Qarabağ Azərbaycandır
Zülmət yaran oğullar döndü nura qayıtdıq,
Qarabağa qayıtdıq, Zəngəzura qayıtdıq.
Qəlbimizdə bir Kitab, iki Surə qayıtdıq:
Qarabağ Azərbaycandır!
Şükür sənə, İlahi, Azan səsi eşitdik,
Qarabağda.
30 il Azan səsi eşitdik.
Şərəfli bir tarixi yazan səsi eşitdik:
Qarabağ Azərbaycandır!
Gözümüzdə qalmadı - arzu, muradı gördük,
"Qənimətlər parkı"nı, "Zəfər Paradı" gördük.
Dəmir yumruq, tunc inam, polad iradə gördük:
Qarabağ Azərbaycandır!
Dağı, daşı, meşəsi, səması da bizimdir,
Odu, suyu, torpağı, havası da bizimdir.
Zəfərə gedən yolun Nidası da bizimdir:
Qarabağ Azərbaycandır!
Qarabağ bu millətin yeni qibləsi oldu.
Ata öyüdü oldu, ana duası oldu.
Ali Baş Komandanın zəfər müjdəsi oldu:
Qarabağ Azərbaycandır!!!
Qayıtdıq
Qırx dörd gün şərəfə şan qovuşdurdu,
Gecəni səhərə dan qovuşdurdu,
Bizi qəm ayırdı, qan qovuşdurdu,
Hər daşı qibləgah Şuşam, qayıtdıq!
Pənah xan şəhəri, pənahım şəhər,
Son arzum, ümidim, son ahım şəhər.
Qarşında çoxsa da günahım, şəhər,
Nə pərvanə döndü, nə şam, qayıtdıq
Salam, Cıdır düzü, İsa bulağı,
Topxana meşəsi, qoca Kirs dağı.
Salam, Gövhər ağam, pirim, ocağım,
Uca minarəsi qoşam, qayıtdıq!
Qürurla yellənsin üçrəng bayrağın
Ocağın gur yansın, artsın növrağın.
Gözün aydın olsun, Vətən torpağı,
Zəfərin mübarək, Paşam, qayıtdıq.
Paşam, heey!!!
Yolun haqq yoludur, yoluna qurban,
Torpağına qurban, elinə qurban.
Sinəndə açılan gülünə qurban.
Laləzar olubdur səngər, Paşam, hey!
Azadlıq eşqinə, Vətən eşqinə,
Döyüşdən-döyüşə atıldın yenə.
Göylərin ulduzu qondu çiyninə,
Gözündə açıldı səhər, Paşam, hey!
Qəhrəman millətin şəhidi ölməz,
Qisası alınar, Vətən bölünməz!
Soyundan bəllidir, polad əyilməz,
İgidə yaraşar zəfər, Paşam hey!
Qələbə bizimdir, əzilər yağı,
Dönər gülüstana Vətən torpağı.
Əlində üçrəngli zəfər bayrağı
Əmrini gözləyir, əsgər, Paşam, hey!
Salam, Kəlbəcər!
Gözün aydın Vətən, salam, Kəlbəcər,
Gözləri yollarda qalan Kəlbəcər.
Qayıdır övladın, balan, Kəlbəcər.
Torpaq sevinəcək, dağ sevinəcək,
Çiçək sevinəcək, gül sevinəcək.
Bulaq çağlayacaq, arx sevinəcək
Elat yeriyəcək, yol sevinəcək.
Ruhu şad olacaq Dədə Şəmşirin,
Şəhid qəbirləri rahat olacaq.
Yenə çağlayacaq gözəl "İstisu",
Yenə Dəlidağda el yığışacaq,
Yenə də çal-çağır, büsat olacaq!
Yenə qalanacaq ocağın-odun!
Cavid Qəmbəroğlu, gözlərin aydın,
Dədənin ruhuna qovuşdun, şükür!
Yeni Kəbəcərin qurulmasında
Sənin də bəxtinə pay düşdü, şükür!
Başına yığışıb Adil həkimin
Yenə gedəcəyik Zülfüqarlıya.
Sazı köynəyindən çıxart, Ədalət,
Bu gün çox qürurlu, çox vüqarlıyam!
Çal-çağır, bu gözəl günləri vəsf et!
Bu igid Ordunu, Lideri vəsf et!
Şairin duası haqqa tez çatır,
Allah, bu birliyi, inamı qoru!
Xalqın ümid yeri, İlhamı qoru!
O yurdu qoruyur, sən onu qoru!
Kəlbəcər qayıdır, el, gözün aydın!
