"Mənə bir dünya verin, Bu dünyadan uzaqda..." - Şöhlət ƏFŞAR

 

Mənə bir dünya verin,

Bu dünyadan uzaqda.

Bir başqa dünya verin,

Elə başqa dünya ki,

Orda bütün fəsillər,

Həmişə bahar olsun.

Bir bahar ki, al-əlvan,

Əbədiyyən yamyaşıl,

Çəmənləri laləzar,

Gülləri, çiçəkləri,

Nə qurusun, nə solsun.

Elə lətif dünya ki,

Dağları zər-zibalı,

Yaylaqları səfalı,

Bulaqları dupduru,

Can cövhəri, şəfalı.

Yalçın qayalarında,

Qartallar azad, məğrur,

Daima qanad çalsın.

Kəsilməsin qıy səsi,

Olmasın əndişəsi.

Nə bir zalım ovçunun,

Oxundan yara alsın.

Nə də qəfil açılan,

Od saçan güllələrdən,

Səksənib lələk salsın.

Hüzur olsun orada,

Olmasın bir dərd-qada.

Nə Cənnətdən qovulmuş,

Öz nəfsinə qul olmuş

Adəmlə Həvva olsun.

 

Nə şər olsun, nə İblis,

Nə gözlər yaşla dolsun.

Olmasın Lut tayfası,

Nə də Nuhun nifrini.

Orda nə yer, nə səma

Eşitməsin, bilməsin,

Fironların küfrünü.

İnsanı düşmən edən,

Min yerə bölən, seçən...

İstəmirəm "din"ləri.

Əllərini öpdürən,

Tanrıya şərik qoşan,

Yalançı möminləri.

Orda nə sərvət olsun,

Nə qızıl, nə də ki, pul.

Nə şah olsun, nə sultan,

Nə ağa, nə də ki, qul.

Olmasın orda fasiq,

İftiralar, yalanlar,

Nə zənnə qapılanlar.

Dövlətləri, xalqları,

Bir-birinin canına,

Fitilləyib salanlar.

 

***

Bir dünya istəyirəm, -

Orda hiylə olmasın.

Dağıtmayaq, pozmayaq,

Tanrı qoyan mizanı.

Ummuram, istəmirəm,

Nə yerdə, nə göylərdə,

Oyunu, pəstəhanı.

İstəmirəm fənd ilə

Qarışdıraq aləmi.

İstəmirəm faciə,

Fəsad törədən elmi.

Nə raketlər düzəldək,

Nə Aya, Marsa gedək.

 

Çıxaraq başımızdan,

Sərsəri fikirləri.

Narahat eləməyək,

Başqa planetləri.

Yer qalsın öz yerində,

Fırlansın məhvərində

Göylər də göydə qalsın.

Nə "uçan boşqab" gəlsin,

Yerdə dəhşət yaradıb,

Nə bizi dərdə salsın.

 

***

Bir dünya istəyirəm, -

Orda ədalət olsun.

Nə qanunlar yazanlar,

Nə də ki, dövlət olsun.

Bir dünya istəyirəm, -

Dünya hamının olsun.

Zorbalar arasında,

Pay-pürüşt edilməsin.

Canı bir, damarı bir,

Dağlar, düzlər, meşələr,

Zor ilə bölünməsin.

Dünya hamının olsun,

Nə məftillər çəkilsin,

Nə sərhədlər qoyulsun.

Orada azadlığa

Heç bir hədd qoyulmasın

İnsanlar hürr və xoşbəxt...

Fikirlərə qadağa,

Təqib, kabus olmasın.

Nə cəllad, nə də qatil,

Nə zindan, nə də hakim,

Nə də məhbus olmasın.

 

***

Bir dünya istəyirəm, -

"Video"suz, "telsim"siz,

"İnternet"siz, "madem"siz.

 

Bir dünya istəyirəm, -

"NATO"suz, "BMT"siz.

Rembosuz, Ladensiz.

Bir dünya istəyirəm, -

Əli yalın, silahsız.

Sinəsi paramparça,

Məhşər Xirosimasız.

Yer üzündə qırğına

İnsan faciəsinə,

Günahsız körpələrin

Ahına, naləsinə,

Haqlının haqq səsinə

Soyuq, biganə olan.

Xocalının qətlinə,

Fələstinin dərdinə,

Səssiz-səmirsiz qalan,

Dünyanı istəmirəm.

Ölüm saçan silahlı,

Əli atom bombalı,

İmperiya zopalı

Saxta "ərəb bahar"lı...

Dünyanı istəmirəm.

 

***

Bir dünya istəyirəm, -

"Əl-qaidə" olmasın.

Bir dünya istəyirəm, -

"ASALA", "CİA" olmasın.

Bir dünya istəyirəm, -

"Bankir"siz, həm də pulsuz.

Xalqları dərdə salan

Gizli, aşkar "kulub"suz.

Haqqın mizanın pozan

Həm "boss"larsız, "mason"suz.

Bir dünya istəyirəm, -

Orda heç bir insanın

Ömrü vaxtsız solmasın.

 

Bir dünya istəyirəm, -

Tərəzi düz, mizan düz.

Bir dünya istəyirəm, -

"QİÇİS"siz, "ağ ölüm"süz.

Bir dünya istəyirəm, -

"Faşist"siz, "sionist"siz,

"Nasist"siz, "şovinist"siz.

Bir dünya istəyirəm, -

Qatil "daşnaksütun"suz,

"Miatsum"suz, "panrus"suz.

Bir dünya istəyirəm, -

Bəşəri diz çökdürən,

Həyatı iflic edən,

"Korona"sız, "virus"suz.

Aman, bu mənfur dünya

Bilməsin o dünyanın,

məkanını, yerini.

Oynatmasın, pozmasın

İrzini, şərəfini.

Günahkar bu dünyanın,

Qana batmış əlləri

O dünyaya çatmasın.

Kaftar bu dünya kimi

Mənim bakirə dünyam

Günahlara batmasın!

 

04.06.2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!