İmza yerinə rəmzi qılınc. Rafiq Tağıya şeirlər - QARDAŞXAN

 

Allah bəşəri dəyər meyarlarından nəhayətsiz dərəcədə üstündür.

Rafiq Tağı

 

Nə yaxşı, Yaradanı monopoliyaya almaq olmur. O, hamınındır, hamı da onun.

Özü də, əslində, parasız.

Ancaq yox, ayrı-ayrı təriqətlər və təmsilçiləri, lap elə sıradan üzvləri Ali Gücü inhisara almaq niyyətindədirlər. Düzüb-qoşduqlarını aksiom sanırlar. Sanki onlar Böyük Qüdrətin adından danışmağa səlahiyyətlidirlər, vəkil seçiliblər, - kim tərəfindən, nə üçün, başlıcası hansı haqq ilə soruşanı, cavab verəni yoxdur. Yorğan-döşək sırıyan sayaq kobud ehkam sapları ilə beyinləri zor-xoş sırıyırlar.

Nə yaxşı, Qurban Olduğum mənimsənilməyir və barəsində hələ ki özəlləşdirilməmiş bir neçə ali sözdən istifadə edə bilirik.

Bu təkrarsız dünyada hər gün təkrar olunur, amma o özü olduğu qədər də özü olmur. İnsanlar da beləcə. Hər bir insanın ruhu da özünə bənzərin cismində dünyaya qayıdır.

Nəsiminin dərisini soyduranlar cahil idilər, amma öz bugünkü xələflərindən fərqli olaraq bir cahanın lənətinə sığmayan əməllərini aşkar, "mərd-mərdanə" etdilər. Hazırda hüzür tamadaları artıq böyüklüyünü inkar etmək mümkün olmayan Nəsimidən bəlağətlə danışırlar. Sələflərinin günahlarını "yuyurlar". On dördüncü əsrin düşüncə üsyançısına bu gün xalqın hədsiz sevgisindən çəkinərək onu heç nə olmamış kimi özününküləşdirməyə çalışırlar.

Guya Nəsimi də eynən bunlar deyəni deyir.

O mürşid də, bu mürid də cəsarətli fikirlərinin qurbanı oldular. Sələflərindən daha namərd cinayətkar naxələflərin ardıcılları isə bir qədər uzaq sabahda yeni şəraitə uyğunlaşaraq bu dəfə Rafiq Tağıdan sitatlar gətirəcəklər.

İnsan beyni virusa yoluxubsa, nə gözü, nə könlü, nə beyni, nə eyni, nə dili, nə əl-qolu açılır.

Çoxşaxəli cəhalətin qələm qardaşımıza toy tutduğu günlər onsuz da Qarabağ hüzüründən çıxmayan ədəbi kəsimin yası, azad fikrin öndərinə qucaq açan əbədiyyətin toy-bayramı idi, - o, Böyük Yolun daha bir yolçusunu ağuşuna almış olurdu.

Doğmalarımla Rafiqi xəstəxanada iki dəfə ziyarət edə bildim. Şaşırmışdım. Nə deyəcəyimi bilmədim. Qayğıkeşliklə bizdən soruşdu: "Necəsiniz?". Həmişəki kimi o, həkim idi, biz xəstə.

Həmin nurlu sima, işıqlı gözlər, xoş təbəssüm… Balam gülü dolab üstə qoyub, yazarın alnından öpdü. Bu mənzərə Onun keçindiyi sabahı günü nəzərimdə ayrı məna kəsb etdi.       

Mən Rafiqi bu gün ailəsinin, dostlarının yanında təsəvvür etmək istərkən onun müqəddəs məzarı üstə gül yerinə "Şübhə etməkdə haqlıdır insan" deyən Hüseyn Cavidin "Gərçi görmək də başqa nemətdir, Görməmək ən böyük səadətdir" misralarını "düzürəm...".

 

 

Rafiq Tağıya şeirlər

 

Tum ağ çıxdı qara qabıqdan

Ay sarvanı ulduz karvanı

karvansara oldu göy üzü,

qaranlığı alaq eləmək

əldən saldı Ayı, ulduzu.

 

Tum ağ çıxdı qara qabıqdan

günəbaxan gün baxdı yerə

çırtlayan kim bu günü tumtək

toxum kimi əkən kim ömrə.

 

Soldan-sağa yazılanı,

sağdan-sola oxumaq

 

Dünya beş gündür

19-dan 23-nə kimi

özü də 2011-ci il noyabr ayının

əlbəttə, hicri şəmsi yox,

miladi,

lap sadə mil-mil adi.

 

Hicri qəməri

hicranı Qəmərin

 

yanı njdesi

at ilinin müjdəsi

icra atı dayanıb,

icra gəmisi batıb.

 

Ey qatil,

ey qafil,

ey batil,

ey baxil,

naqafil çıx üzə.

 

Süni qəsdçi,

süst araşdırıcıları yanılt,

məst qızışdırıcıları soyut,

et icrasızlara qarşı bunt.

Çıx yaşıl düzə,

milsiz qəhrəman ol

mil-mil tarixdə qal.

 

Ən əsl mükafat

Lebon Nobeli

bütün ölkələrin bəbələri

nə edir etsin

kütlə psixologiyasına.

