Salam, hörmətli Azər Turan!
AYB-nin orqanı olan "Ədəbiyyat qəzeti" ölkəmizin dünəni və bugününün ədəbi salnaməsini özündə əks etdirən ən dəyərli mətbuat orqanıdır. Artıq neçə illərdir ki, sizin baş redaktorluğunuzla nəşr olunan bu qəzet öz aktuallığı, zənginliyi və özünəməxsus ədəbi-fəlsəfi siması ilə diqqəti cəlb edir. Qəzetin səhifələrində ədəbiyyatımızın tarixi gerçəklikləri ilə yanaşı, dünyanın və ölkəmizin bugünkü ədəbi mənzərəsi də obyektiv olaraq əks etdirilir. Ən uğurlu addımlardan biri də qəzetin səhifələrində bölgədə yaşayan istedadlı yazarlara xüsusi diqqət ayrılmasıdır. Bu cür insanların çap olunub tanınmasında qəzetin xidməti əvəzsizdir.
Sizin rəhbərliyinizlə qəzet özünün intibah dövrünü yaşayır desəm, yəqin ki, yanılmaram. Məhz bu səbəbdəndir ki, "Ədəbiyyat qəzeti" hər birimizin sevimli, çapını həsrətlə gözlədiyimiz bir qəzetdir.
Hörmətli Azər müəllim!
AYB Lənkəran Bölməsi olaraq əsas məqsədlərimizdən biri bölmənin əhatə etdiyi cənub bölgəsində yaşayan istedadlı yazarların, xüsusən də gənclərin üzə çıxmasına, ölkə miqyasında tanınmasına nail olmaqdır. Bu istəklə bölgəyə daxil olan rayonlarda yaşayıb-yaradan bu cür yazarların seçilən əsərlərini çap olunmaq üçün sevimli qəzetimizə təqdim etmək qərarına gəlmişəm. Sizə müraciət etməkdə də məqsədim bu istəyimizə yardımçı olmağınızdır.
İlk olaraq Lənkəranda yaşayıb-yaradan ikisi gənc olmaqla dörd şairin şeirlərini sizə göndərirəm.
İnanıram ki, həmişə olduğu kimi yenə də prinsiplərinizə sadiq qalaraq ədəbiyyatımız naminə bölgədə yaşayan bu istedadlı şairlərə qayğınızı əsirgəməz, əsərlərinin qəzetdə çap olunmasına yaşıl işıq yandırarsınız.
Dərin hörmətlə,
Qafar CƏFƏRLİ
AYB Lənkəran Bölməsinin sədri,
yazıçı-publisist
Ziyafət YƏHYA
Doyunca
Bir ruh baş götürür göylərə sarı,
Baxıb arxasınca, ah çək doyunca.
Bu qərib sevgini sinəmin üstə,
Dağlartək sırala, dağ çək doyunca.
Dara çək bu eşqi buz əllərinlə,
Yerdən ayağını üz əllərinlə.
Tutub kəndirini öz əllərinlə
Gözün baxa-baxa, bax, çək doyunca.
Ruhunu qucaqla solan bu eşqin,
İzini dünyadan silən bu eşqin.
Qolunda can verib ölən bu eşqin
Boyuna kəfən biç, ağ çək doyunca.
Yadına düşsəm
Bu gecə ən şirin xəyallarımdan,
Yuxuma şirinlik mən qatammadım.
Qovruldum içimdə mən için-için,
"İlan vuran yatdı, mən yatammadım".
Nəmli kirpiyimi sıxdım yastığa,
Göz yaşım yastığa əksini yazdı.
İşığı soyumuş bəbəklərimdə,
Həsrət sevgimizin qəbrini qazdı.
Sübhəcən can verdi gözümdə yuxu,
Ürəyim bir qara sirr daşı oldu.
Bu sevgi dəfn oldu bəbəklərimdə,
Gözümün qarası başdaşı oldu.
İsinmə həsrətin buz nəfəsinə,
Mənim yoxluğumdan bir gün üşüsən.
Bu eşqin qəbrinə - gözlərimə gəl,
Gülüm, bir gün əgər yadına düşsəm.
Bu qız
Sıxıb sinəsinə eşqin özünü,
Tor çəkib, kor edib eşqin gözünü.
Yığıb ətəyinə eşqin közünü,
Məni yandırmağa yol gəlir bu qız.
Gah alışır ağlım, gah sönür ağlım,
Gah Kəbəni tutur, gah dönür ağlım.
Gözəllik önündə gah sınır ağlım,
Məni sındırmağa yol gəlir bu qız.
Səmada iz salır sinəmin ahı,
Asıb sinəsindən bir cüt günahı.
