"Gecənin ən gözəl rəngi darıxmaq..." - Şeirlər. Təranə DƏMİR

 

 

Bizim olmayan küçə

 

Yenə azıb ayaqlarım,

Sən olan küçədən keçir.

O küçə bizim olmadı,

Yoldan ötən, keçən keçir...

 

Bir nağılı yazammadıq,

Qurda, quşa yem olduq biz.

Neylədiksə, bir olmadıq,

Bir tərəfi kəm olduq biz...

 

Bu küçənin o tinində

Sənin işığındı, yanır.

Mənim gözlərimə tərəf

Sənin pəncərən dayanır...

 

Bircə addımlıq bu yolu

Min il getsəm, sonu olmaz.

Bu ömürlük ayrılığın

Bir ümidlik canı olmaz...

 

Neyləyim ki, ara-sıra

İtər, azar ayaqlarım.

Durar küçənin tinində,

Bizi gəzər ayaqlarım...

 

Yer axtarışı

 

Mənə bir az yer elə

Gözünün qarasında.

Kirpiyin çəpər olsun,

Gizlənim arasında...

 

Nə yellər qova bilsin,

Nə od yandırsın məni.

Nə yağış döyəcləsin,

Nə buz dondursun məni...

 

Dünyanın dərd-sərindən

Uzaq olum gözündə.

Düşüm dəniz gözünə,

Batım qalım gözündə...

 

Gecənin rəngi

 

Gecənin ən gözəl rəngi darıxmaq,

Elə darıxmaqçun doğulub gecə.

Qapqara zülməti çəkib üstünə

Göz yaşı tökəsən burda gizlicə...

 

Boğula yastığın hıçqırıqlarda,

Qəlbindən yol gələ, axa dərdlərin.

Tavanın küncündə asılıb qalan

Hörümçək torundan baxa dərdlərin...

 

Yorğanın altında xatirələrin,

Yorğanın üstündə baxtın ağlaya

Geyinib əyninə gecə köynəyin

Ömründən tökülən vaxtın ağlaya...

 

Qamış hasar

 

Küləklər önünə qatdı, apardı,

Bahardan payıza keçə bilmədim.

Bir-iki addımlıq yol vardı sizə,

Bu evdən o evə köçə bilmədim...

 

Kim çəkdi araya bu boyda səddi?

Bu qamış hasarın nə gücü varmış.

Dağlara, daşlara güc eləsək də,

Bizdən güclü çıxdı bu köhnə qamış...

 

Baxdıq bu hasarın deşiklərindən -

Baharda da baxdıq, qışda da baxdıq.

Adlaya bilmədik bu ayrılığı,

Bizim əzabımız bircə hasarlıq...

 

Nə əlimiz gəldi, nə ürəyimiz

Bu qamış hasarı sökə bilmədik.

Qismətə buraxdıq bu məhəbbəti,

Qamışsız bir tale tikə bilmədik...

 

Bəxtsiz gözəl

 

Bəxti qara saçlarından

Asılıbdı bu qızın -

Gözlərinə çarəsizlik

Yazılıbdı bu qızın...

 

Doğulandan bu dünyaya

Baxtsız gəlib bu gözəl -

Gec qalıbdır məhəbbətə,

Vaxtsız gəlib bu gözəl...

 

Qaça bilməz bu taledən,

Hara qaçsın, həddi nə?

Bəxtəvərlik yazılmayıb

Bu gözəlin bəxtinə...

 

Sözü qalıb ürəyində,

Danışmağa dili yox.

Yanıb, yanıb öz odunda,

Bircə ovuc külü yox...

 

Küskün, miskin baxışının

Duası yox əzəldən.

Sevgiləri, arzuları

Qaçaq düşüb gözəldən...

 

Gülüşləri bir mələyin

Gözlərində boğulub -

Hər gün ölüb ümidləri,

Hər gün bir də doğulub...

 

Söz

 

Sığmır yerinə, yurduna,

İçimdən tökülür sözüm...

Gəlir dilimin ucuna,

Ucundan tökülür sözüm...

 

Qardan, soyuqdan üşüyür,

Varında yoxdan üşüyür,

Onsuz da çoxdan üşüyür,

Özünə bükülür sözüm...

 

Şikəsti çox, xəstəsi çox,

Çıxacaq yol üstəsi çox,

Sahibi yox, yiyəsi yox,

Dartdıqca sökülür sözüm...

 

Bir az qorxaq, bir az naşı,

Gəlir ağzımda dolaşır;

Hünərin var götür, daşı,

Qaldıqca çəkilir sözüm...

 

Dilimin baş bəlasıdır,

Qurumun yaş bəlasıdır,

Başımın daş bəlasıdır,

Özümə tikilir sözüm...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!