"Sən özünü özündən sor".

Özünü görməyəndi kor.

Özündə özün görənlər

Haqqın elmilə doludur.

 

Surələrin "Yasin"iyəm,

Həm "Əlif"əm, həm də "Sin"əm...

"Kaf"am, "Nur"am, "Lam"am, "Mim"əm...

Ayətim şandan uludur.

 

Mən tövbələr qapısıyam,

Haqq yolun əlifbasıyam,

İmanla küfr arasıyam,

Könlüm imanın quludur.

 

Bir rübabın nəsimiyəm,

Həm pərdəsi, həm simiyəm.

Mən Haqqın divanəsiyəm,

Sözüm də Haqqın nurudur.

 

Özüm özümə qibləgah,

Həm sevincəm, həm də ki ah,

Həm savabam, həm də günah,

Hər kəs kimsə - yolu odur.

 

Şair qərib anasıdır,

Tanrının söz hanasıdır.

Nadan çətin qanasıdır,

Sən, ey nadan, qıraqda dur.

 

Bir də geri dönməyəcək bu qatar

 

Yorğun-arğın yaşadığım bu ömür

Az qalıbdı yetişə son mənzilə.

Son nəfəsin dərib duran qatartək

Fit verərək haray salır boz çölə.

 

Bir də geri dönməyəcək bu qatar,

Qalmayıbdı o yolları yoran güc.

İnadımdan, inamımdan güc alıb

Qadağalar sədlərini yaran güc...

 

Bir ömürlük yük daşıyıb bu qatar,

Nə bezikib, nə təngiyib, nə durub.

Min tufana, min borana düşsə də

Şərəfini, qürurunu qoruyub.

 

Bu ömürdən qalan miras bir odur,

Gələn gəldi, gedən getdi birbəbir.

Zaman axdı damarımdan qan kimi,

Daha məni bir addım da gözləmir.

 

Son duracaq, dayanacaq sonmudur?!

Hər sonluqda bir başlanğıc anı var.

Bundan belə yaşanacaq ömrümün

Nə əvvəli, nə axırı, sonu var...

 

Əvvəli də sirdir,

sonu da sirdir

 

Quş öz balasını yemləyən kimi

Mən də yemləyirəm şeirlərimi.

Sevinclə, kədərlə, qəmlə, fərəhlə

Bəyan eyləyirəm diləklərimi.

 

Hər dilək bir nişan, bir əlamətdir,

Onlarda ürəktək döyünür aləm.

Hər aləm içində canlı bir aləm,

Hər canlı aləmin canı da mənəm.

 

Məndə təcəlladır küllü kainat,

Məndən kənarda yox canlı bir həyat.

Sirat körpüsüyəm yaranışımdan,

Keçəcəkdir məndən cümlə mövcudat.

 

Əvvəlim, axırım bir şeydir elə,

Dönüşüm gəldiyim yerədir ancaq.

Yolumun başında qarşıma çıxan,

Yolumun sonunda qarşılayacaq.

 

Ən qədim köhnədir ən yeni təzə

Dünyanın astarı, üzlüyü kimi.

Nə qədər çək-çevir etsə də ağlım,

Çözülməz Tanrının sözlüyü kimi.

 

Haradan gəldiyim özümə ayan,

Hara gedəcəyim - Tanrı işidir.

Mənim hər zərrəmdə bir gizli ümman,

Əvvəli də sirdir, sonu da sirdir...

 

Dəlisən, dəli...

 

Sən Allahdan sağlıq istə,

Qalan şeylər bekarədir.

Tanrı sənlə olsa əgər,

Şeytan-şüytan nə karədir.

 

Cah-calalın calalı çox,

Fərəhindən məlalı çox,

Baş ağrısı, qey-qalı çox,..

Axırı da bez xarədir.

 

Var içində varsan özün,

İçindədir odun, közün,

Bu dünyaya yoxsa sözün,..

Qələm, kağız nə çarədir.

 

Çox axtardım öz-özümü,

Axırda tapdım sözümü.

Məh haqq bildim haqq dözümü,..

Haqdan qeyri - əfsanədir.

 

Halallıqdan halal yaxşı,

Hərənin var öz baxışı.

Şeir yazdım - yaz yağışı,..

Hər damlası dürdanədir.

 

Xanəli, dəlisən, dəli!..

Kürəyində haqqın əli.

Bir şeirinin əssə yeli

Yer də, Göy də viranədir!..

 

Şeirlərimi səpdim

 

Şeirlərimi səpdim

toxumluq dənlik kimi

zamanımın, xalqımın

əbədi yaddaşına,

Baharına, yayına,

payızına, qışına,

Bir də -

Şəhid qanı çilənmiş

torpağına, daşına.

 

Bəlkə, beşi göyərdi,

Bəlkə, üçü, ikisi,

Bəlkə, biri göyərdi,

Bəlkə də, heç birisi...

 

Ancaq zamanında mən,

Səpdim o toxumları -

gerçəkli gümanları,

gələcək arzuları.

 

Bacardığı bu oldu

Əvvəl-axır ömrümün,

Zülmət gecələrimin,

Ümid dolu günümün.

 

Nə ağac əkə bildim,

Nə də yol çəkə bildim,

Nə daş üstə daş qoyub

Bir daxma tikə bildim...

 

Sözü sözlə yaşatdım

Özümü yaşadantək

Nəyim var, nəyim yoxdur,

gələcək göstərəcək.

 

Söhbət

 

- Sonuncu şeirini nə vaxt yazmısan?

- Birinci şeirimi yazdığım günü.

- Sənə nə veribdir şeir yazmağın?

- Bir "baş ağrısını", bir qara günü.

 

- Eləysə, gəl at sən bu şeirin daşın,

Bir ömür yaşarsan - ağrımaz başın.

Əzizim, fikrindən, sən Allah, daşın,

Qələmdir, şeirdir mənim candaşım.

 

Mənə ümid verən, yaşadan onlar.

Onlardır şəriksiz varım, dövlətim.

Gözümün qarası, ağı da onlar,

Onlarda yaşayır sevgim, nifrətim.

 

Hər dəfə əlimə qələm alanda,

İlk sözüm, son sözüm yazılır sanki.

Birinci şeirimin həyəcanını

Yaşadır sonuncu şeirin ahəngi.

 

Həm sözə qul oldum, həm də Allaha,

Xəyanət etmədim heç birinə də.

Sözdə yaşatsam da Allah sirrini,

Vaqif olanmadım bir sirrinə də.

 

Qələmin bətnində, sözün canında

Uyuyur göylərin, yerin cövhəri.

Bir damla cövhərdə olub bərqərar

Həm Tanrı əməli, həm şeytan şəri.

 

Qələmdir ayıran haqqı nahaqdan,

Qələm tutan əlsə haqq ola gərək.

Onda nə haqq itər, nə nahaqq bitər,

Onda xoşbəxt olar - yaşar gələcək!..

 

Kolumba

 

Ay rəhmətlik Kolumb!

Sən özünü kəşf etmədən

kəşf etdin Amerikanı...

Dedilər Kolumb

kəşf edib yeni dünyanı.

Bununla da

heyrətə saldın

o vaxtkı insanı.

İndi özünü kəşf etməyə

Kolumb axtarır bəşər,

O hanı?!

Kəşf etsin

İnsanlıq adlanan

Əbədi dünyanı!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!