Canımda, qanımda gəzən Allahı,
Mənə dandırmağa yol gəlir bu qız.
Bəlkə də ruhumun nazıdı elə,
Bəxtimin şəkəri, duzudu elə.
Bəlkə də Tanrının özüdü elə,
Məni qandırmağa yol gəlir bu qız.
Bağışla məni
Bilmədim kim idim, bilmədim nəydim,
Dünən güldən zərif qəlbinə dəydim.
Nələr çəkdiyimi kaş ki, biləydin,
Yorub öz-özümlə vuruşlar məni.
Bağışla, sən Allah, bağışla məni.
Köksümdən od aldı dünya alışdı,
Ruhum alovlanıb canımdan uçdu.
Şimşək göyü yardı, bulud toqquşdu,
Yaman döyəclədi yağışlar məni.
Bağışla, sən Allah, bağışla məni.
Tanrıdan bu eşqə çağırılmışıq biz,
Eşqin torpağından yoğrulmuşuq biz.
Gizli görüşlərdə qovrulmuşuq biz,
Görüş yerlərimiz qarğışlar məni.
Bağışla, sən Allah, bağışla məni.
Zirvələr qət edib aşan arzular,
Odlu sinəmdəki daşan arzular.
Dəli dalğalartək coşan arzular,
Daşqalaq eyləyib bağışlar məni.
Bağışla, sən Allah, bağışla məni.
Yorğun gözlərimdən yuxum çəkilib,
Zülmət bağçasında qorxu əkilib.
Güzgüdə gözümə gözüm dikilib,
Öldürür lal baxan baxışlar məni.
Bağışla, sən Allah, bağışla məni.
Bilirəm
Ömrümüzdən qopub gedən bu günlər,
Ay olacaq, il olacaq, bilirəm.
Damla-damla həsrət damır gözümdən,
Dama-dama göl olacaq, bilirəm.
Sevgimizə bulud-bulud dərd yağır,
Dərd verməkdən niyə bezmir dərd axı?
Gözümüzdən bu dünyaya dərd axır.
Axa-axa sel olacaq, bilirəm.
Qorxu nədir, hələ danır bu sevgi,
Məhəbbətlə alovlanır bu sevgi.
Dodaqlarda köz-köz yanır bu sevgi,
Yana-yana kül olacaq, bilirəm.
Əhməd HAQSEVƏR
Akrostix sonet
Su kimi çiləyib alın tərini
Azəri dilində cücərtdin təmiz,
Böyük Şekspirin nəğmələrini
İndi doğma dildə oxuyuruq biz.
Rəndələyib yondun hər əsərini.
Millətin gözündə övladsan əziz.
Ustadlar içində tapdın yerini.
Sənət zirvəsində möhürdür o iz.
Tərifə layiqdir yazdığın şeir,
Aldığın qiyməti bütün xalq verib,
Fitri istedadın danılar çətin.
Aylar sıralanır, illər ötüşür,
Yadıma ingilis soneti düşür
Adın çəkiləndə həmişə sənin.
Qoruyaq yaxşılıqları
Sonet
Söyüddən kəsilib atılsa birdən
Torpağın üstünə neçə qol-budaq,
Olan-qalan suyu sovurub yerdən
Meyvəsiz ağacla ətraf dolacaq.
Çətinlik çəkmədən artır gərəksiz,
Qalır qayğı sevən nəzərdən kənar.
Sevinir həyatda çox vaxt məsləksiz,
Nəvaziş görürmü xoş məramlılar?
Yamanlar yaşayır gününü rahat,
Faydalının ömrü bərbaddır, heyhat,
Könül şadlandırır bəhəri, barı.
Ürək arzulara qoy olsun bələk,
Xeyir verənlərin qədrini bilək,
Qoruyaq dünyada yaxşılıqları.
Anana
Sən ananın yaranmısan canından.
Əzab çəkib, qovuşduqca an ana.
Övladını ana heç vaxt unutmaz,
Övlad gərək ananı hər an ana.
Sən olmusan ananın ən yaxını,
Sənə verib ürəyinin yağını.
Zərbə vurub xatırlatma yağını,
Düşünmə ki, ana kimdir, ana nə.
Axı, övlad olur üzə nədən ağ?
Bəzən yad qız çəpər olur, nə danaq.
Gəl üzünə olma onun, nadan, ağ,
Yenə səni düşünür hər an ana.
Bir zamanlar həyat çaytək axırdı,
Yox, demirəm indi sondu, axırdı.
Yaşa dolub, ona bir az ağırdı,
Laqeyd olma daim səni anana.
