Tahir Taisoğlu - 70
Ovcumun içində...
Ovcumun içində böyütmüşdüm səni,
ovcumun içində... istisində -
bildirçin balası kimi.
Dimdiyinin sarısı gedənəcən
Gözlərimin kökünün sarısını
sarıbuğda kimi dənləyirdin... dən-dən...
Ovcumun içində yemləyirdim səni, böyüdürdüm,
rəngdən-rəngə düşürdün.
Gah bənövşəyi olurdun, gah qonur.
Tükləndikcə, böyüdükcə uzaqlaşırdın məndən.
Görürdüm ki, fikrin, zikrin o taydakı budaqlara baxır, qonur.
Qayıdıb gəlirdin hərdən,
Ovcumun istisi getməmişdi hələ
ayaqlarından, qanadlarından.
Getdikcə uzaqlara uçurdun.
O ormandan bu ormana keçirdin.
Civiltilərin gəlirdi, - gümrah, şən...
Harda olsam, gəlib məni tapırdın -
əziz-girami adamın kimi.
Ayırırdın adamların arasından.
Dalağım sancırdı hərdən -
bu işin sonrasından.
Uzun sürələrlə gözləyirdim səni....
Ovcumun içi səyriyirdi.
***
Rəngdən-rəngə düşdükcə,
Üstündəki boyaların tündləşdikcə
məndən uzaqlaşırdın,
Bu gedişin çiləsində sərhədləri aşırdın.
...Bu gün gəlmişdin yenə kefinin yaxşı çağında,
Gedəndə... bir də gördüm təbəssümün
düşüb qalıb süfrənin qırağında.
Elə bildim yadından çıxıb,
götürüb dalınca qaçdım...
Arxasındakı tikan batdı ovcuma... çaşdım!!
Qarışqalar vadisi
Bir-bir yol keçir yer üzündən ...uzun bir yol -
Qarışqalar yoludur bu...
Min zəhmətlə, əziyyətlə, ruzi ilə doludur bu.
Düzülüblər bir-birinin arxasına,
Qara, uzun kəndir kimi... yol salıblar bir yamacın yaxasına.
Daşıyırlar qara qışın ruzisini...
toplayırlar yuvasına.
Hərəsi öz çəkisindən, qısa, balaca ömründən
dəfələrlə ağır, iri yük çəkirdi.
Hər birisi öz yükünü tək aparır, tək çəkirdi...
Halal zəhmət, yorulmazlıq biçilmişdi boylarına,
Xırda-xırda, qırıq-qırıq ruzi, bərəkət payları
bölünmüşü günlərinə, aylarına...
Hərəsinin öz fikri var, - düşüncəsi, toyu, yası...
Başlarında görünməyən uzaqtutan antenası...
İyləyərək - çüyləyərək tapırlar yem yerlərini.
Milyon-milyon illərdi ki, yaşayırlar bu dünyada,
qoruyurlar öz ulusal sirlərini...
Dəvədən də, pələngdən də, timsahdan da,
əvvəl gəliblər dünyaya.
Bu torpağın ilk sahibi bəlkə də onlar olublar,
Yer üstündə, yer altında çox xanimanlar qurublar...
Zər qanadlı qarışqalar,
yüklü, atlı qarışqalar...
Amma gəl ki, səs-küy salan,
"mən" - "mən" deyən görməyiblər heç vaxt, heç bir qarışqanı.
Dolanıblar bu dünyanı
aram-aram, qarış-qarış...
Çox vurublar dişlərinə, yoxlayıblar hər bir yanı,
Damcı boyda qarışqanın kiçik, gizli qılafında
Ümman boyda zəhmət vardır, təkan vardır.
Onlar ücün zaman yoxdur, məkan vardır!
Qarışqalar vadisində düşüb qalmışam bir dəfə,
Qarışqalar vadisində çaşıb qalmışam bir dəfə -
Görmüşəm ki, sakit-səssiz, dayanmadan çalışırlar -
Ayırd edə bilməmişəm ağa hansı, qul hansıdır,
Əmr verən, lovğalanan çuğul, xəbərçi qarışqa, yoxdu burda,
Biri gülsə... hamısının öz sevinci... bir ölsə... hamısının öz yasıdır!