Hə dostlar, mən deyim

siz məsələni necə qoyun

soldan-sağa yazılanı

sağdan-sola oxuyun.

 

***

Gücü dahisində uca millətim

qatilliyə enən cahillərin var.

Dalğasında qanad açan dənizin

ilantək sürünən sahilləri var.

 

Dalğanın silləsi güllədən betər

tutur sahillərin qumlu üzünü.

O yan-bu yanı da sahillər olan

dəniz dalğa-dalğa döyür dizini.

 

Dənizin dibi də sahildir, amma

bu sahil bənizdə olmaq istəmir,

bu yastıyapalaq sahilə anam,

adam heç dəniz də olmaq istəmir.

 

Şeytanbazarda

Yaşıl bazarlıq

 

Yaşıl bazardan Şeytanbazara

gör neçə bıçaqlıq dəmir yolunun

bir neçə bıçaqlıq ömür yoluna

iynə iynədir bu taykı relsi

19-23 sim-sim kəsim

bu beş gün Beşgünlük dünyaya jestin

yazıb altı üstə çevirən Usta

yenə noyabr...

 

Bizə Qəzanı bağışlamağa

yazını Yazana bağışlamağa

ədəbi qazini bağışlamağa

deyin gəlsin,

balan gəlsin.

 

Bir tale ki, pəncərədən

daş kimi gəlsin

 

Bir tale ki, pəncərədən daş kimi gəlsin,

bir ömür ki, xumar gözdən yaş kimi gəlsin,

kim görüb ki, belə bəxtin xoş günü gəlsin,

ay ana, elə bil bizə it ağız açıb.

 

İt ağzından çıxır səhər öz aramızdı,

ay nə bilim xoruz banı, quşların səsi

nə bilim, Ay dan ulduzu hamısı sözdü,

azanı da qarşılayır it hürüşməsi.

 

İt ağzından çıxan dəniz söz burda qalsın

hanı səndə o mavilik yamyaşıl yosun.

Dənizsənsə tufan qopar, fırtınan olsun

görüm sənin göl üzünü okean yusun.

Baskervillərin iti tap itən yamyamı

İtağzıgül it ağzını açır hər gülə.

İnanmayanın ağlına keçə yamayım 

it qursağı yağ götürməz deyən aqilə.

 

Ölməmişdən qabaq

öldürülmüşüm

 

Avropa bizdə lüks oteldi azı

Avropa və Biz də beşulduz yazı

Qloballığın ən Qaçılmazı

mübarək sayğacın beş ildi yazır.

 

Aşıq ha köynəkdən çıxarsın sazı

Sakit okeandı Kürlə Arazım,

sən sahibi qaçaq yasaq ərazim,

get ey zalım fələk gəlmədi lazım.

 

Beş ildi soyuqlar bu aydan düşür

beş ilin soyuğu bir aya düşüb,

min belə beş illər araya düşüb,

ölməmişdən qabaq öldürülmüşüm.

 

Sübhün azan vaxtında,

vaxtın azan yerindən

 

Uçulur gecə sökülən dan yerindən

uçunur toran üfüq boyunca

əcəltək hərləyir öz oxu

Axillesdaban Yeri gündoğan yerindən.

 

Dünyaca cəh-cəhi batırırsa it səsi

sübhün azan vaxtında vaxtın azan yerindən

balıqçısı balığı

balıq, yoxsa tilovu suya batırıb yesin

buruqla tor qurublar Dəmir daban yerindən

 

it rəddidir sahil boyu uzanıb gedir

insan izi görən yerdən qayıtdım geri

bu "Tövrat" bu "İncil", "Quran" yerindən.

Antik yunan, attik Roma, əntiq Şərq

əshabələrlə kral keçir,

əsrlər keçir.

Qırx incəbel qızla xotkar qızı Nigar keçir

pəncərədən daş kimi gələn günəş

özünü asan yerindən

siqaret yandırır səhər

bir papiros kötüyütək tapdanır şəhər

külqabıya dönür ölkə tiran yerindən.

 

Külək xəmir yoğurur kündə tutur dənizdə

Acıb, açıb kündələri yapır sahilə

zərrin ləpələr göz-qaş edir sahilə, göz-qaş

par-par yanan ehtirası gözlə bir azdan

bütün bu cahan yatıb duran yerindən.

 

Müharibədə Şopen prelüdləri

"Müharibədə Şopen prelüdləri"

şeirinin müəllifi Rafiq Tağıya

 

Noyabr Böyük Qələbə və... Rafiq Tağı ayıdır. İnanırıq ki, bir gün unudulmaz yazarla bağlı da möcüzə baş verəcək,- bu qətlin üstü açılacaq, el-obasından "məcburi köçkün" düşmüş Rafiqin ruhu öz doğma yurd-yuvasına "qayıdacaq".

 

Suqovuşana

Su kimi qovuşdum, ana!

Bu neçə on ili hardaydım deyim

bu bir neçə günə qovuşduğuma?

Suyla qovuşanı od ayıramamış,

Oda qovuşanı su ayırarmış.

Odlar yurdu odla su arasında

od-alov içində oda tapınmış...

Qarabağla ayrılıq anlarında

Şopen prelüdləri

ölümsüz faciələrdə

yaşatdı ümidləri.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!