Oğul, olma öz üstündən ad atan,
Əməl göstər daşıdığın ada tən
Haqsevər də bir söz deyir adətən;
Qədrini bil, hörmət elə anana.
Ziya DİLSUZ
Allahın adama yazığı gəlmir
Daha düşüncələrə də yoxdu etibar,
Dəli olmaq ümidlərin günbəgün artar.
Təxirə sala bilmirsən dərd çəkməyi,
Tanış kədərlər məhv edir hər şeyi.
Gələ bilmirsən gizli duanın öhdəsindən,
Qaçmaq istərsən sanki ölüm növbəsindən.
Yoxdu yaşamaqdan böyük işgəncə,
Yaşamaq xəyaldı ölümdən öncə.
Onsuz da, adamlar öləndə ölmür,
Allahın adama yazığı gəlmir.
Ömür ki ötən günlərə təəssüflənir,
Kirimiş şübhələr danışır, dinir.
Tənhalığını alqışlamağa məcbursan,
Sevəcəksən, bir az xoşbəxtlik uydursan.
Sevgi qarşısını almaq deyil mümkün,
Demə, özgə kimiyəm mən özüm üçün.
Özümə daha da gəlir yazığım,
Mənim Allaha da gəlir yazığım.
Bu sıxıntılar bir gün bitmək bilmir,
Allahın adama yazığı gəlmir.
Heç kim birdən-birə
dəli olmur ki
Sən oldun, olmadın mənim ömrümdə,
Hələ çox günah da yaşayacağam.
Mən bu gün ölməyi arzulamışdım,
Qorxuram sabah da yaşayacağam.
Çəksən, öz dərdini çək, qarasaçlım,
Dünyanın dərdləri sənə qalmır ki.
Sən gedəndən sonra mən də beləyəm,
Heç kim birdən-birə dəli olmur ki.
Nə zaman gəlmişdin mənim ömrümə,
Mən səni ha yanda itirdim, qadın?
Gör neçəsi sevdi səni, amma ki
Mən səni şeirə gətirdim, qadın.
Hər şey əleyhinə işləyir sanki,
Zaman da sağaltmır yaralarını.
Göy üzü Tanrının qulaqlarıdı,
Pıçılda ən gözəl dualarını.
Qatiltək görünür
gözümə hər kəs
Nə qədər görünsən güclü, əzmkar,
Səni tənhalıqlar bir gün yıxacaq.
Yaman üşüyürsən, narahat olma,
Harda olsa Günəş gəlib çıxacaq.
Bir kimsə sevinə bilmir yanımda,
Baxır qəmli-qəmli üzümə hər kəs.
Sonuncu ümidim öldükdən bəri
Qatiltək görünür gözümə hər kəs.
Gəl bu ayrılığa haqq qazandırma,
Axı yanlış oldu verdiyin qərar.
Təsəlli bilirsən nədi mənimçün?
Hər xatirəmizdə sənin imzan var.
Yenə təbiətdən narazı qalıb
Sənsənmi inciyən, sənsənmi küsən?
Torpağa tələsən bu yağışları
Xilas et ağappaq buludlardan sən.
Sənin yaddaşından
yaxınam sənə
Səndə ki sərkərdə cəsarəti var,
Nədi fədakarlıq sənin gözündə?
Hardasan, tez uzat yardım əlini,
Ulduzlar boğulur göyün üzündə.
Ən güclü qadınsan Yer kürəsində,
Axı maneələr səni qorxutmur.
Söykə dodağına öz dodağını,
Nəfəs ver, Günəşin nəfəsi çatmır.
Mənim yanımda ol, yoxsa görərsən,
İntihar eləyib bir gün ölərəm.
Əgər sən olmasan, elə özümü
Mən öz içimdə də asa bilərəm.
Sənsiz arzular da iflicdi, sanki
Qırılıb ayağı, yeriyə bilmir.
Bütün bədənimi səs-küy bürüyüb,
Qışqıran ümidlər kiriyə bilmir.
Gərəyin oldummu, ay qarasaçlım,
Nə vaxtsa ehtiyac duydunmu mənə?
Məni xatırlama uzaqlıqlardan,
Sənin yaddaşından yaxınam sənə.
Ən gözəl qəbir
Nəsə sevindirmir şair ömrünü,
Əzəldən ömrünə qəm hakim idi.
Hardan tapmaq olar, heyif deyilmi
Şair darıxmağı, şair ümidi?
Azmaq istəmərəm yolumu daha,
Məni uzaq saxla qəlbiqaradan.
İlahi, gəl sənlə qumar oynayaq,
Uduzub dərdimi çıxım aradan.
Qazanan kim oldu, bilə bilmədim,
Baxdıqca keçmişə oldum itirən.