Milyon-milyon qarışqanı bərabərlik və halallıq...
bağlamışdı bir-birinə.
Rüşvət, yalan, qeybət, zina...
yasaq idi hər birinin əcdadına, tayfasına.
...Bir qarışqa yolu keçir... bu dünyadan... əsrlərdən-əsrlərə...
qədim bir yol...
zəhmət, halallıqla dolu -
Kaş... bu yola qarışaydı insanlığın yönü, yolu!..
Heç vaxt duyuq düşmədim...
Yalan sözü doğrusundan ayıra bilmədim ki,
bilmədim...
Kimsə mənə nə göz-qaşla,
nə əlinin havasıyla işarələr vermədi -
demədi ki, bu doğrudu, bu yalandı.
Çünki yalan görməmişdim körpəlikdən, uşaqlıqdan.
Bizim şəcərədə bilən olmayıb hələ
yalanın nə olduğunu,
harda, necə doğulduğunu.
İndi hər yerdə yalan sözlərdən
doğru kəlmələr qayırırlar,
çələngini də hörürlər gül-çiçəkdən.
Amma... məndən fərqli...
Bu şəhərin sınıq-salxaq erkəkləri,
düşmüş, sallaq arvadları
yalanı göydə tutub ayırırlar
gerçəkdən.
Keşkə mən də tanıya bilsəydim -
yad evlərdə doğulub,
özgə qapılarında böyüyən yalanları,
indi bütün dünyanı bürüyən yalanları,
ayıra bilsəydim... mən də...
asan olardı qalanları.
Quyumuzun dolama çarxı
Quyumuzun dolama çarxını
dolaya-dolaya,
sallayıram boğazı halqalı, taxta badyanı
quyuya -
səsi götürür hər yanı.
Taqhataq...
Quyumuzun dolama çarxını
dolaya-dolaya,
çıxardıram boğazı halqalı dolu badyanı,
quyudan.
Səssiz, lal, dinməzcə çıxır
qaranlıqdan üzü işığa gələn su...
işıqlandıqca,
üzərində nələr, nələr görünür.
Nə sözlər, nə şəkillər -
keçmiş aylar, itmiş illər, rəngbərəng fəsillər...
Suların saf, təmiz aynasından baxır mənə -
atamın qırışmış üzü,
qabarlı barmaqları,
boylanır anamın həmişə nigaran gözləri,
görünür -
göyə, Allaha uzanan əlləri, dualı dodaqları,
o suyun aynasında...
Quyumuzun dolama çarxını
dolaya-dolaya,
kəndirini çəkirəm,
su çıxardıram, aram-aram...
Dolu badyanda lap yaxından eşidilir
uzaq xatirələrin səsi.
Həm də... çıxır üzə qərib qonaq,
yol keçən,
bir qaşıq su istəyən,
Allah bəndəsi...
Sirli kaktus
Çox adamın evində,
gözünün qabağında
buğum-buğum, qətrə-qətrə böyüyür,
böyüyə-böyüyə də balalayırdı,
yumurlanıb düşürdü yerə körpələri,
yumru-yumru, iynəli "kirpiləri" -
yanında nə vardısa yaralayırdı.
Hər tikanının altında, öz qılafında bir sirr yetişirdi,-
yekəlirdi, şişirdi...
Guya ki, evdə bu gözmuncuğuydu,
Guya ki, qoruyurdu adamları bədnəzərdən, pis gözdən.
Yamyaşıl tikanları həmişə diri,
ayıq-sayıq -
nizə kimiydi hər biri.
Axşamlar tikanlarını gözləri kimi yumar,
Guya ki, heç nəyi görməzdi, eşitməzdi,
Mürgüləyər, yatardı.
İmansız qarı kimi qısılıb bir küncə
büzüşərdi kipkirimişcə.
Dəyməyənə dəyməzdi,
amma... əl vuranda tikanları barmağına batardı.
Təmkinli, ləngtərpənən, fəqət...
hər sözə, hər xəbərə qulağını şəkləyən,
gedəni yola salıb, gələnləri bəkləyən!
