"Həyat başdan-başa şeirdir..." - Kənan HACI. Şeirlər

 

Saqinamə

 

Şeyx Nizaminin ruhuna

 

Ey göylərin saqisi,

mey süz könül camına.

Mənim kimi naqisi

yetir eşq məqamına.

 

Mən rindlər küçəsinin

avarəsi, sərxoşu.

Kirpiyimin meyvəsi

meyvələrin meyxoşu.

 

O, fələk süfrəsinin

ən dadlı azuqəsi.

Eşq xəzinəsinin

qiymətli dürdanəsi.

 

Beldə xidmət kəməri,

hüzuruna gəldim mən.

Qəlbdə eşqin şərəri,

əldə badə, gəldim mən.

 

Hüsnün gözə görünməz,

vəslin hicranda gizli.

Qafillər səni bilməz,

danarlar aşkar, gizli.

 

İtir məni dünyadan,

özümü səndə tapım.

Qaçanda hər günahdan,

qoy açıq qalsın qapın.

 

Ey göylərin saqisi,

mey süz, içim, ayılım.

Bu günahlar vadisin

atım, ondan ayrılım.

 

Gündüzüm şam olunca

sən gözə görünürsən.

Mey süz mənə doyunca,

aç mənə sirrini sən.

 

 

Zamanın qəhqəhəsi

 

Zaman sol tərəfdən

keçir hücuma,

nəfəs yollarında tıxac yaranır,

zaman sağ tərəfdən keçir hücuma,

qaraciyərində

ağrı oyanır...

yaşadım birtəhər

ağrılarla yanaşı,

bilmirəm ömür qısalır,

yoxsa uzanır,

bircə onu bilirəm ki,

hər ayrılıq özünə bir liman tapır,

qorxu yol tapırsa qəlbə,

şübhə sanki bədəndə bir qəlpə,

ölüm hazıra nazir olur.

Deyir ki, həyat müəllimi:

sən həmişə Ümid dərsindən

beş alırdın,

fəna fasiləsində nədir bu çırpıntı?

Zamanın səninlə işi yox,

sən

qorxunun mühasirəsindəsən,

düşmənini tanımayanda

uduzur insan,

ağrı bədənin bir xassəsidir,

qulaqlarında güyüldəyən

zamanın qəhqəhəsidir...

 

 

***

Qol-boyun olmuş kölgələr

yarpaq kimi töküldü

qaranlığın dibinə,

qara bulud Ayın qüruruna toxunmuşdu,

gecə boyu görünmədi Ay,

işıq dirəklərinin dibində

arabir sükutu diksindirən pişiklərlə birgə

səhərəcən üşüdü kölgələr...

 

***

Kəpənəklər

çiçəklərin yuxusunu dağıdır,

sevib atılmış bir qız

bu dağılmış yuxunu

yığır öz gözlərinə,

yuxusunda qar altından

ürkək-ürkək

bir bənövşə boylanır...

 

***

Bir körpənin

əllərinə toxunur göy üzü,

Günəşin şüasından

sinəmdə bir hiss qımıldanır,

səsimə oyanır

yuxuya getmiş ağaclar,

görür ki, bahar bəzəkdə qalıb,

adamlar evdə,

Günəşin çağırışına

hay vermir adamlar,

Günəşə gülümsəyir bir körpə...

 

***

Həyat başdan-başa şeirdir,

anamın unutduğum üzü,

atamın acı siqaret tüstüsü,

şeirdir daşa dəyən ilk eşqin

uzun sürən üzüntüsü,

günbəgün quyu kimi dərinləşən

tənhalığım və...

doğulmayan körpəmin qığıltısı...

şeirdir yoxluğun adama gəl-gəl deyən

əbədi soyuğu, dumanı, sisi,

həyat - insanın unutmaq dərsi.

 

 

Yuxu uçqunu

 

Sən yuxuda ikən

yuxundan oyansam,

gözündəki bir damla

dənizə dönüb daşsa,

mən də göyləri

dəniz sansam,

yer ayağımız altından

qaçmazmı?

sularda yuyunan külək

bu qədim düşərgəni

başımıza uçurmazmı?

kim xilas edər bizi

bu yuxu uçqunundan?

yuxumda dəniz görünür,

sahilində

bir ağbəniz görünür,

xatirələr sularından daha dərin,

üfüqündə Ay kimi

saralan üzün...

kor qayalar görə bilməz

üfüqdə batanları,

qayaların yuxusunda

daşa dönüb yatanları

Günəş də oyada bilməz...

sənin yuxundan oyana bilsəm...

 

 

Pəncərədə həyat dərsi

 

Böyümək istəməyən uşaq üçün

pəncərənin buxarına

bu sözləri yazdım:

həyat səni

pəncərənin çölündə gözləyir,

sən ev pişiyi deyilsən...

 

İşıqlar söndü,

tərli pəncərə soyudu,

hərflər suya çevrilib

axdı üzüaşağı,

uşaq pəncərəni açıb

aşağı boylandı və dedi:

yazılar yerə töküldü?!.

 

 

Bir sevgi tarixçəsi

 

Bir ömrün əvvəlində

ilk sevginin qırıldığı yer var ha,

orda bir dibsiz uçurum açılar,

qosqoca həyat girər aşiqlərin arasına,

zaman duz basar yarasına...

o aşiqlərdən heç vaxt ünvanına çatmayan

məktublar qalar,

bir göyərçin qanadı kimi

toxunar ağ kağıza

dilə gətirmədikləri sözcüklər...

Bir ömrün sonunda

ilk sevginin xatirəsi var ha,

axıb gedən zamana

göz qırpan yorğun ulduz kimidi,

bir azdan o da

yaddaşın qaralan səmasında

axıb gedəcək,

hər şey,

hər şey keçmişə gömüləcək...

 

 

Yarpaqdüşən ay

 

Yaz günəşi sümüyümüzü qızdıranda

yaddaşın soyumuş qaranlığında

buza dönür xatirələr,

rəngi solur,

dadı itir yavaş-yavaş,

adamların üzü itir yavaş-yavaş,

əlbət, bir gün ərafda

yenə rastımıza çıxacaq

unutduğumuz adamlar,

əməllərimizə şahidlik edəcək onlar,

yaddaşın rütubətli zirzəmisində

istifadə müddəti bitmiş

xatirələr üşüyür,

bəzmi-ələstdə

əməl dəftərimizdən boylanacaq günahlar

hələ ki sağa-sola şütüyür...

bilmirəm niyə

yarpaqdüşən ayda

çiçək açır xatirələr...

 

 

Sükut abidəsi

 

Bu köhnə düşərgədə

can bəsləmək əbəsdir.

Vaxt-vədə yetişəndə

deyərlər: yığış, bəsdir.

 

Bitər savaşın canla,

qəm gələr sinə-sinə.

Çevrilərsən zamanla

sükut abidəsinə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!