Dualarım qəbul olası idi,
Harda bulaşmışdım günaha, görən?
Çətin indən belə acı həyatda
Mən qədər kimsənin səbri olacaq.
Ölsəm arzularla, yatdığım qəbir
Dünyanın ən gözəl qəbri olacaq.
Göz yaşının kölgəsi
Sən sevdirdin çiçəklərə
Təkbaşına böyüməyi.
Sən öyrətdin ağaclara
Soyuqlarda üşüməyi.
Sən bütün gözəlliyini
Saxla bu gün, sabaha da.
Hər yağdıqca yağış səni
Gözəlləşdirir daha da.
Qurtul qəmin, kədərindən,
Xoşbəxtliyə elə səfər.
Məğlub edək şübhələri,
Arzuların çalsın zəfər.
Rədd et çılğın dalğaları,
Olma dəniz həvəsində.
Dənizlər gizlənə bilər
Göz yaşının kölgəsində.
Həyatdan yorulmuş ömrüm
Həsrətinlə üz-üzədi.
Xatirən qədim olsa da,
Əsas darıxmaq təzədi.
Sənsizlik də müqəddəsdi
Əlbət, səni xatırladar
Qəlbimdəki hər bir yara.
Bu amansız darıxmağın
Əlindən qaçasan hara?
Dön, sənə qurban eləyim
Yalnızlaşmış bu bədəni.
Ya tələsdim, ya gecikdim,
Vaxtında sevmədim səni.
Ağır yük kimi çiynimdə
Dərdlərini daşımaq var.
Keyimiş xəyallarınla
Bu gecəni yaşamaq var.
Hey artdıqca zülmün mənə
Dillərdə çəkilər adın.
Bəxtsizlikdən gileylənmə,
Səadətdən qorxan qadın.
Sevgim ötəri hiss deyil,
Bu möhtəşəm bir həvəsdi.
Sənsizlikdə "sən" sözü var,
Sənsizlik də müqəddəsdi.
Xaqani MUĞAMATOĞLU
Üçrəngli bayraq
Mehmet Akif Ərsoyun
"İstiqlal marşı" şeirinin işığında
Al üzü torpağımın parlayacaq gündüzüdür,
Yaşılı dağlarımın zirvəsidir, gül düzüdür.
Mavi rəngi Xəzərin, Türk elinin güzgüsüdür.
O mənim millətimin bayrağıdır parlayacaq
Yüksəlib, enməyəcək bir kərə qalxan bayraq.
Parlayan sinəsi üstündəki ulduz-baharın,
Dalğalandıqca gülər gül qoxuyan arzularım.
"Qarabağ" zirvəsi üstündə duran Xan Çinarın
Kök salıbsansa, göyər zirvədə yarpaq-yarpaq,
Yüksələn sərv ağacımsan, göyə qalxan bayraq!
Neçə ər qollu oğul boynuna salmış qolunu,
Göydələn dalğasıdır göstərən haqqın yolunu
Ana Tomris ta əzəl bəsləmiş eşqiylə onu
Yüksəlib, yüksələcək enməyəcək, qopmayacaq,
O mənim millətimin bayrağıdır, parlayacaq.
Cəfərin "Od gəlini", Müşfiqimin nəşəsidir,
Üzeyir, Cavidimin, Əhmədimin nəğməsidir,
O mənim torpağımın tarixinin haqq səsidir,
O mənim millətimin bayrağıdır, parlayacaq,
Al-qızıl, mavi, yaşıl şölələri gurlayacaq.
Bir könül parçasıdır Azərbaycan elinin,
Canı qurban diləyən candan olan can elimin,
Odlu rənglərlə bəzənmiş ulu Turan elinin
Yolu haqq, dalğası haqq,
dildə gəzən nəğməsi haqq
O mənim millətimin bayrağıdır, parlayacaq
O mənimdir, o mənim millətimindir ancaq.
Göyərmə
Musa Yaqubun "Bu dünyanın
qara daşı göyərməz" şeirinə
Sevinc səmalarda quşa dönübdü,
Nisgil quş gözündə yaşa dönübdü,
Yaş axıb torpaqda daşa dönübdü,
Bu dünyanın qara daşı, göyərmə!
Vətən daşları da vətəndaşlaşır,
Vətəndaşlarından məhəbbət daşır.
Məhəbbət göyərir, həsrət daşlaşır,
Bu dünyanın qara daşı, göyərmə!
Çıxıb daşlığından boş olmamaqçün
Boş olub özünə xoş olmamaqçün
Özünə xoş olan daş olmamaqçün
Bu dünyanın qara daşı, göyərmə!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!