"Ədəbiyyat nəzəriyyəsi" silsiləsi - Ağamir CAVAD. Şeirlər

 

1. Romantizm

Su paklığı var hər şeyin bətnində,

yuxarı sudu, aşağı su.

Qaranlıqların bətnindən çıxarır işığı su.

Yaman çox görünsə də gözlərimizə,

Çoxdur, ancaq yaxşıların yaxşısı.

Yaxşılıqlar üçündür fələyin min oyunu da.

Məhşər günü

iynənin gözündən keçəcək,

            düzələcək dəvənin boynu da.

Hər işi gözəl olacaq dünyanın.

Çəkiləcək dağların üstündən ah.

Hər şeyi yaxşı görür

            başımız üstündə Allah.

Yaxşılıqla fırlanır yer,

məhəbbət ələyir göy.

Yaşamaq gözəldir,

Gözəldir hər şey!

 

2. Modernizm

 

Nə zamandır bu dünyada

çarmıxa çəkilib ədalət.

Bəsit təfəkkür sayılır məhəbbət.

Aldanılmaq, aldatmaq ən gözəl adət.

Quduzlaşıb insanlar,

fəlakət gətirir müharibələr,

tökülür nə qədər qanlar.

Hələ də davam edir

Adəm övladları

Habillə, Qabillə başlanan ədavət.

Yenə Süleymanları düşündürmür

Ayaq altda qalan qarışqa taleyi,

Haqsızlıq bürüyüb yeri, göyü.

İnsanlar fəlakət içində,

göylərə bülənd olub ah!

Görmürsə dünyanın fəlakətlərini,

yoxdur Allah!

 

3. Realizm

 

Kiçik həşəratlar böyük həşəratların yemidi,

kiçik balıqlar böyük balıqların.

Ot-ələf qoyunun, ceyranın, atın yemidi,

quzu, ceyran canavarın, şirin, pələngin.

Çaylar kiçik balıqların oylağıdı,

Okeanlar balina kimi nəhəngin.

Mübarizənin, cəngin

            Üstündə qurulub həyat,

Kim güclüdürsə, o, daha yuxarılarda

                                    açır qanad.

Tarixin səhifələrini boğan bu nə qandı?

Dünyada ən mədəni,

            ən vəhşi məxluq insandı.

Dünyanı idarə edən

            təkcə ağıl yol,

                        həm də gücdü, zordu.

Həyatın bir oyunu var:

kim kimi yordu.

 

4. Postmodernizm

 

Boş şeydi insanın doğulması,

ölüm də adi bir şey.

Ata olmaq da boş şeydi,

ana olmaq da boş şey.

Boş şeydi sevgi də, məhəbbət də.

Boş şeydi vüsal da həsrət də.

Boş şeydi qocaya hörmət,

boş şeydi uşağa rəğbət,

boş şeydi dünən də, sabah da.

Belə boş şeydi

kainatı idarə edən Allah da.

Boş şeydi dünyanın qarası, ağı da.

hər şey məndən aşağıda.

 

5. Sürrealizm

 

Bənövşənin boynu bükülüdü,

            məkanı kol dibi.

Elə bil qaratikan budağından çəkilib dara.

Düzlərə gözəllik verən

            qırmızı yanaqlı lalənin bağrı qara.

Tikanı gözəl qızılgül

nə vaxtdır bülbülü salıb odlara.

Odur ki, nəğməsi nalə,

            gözləri kordu.

İy bilməsi zəifsə də,

            gözləri işıqlıdı qurdun.

Kölgəsi böyük olan ağaclar verməyir bəhər.

Ən ağıllı heyvan ilandı,

            dili haçadı, dişinin altında zəhər.

İnsanın bir adı bəşərdi:

            bir əməli xeyir,

                        bir əməli şərdi.

Hələ ki insanların hamısını

            tərbiyə edə bilməyib nə qanun, nə din.

Dişləri necə də gözəl görsənir

küçənin ortasında gəbərmiş it cəmdəyinin.

Hamının nöqsanı,

            hamının səhvi var,

İrili-xırdalı cinayətkardı hamı,

            bilmirik qınayaq kimi.

Hər şey olduğu kimidi:

            elə gördüyün kimi.

            elə dərk etdiyin kimi.

 

6. Ekzistensializm

 

Kimsənin yanında səhvim yox,

Allahın yanında günahım.

Dünənim səhvsizdir,

bugünüm səhvsiz,

səhvsiz olacaq sabahım.

Həmişə haqqı dedim,

haqqın yanında durdum.

doğru sözümlə coşdum.

Düz oldum,

təmiz oldum,

haqq uğrunda vuruşdum.

Məni qınaya bilməz

həyatda heç bir insan,

Mən üzüağ çıxmışam

vicdan hesabatından.

Haqqı dəyişməmişəm

dünyanın sərvətinə,

Yoxdur bir ehtiyacım

Kimsənin qiymətinə.

Üzümü göyə tutub

Günah sahibləritək

Çəkməyirəm ah,

Mən sənin qarşında

üzüağam, Allah!

Vicdanımın önündə

üzüağam, Allah!

 

7. Yenisi

 

T.Əlişanoğluna

 

Hər şeyin yenisi...

Fikir yeni,

Söz yeni,

Münasibət yeni...

Yeni dünya,

Yeni insan,

Yeni düşüncə...

Məhəbbət yeni...

Yaşam yeni...

Hər sözü,

Hər şeyə

Naxış yeni,

Allaha baxış yeni.

Ən köhnə dost Allahdır,

Ən yeni dost Allah.

Hər şeyin yenisi,

Dostun köhnəsi.

Əski dünya,

Köhnə xatirə,

Yeni sabah.

