"Dəmir yumruq" dastanı" kitabının ikinci hissəsindən səhifələr - Zahid XƏLİL

 

 

"Dəmir yumruq"un səsi

 

"Dəmir yumruq"un səsində

Tükənməyən bir sevgi var.

İnsanı göyə qaldıran

Qəhrəmanlıq ahəngi var.

 

Düşmən naxələf cıxsa da

Dayanmır, bir daha gedir.

Bu torpaqda bütün yollar

Bir xoşbəxt sabaha gedir.

 

"Dəmir yumruq"un səsindən

Günəş gülür, dan sökülür.

Onun ilıq nərəsindən

Dünyaya sevgi tökülür.

 

"Dəmur yumruq"un səsində

Qalxıb ucalmaq eşqi var.

Yaratdığın əsərlərdən

Çönüb güc almaq eşqi var.

 

"Dəmir yumruq"un nərəsi

Sülh istəyən ən güclü səs:

- Deyin, hardan yaranıbdı

Vurub dağıtmağa həvəs.

 

Qoyun bulaqlar çağlasın

Kəsin hərbin nəfəsini

Qoymayın insan ağlasın.

Batırın tank nərəsini.

 

Topun, tüfəngin səsindən

Yer üzü gəlibdi zara.

Bax, Şəhidlər xiyabanı

Hər qəbir sağalmaz yara...

 

Qurub yaratmaq həvəsi

Bu səsə tuşlanıb gedir.

Heyif ki, bu qoca şair.

Vaxt ötür, yaşlanıb gedir.

 

 

Qarabağın yolları

 

Qarabağın cığırları

Yolları şəhid olmuşdu.

Bir zaman bizə uzanan

Qolları şəhid olmuşdu.

Ağlamadı, sızlamadı

Yollar elə mərd sağaldı.

44 günlük qələbəylə

30 illik dərd, sağaldı.

 

Belə döyüş görməmişdik

Dünən bitən savaş kimi.

Düşür payız yarpaqları

Başımıza şabaş kimi.

 

Qarabağda yoxa çıxıb

Oğru yolu, qaçaq yolu.

Biz oraya çəkdiririk.

Dəmir yolu, uçaq yolu.

 

Zəngəzurda kükrəyəcək

Qatarların şaqraq səsi.

O yolları cəkdiribdi

"Dəmir yumruq" iradəsi.

 

Kəsir qırmızı lentləri,

Fəxrlə süzür yolları.

Yaranan hər magistral

"Dəmir yumruq"un qolları.

 

Dağın içindən yol açmaq

İti ağıllardan gəlir.

Maşınlar çıxır tuneldən

Sanki nağıllardan gəlir.

 

Yollar dağlara uzanır.

Qayıdıb dağın vüqarı.

Yazında gülü qayıdıb

Qışında kəhrəba qarı.

 

Yollar gedir çəmənliyə

Çölün gülüşü qayıdıb.

Arıların vızıltısı

Gülün öpüşü qayıdıb.

 

Yollar göylərə dırmaşır

Uçaqların qanadında.

Təzə bir dünya qurmağa

"Dəmir yumruq" inadında

 

 

Füzulinin məzarı yəqin,

gül-çiçək açdı

 

Uçaq limanı açdıq

Füzuli şəhərində.

Hər şey yerli-yerində

Hər şey öz təhərində.

 

Dünyanın uçaqları

Süzüb gəldi Qu kimi.

Axışdı üstümüzə

Dostluq məktubu kimi.

 

"Dəmir yumruq" Günəştək

Şölələndi, açıldı.

Ürəyinin işığı

Yer üzünə saçıldı.

 

Uçub gəldi dostumuz,

Ər oğlu ər Ərdoğan

Bütün uğurumuza

Tam səfərbər Ərdoğan.

 

Dayandılar vüqarla

İki rəhbər, iki ər.

44 günlük döyüşdə

Hər ikisi müzəffər.

 

Cənab İlham Əliyev

Bal qatdı sözlərinə

Günəş işığı gəldi

İlahi gözlərinə

 

Qucaqlaşdı qardaşlar,

Qucaqlaşdı ər kimi.

Yanaşı dayandılar

İgid əsgərlər kimi.

 

Sanki bir cüt çinardı

Təyyarə meydanında.

Necə də xoşbəxtdilər

Bir-birinin yanında.

 

Durublar ədalətin

Bir cüt mayakı kimi.

Nur saçırlar bu elin

Yanar çırağı kimi.

 

Zirvədə qanad çalan

Bir cüt al bayraq durur

Yerdə ucadan uca

İki nəhəng dağ durur.

 

Dayandılar yurdumun

İki igidi kimi

Kəsildi qırmızı lent

Düşmən ümidi kimi.

 

Qarabağ torpağını

Təzə sevgi bəzədi.

Salonlarda vurulan

Şəkillər də təzədi.

 

Baxın, ulu öndərin

Nur tökülür üzündən

Bu bayram təmtərağı

Qaçmayıbdı gözündən.

 

Axı çiçəkləyibdi

Otuz illik arzusu.

Xoşbəxtdi Qarabağda

Doğan günəş, axan su.

 

Səhərəcən çal-çağır...

Gözlərdən yuxu qaçdı.

Füzulinin məzarı

Yəqin, gül-çiçək açdı.

 

28.10.2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!