Şeirlər - Əlibala ƏHMƏDOV

 

Dostum Şerlok Holmsa

 

Vladimir Daşkeviçin

"Helen və Culiya"

bəstəsini dinləyərkən

 

Əlbəttə, əsrlərdir insanlar isti çörəyin

Buxarı

Tənbəkimizə doldurduğumuz

            kokainin tüstüsü və qəzetlərin

                        hamarlığı ilə

Ömrümüzdə yaranmış qabığın içində

            bu həyatı ən praqmatik şəkildə

                        yaşaya bildiyimizə inanır.

Bəlkə də, doğrudan da, eləydi...

 

Barmaqlarımız kükürdə,

            beynimiz cinayətkarların

                        şəhərin içində gəzişən

                              səssiz izinə bulaşanda

əlimizdəki baston yerə

başımızdakı papaqlar

            şkafların üstünə düşəndə

bəlkə, doğrudan da, biz bir gün

            yağış yağmayanda belə

                        boz görünən şəhərin

ürəkaçan olmasını deyil,

 

daha xoşbəxt günləri deyil,

 

üstünə fosfor sürtülən qorxunc

      it haqqındakı hekayələri gözləyirdik.

 

Bəlkə də, doğrudan da,

            dostumun zahiri ağrısızlığı

Onun daxili ağrısına heç vaxt çevrilməmişdi.

Bəlkə də, doğrudan da,

            hətta böyüdücü lupayla da

                        ömrümüzün özümüzə aid

                      görünməməsi bizi incitmirdi.

 

Və içinə ağ qızılgüllər tökülmüş suda

Çimən ətcə körpələri ağlımıza gətirmirdik...

Hansısa gənc qadının hürkmüş sifəti

Titrəyən əlləri və ümid gözləyən baxışları

Sifətlərin təkrarı

Dolub daşırdı

Həyatımızda

Amma bütün əhvalatlar fərqli və maraqlı idi.

Hadisələrin bolluğu həb udmuş

            adamların bəbəyi kimi

                        diri etmişdi günlərimizi...

 

Amma bəzi şeyləri anlaya bilmirdim...

 

Əgər, doğrudan da, biz əsrimizin ideallarıydıqsa

Əgər, doğrudan da,

            həyatımızda hər şey yerində idisə

Və mənim yazdığım əhvalatlar

Amerikada, Fransada, Rusiyada oxunacaqdısa

Eləsə niyə Holms bəzən

            yanan sobanın qarşısında

                        məndən skripka istəyirdi?!.

 

Niyə bəzən iti zəkasını və soyuqluğunu

Ona bəxş edilən hər şeyi öz lupası kimi

            çıxarıb bir tərəfə qoyurdu?..

 

Musiqinin həzinliyi içimizdəki

            yaralı yerləri necə icad edib

            əllərini onların içinə ilişdirirdi...

 

Amma hər şeyə baxmayaraq,

            kibrit çəkib barmaqlarımızı

                         kükürdlə yandırsaydılar da

Soyuqqanlı idik.

Qorxunc itlərin

Rəngi solmuş qadınların

Oğruların

Sirli hekayələrini çözüb bir tərəfə yaslananda

 

Maykroftun zəngiylə

            dincliyimizə son qoyulurdu.

 

Düşünməyə başladığımız şeylərin

            hamısı yenidən

Özümüzə aid

 

Olmayanlarla dolmağa başlayırdı...

 

 

Əsmər

 

Əsmər,

Açılan hər səhərə

Sənin körpə uşağının sevmədiyi

            yeməklərə baxdığı kimi baxıram.

Peçenye qoxusunun, şirniyyatların

xoş ətri yayılmış otağın belə,

xoşbəxt edə bilmədiyi bir uşaq kimi..

 

Heç olmasa paltarının bir parçasını,

            bir hissəsini axtarıram,

Onu iyləyərək yuxulayım, yatım

 

Bu əzablı günlərə davam etməyim...

 

Əsmər,

Zaman keçdi

Ucu ən gözəl qəsrlərə

            gedib çıxan arxların yanında

Səninlə dərmək istədiyim

            meyvələri dərə bilmədim.

İndi anaların öz balaca uşaqlarına

            qırıb verdiyini görürəm, onları

 

Xoşbəxt ola bilmirəm, amma.

 

Çox ucuz dəyərlər üstündə qurduğunu

            görürəm dünyanı, Tanrının.

 

Əsmər,

Ellada torpağının əsatirlərində yaşayan

            bir adam da olmaq istəməzdim,

                        səndən uzaqda

Və dünyanın ən sehrli

Yollarında təpələrində

Mələklərin ağzından burnuma

                        verilən nəfəs də

Sənin varlığını ruhumda əvəz etməzdi...

 

Özümə bomba bağlayıb

            partlaya da bilməzdim sənsiz

Cənnət vədini eşitmiş ağlı dayaz adamlar kimi

Çünki mənim səndən başqa

            gedəcəyim cənnət yoxdur.

Əsmər,

Nə Lüksemburq bağında

Nə də dünyanın ən gözəl tarlalarında

Artıq xoşbəxt ola bilmərəm

Qızılı rəngli torpaq kimi

            həvəs saça bilmərəm yaşamıma.

Tükənmişəm artıq.

 

Siyerva Mariyaya aşiq olmuş

            keşiş kimi edam edilərək

            ölmək də istəməzdim, amma

Günlərlə günəş altında qalmağı arzulayardım

Bişmiş heyvan əti kimi

Yanıb buxar olmasını istəyərdim qorxularımın,

Bu dünyanın rəzil olması haqqında inanclarımın,

Az qala hər nöqtəsində

            əzaba yoluxmuş ruhumun.

 

Və hər şeyin sonunda

            sənin qəlbini öpmək istərdim...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!