Allahın yenisi,

Yeni Allah.

 

8. Tənqidi realizm

 

I

 

Allah!

Binasını düzgün qurmamısan dünyanın,

Bir şeytana gücü çatmır

milyonlarla insanın.

Hakimlər torpağa içirir qanı.

Dünyanın çoxu su olsa da,

            səhralar yanır susuzluqdan.

Göylər düzgün bölə bilmir varın,

Torpağı qızdıran günəş

            əridə bilmir dağların qarın.

Əyri xətt kəsir düzü,

Zaman yelə verib nə qədər izi.

Ot-ələf bitməyən dağların,

Günəşi görməyən zülmət dərələrin

De kim çəkir dərdini?

Namərdlərə möhtac etmisən

            Necə-neçə mərdini.

Daim əzab verdin,

Daim dərd verdin.

            Eşqinə sadiq düzə.

Niyə çəkilmisən göylərə?

Niyə gizlənmisən,

            niyə görünmürsən gözə?

Yaratdığın dünyada ədalət hanı?

Həyatı dərk edəndə

            öldürürsən insanı.

Niyə Yer dolanır Günəşin başına,

            Ay dolanır başına Yerin?

Yaltaqlığı onlardan öyrənib

            Şərə qulluq edən bəşərin.

Toyun yasa qarışıb,

            xeyirin şərə,

toxuna qarışıb acın.

Güclülər də

Zəiflər də

            Olub sənin möhtacın!

 

II

 

Deyirlər, ən böyük şairsən özün,

Yazıb-yaratmısan hər şeyin düzün.

Heyif ki, tənqidçi gözündən uzaq

Qurmusan dünyada nə qədər duzaq.

Xeyir olan yerdə şər yaratmısan,

Sülh olan yerdə hərb yaratmısan.

Ağ-qara içində min rəngli insan.

Min rəngdə xasiyyət, dəb yaratmısan.

Yerlərin, göylərin dərindən-dərin,

Təzaddır, düz gəlmir qafiyələrin.

Bükürsən dünyaya qaranı, ağı,

Amma yeddi rəngdir göyün qurşağı.

Beş rəngi, beş günü harada qaldı?

Qurduğun bu qədər oyunlar nədir?

Udan kim, uduzan kimdi bilinmir.

Bilinmir dünyada nə qeylü-qaldı.

 

III

 

Cəhənnəmi neylirdin,

            var idisə cənnət,

Vüsal olan yerdə

            nəyə lazım idi həsrət?

Şeirinə necə verim qiymət?

Şair olan qovuşdurardı

            Leylini Məcnuna,

Şirini Fərhada.

Yaratmazdı dünyada

            bu qədər qan-qada.

Məcnun olan yerdə neylirdin İbn Salamı?

İki nəfər olan yerdə

            artıqdı üçüncü, bilmirdinmi?

Odur ki, məhəbbət üçbucağında

            batır hamı,

Bermud üçbucağında olduğu kimi.

Pozulubdu qafiyəsi dünyanın,

            nə qayda var, nə qanun.

İndi hamı sərbəstdir.

Çoxalıb kəfəni yırtan ölülər.

Ağıllılar haram yeyir,

            rüşvət alır, var yığır.

Halalını uca tutub

            Şeir yazır dəlilər.

Şirin olduğu qədər niyə çoxdur

            ağrısı məhəbbətin?

Şeirinin fikri anlaşılmazdı,

            dili çətin.

Şairlik kimsəyə gəlməsin asan.

Tanrı, sən də özünü şairmi sanırsan?

 

9. Simvolizm

 

Göy bir az Allaha bənzəyir -

            ənginliyi ilə.

Ümman bir az Allaha bənzəyir -

            dərinliyi ilə.

Ulduzlar bir az Allaha bənzəyir -

            hərəkəti ilə.

Torpaq bir az Allaha bənzəyir -

            bərəkəti ilə.

Səhər bir az Allaha bənzəyir -

            Günəşi ilə.

Od bir az Allaha bənzəyir -

            atəşi ilə.

Dağlar bir az Allaha bənzəyir -

            ucalığı, yüksəkliyi ilə.

Şairlər bir az Allaha bənzəyir -

            tənhalığı, təkliyi ilə.

Gözəllik bir az Allaha bənzəyir -

            ünvanıyla, adıyla.

İnsan bir az Allaha bənzəyir -

            yaratmaq istedadıyla.

Hər şey Allaha bənzəyir,

            ancaq Allah heç nəyə,

                        heç kimə bənzəməz.

Yalnız özünə bənzəyir Allah,

            Allaha yox əvəz.

 

10. Futurizm

 

Mən - iki dəfə "Mən varam" - deyən,

Mən - iki dəfə özünü dərk edib öyən.

Mənəm əbədi zamanın ilk uşağı,

Mən doğdum qaranlıqdan işığı.

Mən - "Ol" sözünün ölçüsünə sığmayan

            ən kiçik, ən böyük an.

Mənəm köhlənini əbədi çapan

ən böyük zaman.

Səs mən, Ün mənəm.

Haqq mən, din mənəm.

Mən yaratdım səni, mən yaratdım onu.

Mənəm yerin-göyün cazibə qanunu.

Mən xeyir, mən - şər.

Mən - Allah, mən bəşər.

Mənəm yerin göylə bağladığı ülfət.

Mənəm hamıya aydın ən böyük həqiqət.

Mənəm gizlinləri açılmayan ən böyük sirr.

Mən - Ağa, mən - Mir.

Mən - halal yaşayan babaların

            nurunu, saflığını

            gələcəyə ötürən

            Sadıx kişinin oğlu Ağamir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!