Həmişə evin içində,
hamının qulağının dibində -
sirr dağarcığı - kaktus!
Çox nəsnələrdən xəbərdarsan... bilirəm,
Amma hələ ki sus, bir az da
sus, sus, sus...
Bir qılcıq sünbül...
Tərəzinin bir kəfəsində bir qılcıq sünbül,
O birində bir tel Günəş şüası...
Biri gözə dəymirdi, biri görünürdü əlbət.
O idi ki... tərəzinin gözləri bir-biriylə üz-üzə
Dimdik-dimdiyə durmuşdu -
dübbədüz, halal, hümmət.
Görünməyən kəfəsində qalmışdı mənim gözüm,
mənim nəfəsim.
Birinin sorağın xırman yeri dayanmışdı,
Birinin üstündə ucsuz-bucaqsız səma!
Görünən də, görünməyən də
burada bir-birilə,
bərabər idi, amma...
Saman çöpü haqqında ballada
Bir saman çöpünü görürdüm tez-tez,
Xırmanda minlərin, milyonların içində öz fabulasına görə seçilirdi.
Nədənsə, gözüm tutmuşdu onu.
O da elə bil mənə hərdən baş qaldırıb baxırdı.
Ayırırdım cürübbəz gövdəsini, bir qarış boyunu
yoldaşlarının arasından, -
sarısından, qarasından.
Tanıyırdım onu çoxdan.
İpə-sapa yatmırdı,
Odda yanmırdı, suda batmırdı.
Bir də yanmalı, batmalı nə canı vardı, nə cəsədi.
Bəlkə ona görə də nə qəfil seli sayırdı, nə kəmfürsət küləyi.
Xırmanın bu başından vurub, o başından çıxırdı.
Bu yerlərin xal vurmuş tüləyi idi, tüləyi.
Axır...
bir gün gördüm yaxındakı çayın sularında axır -
sevincindən atıla-atıla, fit çala-çala.
Elə bil xırmandakı saman çöpü deyildi,
Küləklərin fitvasıyla cəlayi-vətən olsa da
nə rəngi qaçmışdı,
nə də gözünün kökü saralmışdı.
Şivəsindən bilinirdi kefi sazdır,
Bir də ki... saman çöpüdür... ona nə var -
Gedib çıxacaqdı bir yana,
sular boyu axa-axa, sallana-sallana...
Qorxusu bircə suda batandan,
suda boğulan insanlardan idi!
Səydəş bir tısbağa yerişiyə yol getmirdi, yox,
İti axan suların qoynunda şəstlə axırdı,
hünərlə üzürdü,
Suların mavi səmasında quş kimi süzürdü...
Elə bilirdi dünya başınadır,
Özü yüngül, içi boş... amma damağı dolu, kefi çağ!
- Sən özünü düşün, ay kirayədə yaşayan alim baba, -
o gedib bir yana çıxacaq!
Ardıc ağacının tüstüsünə oxşayan o bəyaz qız...
Təkcə mən qızlardan ayırırdım onu,
Təkcə mən görürdüm onun boy-buxununu,
üz-gözünü.
Yanağı dişlək alma kimiydi -
Ona görə də qaçırdı hamıdan.
Adam görəndə allanırdı sifəti,
Hələ-hələ başını qaldırıb heç kimin üzünə baxmazdı.
Hələ-hələ ara - bəsərə çıxmazdı -
Gah görünən, gah da bulud örtən
Ayın bir üzüydü,
Bəzən də elə Ayın özüydü.
Yuxarı məhəllənin gözəl, sifayı bir qızıydı.
Bizim aşağı dərə məhləsinə də gəlib çatmışdı
gözəlliyinin, kamalının sözü, şöhrəti...
Möhtəşəm bir aldanışla üz-üzə, göz-gözə idi,
Onun yaşamındakı bu oturaq həyat tərzi
ata-anasını üzürdü -
Ərə getmək, gəlin köçmək fikri yox idi...
Eşqi, xəyalı ardıc ağacının tüstüsü kimi
evlərinin bacasından çıxıb göylərdə
əzilə-əzilə,
büzülə-büzülə gəzirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!