Üşütdü
Bu görüşü gözləmirdin düzü mən
Sən kövrəldin, deyəmmədim, üzülmə
Yorğun payız köç salmışdı üzündə
Saçındakı qırov məni üşütdü.
Sənli günlər indi daha xəzəldi,
Vüsalından xatirəsi gözəldi
Aramızda bir özgəlik dikəldi
Döndü oldu Murov məni üşütdü.
Ömrün yazı tale durdu qəsdimə
Daldan dala barışdı nə, küsdü nə
Dərdi çəkdim çadır kimi üstümə
Eşqi qoydum girov, məni üşütdü.
***
Aman Allah, əymə məni
Dost düşmənin qabağında
Şax şaqqala, yaşadınca
Girvanı qoz qabığında.
Dar gün vermə dost sınayım
Bərki, boşu çıxa bilər.
Birdən mələk saydıqlarım
Şərə qonşu çıxa bilər.
Çəndən, buluddan yuxarı
Ay var, ulduz var bilirəm
Dünyanın ilki, axırı
Bir sirli söz var bilirəm.
Dünya heç saya salmasın
Bəsdir beş-üç dost tanışım
Mən haqqı tanıyan qədər
Kaş haqq da məni tanısın
Yarı Urud, yarı Musa
Ölü də mən, diri də mən.
Getməyə yolum yoxdursa
Tanrı, məni süründürmə.
Getdi
Mərdin işi mərddi, mərdi sağ olsun,
Namərdlər işimə pəl vurdu getdi.
Hər qapı döyənə süfrəmi açdım,
Hər gedən qapıma qol vurdu getdi.
Bir soyuq komada ocaq yandırdım,
Ömrümü yandırdım, nahaq yandırdım.
Neçə yol zülmətdə çıraq yandırdım,
Hər dəfə bir qəfil yel vurdu getdi.
Yurda Kəbə dedim, qibləyə durdum,
Yaxşılıq etməyə növbəyə durdum.
Haqqın dərgahında tövbəyə durdum,
Ağa bağışladı, qul vurdu getdi.
Bədxahlar önümdə yüz tor qurdular,
Ömrümü at kimi çapıb yordular.
Qəbrimin üstündə çələng gördülər,
Dedilər, bəxtəvər gül vurdu getdi!
Təəssüf
Səni çoxdan unutdum, xatirən də qalmadı,
Xəyanətin ünvanı dağılmış yurd yeridi.
Bu yazı da nə giley, nə də yada salmadı,
Yanlış keçən ömürdən bir təəssüf şeiridir.
Söndürdün öz əlinlə, alışdırmaz bir daha
Külü qalmış ocağı ayrılıq küləkləri.
Nə biləydik, şeytanın fitvasıyla uçurmuş
Bizim başımız üstdə məhəbbət mələkləri.
Şeytan tamah, hərislik, ara vurmaq peşəsi.
Ömür əyləncə deyil, əyləncənin sonu yox.
Yəqin, gedib başından daha şərab nəşəsi.
Candərdi gülüşlərin qara pul kimi soyuq.
Yollar çoxdan ayrılıb, küsən ulduz barışmaz.
Ömür saat deyil ki, irəli qur, geri çək.
Hərdən sənə oxşayan kimsə çıxar qarşıma,
Adın dəyər dilimə çəkilmiş diş yeritək.
Heç bilmirəm hardasan, kiminləsən, nəçisən
Həyat sənə verdimi ağılsız istəyini?
Ağ fincanda içilmiş bir qəhvə ləkəsisən.
Sənə baxıb oxuyar kimsə öz taleyini.
Dağların
"Duruşunda fikir yatır dağların"
Cavid
Al-yaşılı bayrağımın rəngidi,
Çox tufanlar səngərində səngidi.
Küləkləri qayalarda "Cəngi"di,
Sellərində "Misri" yatır dağların.
Daş çalası bal bulağın sərnici,
Koğuş qaya çobanların bürüncü.
Altı qızıl, üstü sədəf, dürr, inci,
Sinəsində nə sirr yatır dağların?
Məndən küsüb, haqlı küsüb, ləc düşüb
Boynuma bir ziyarəti - Həcc düşüb.
Neçə vaxtdır erkəcləri kəc düşüb
Mayaları qısır yatır dağların.
İşıqlı var, Salvartı var, Dəli var,
Kürəyində Həzrət Əli əli var.
Zirvəsində Ələsgər var, Alı var,
Sazlı-sözlü Şəmşir yatır dağların!
Ölüm mələyinə məktub
Mələyim gəl, mələyim gəl!
Əgər yoxsa səndən özgə
Mənim üçün mələyən, gəl!
Gəl döy qapımı,
Döyməyib də gəl.
Gəlişinə nə sevincək olacam,
Nə əngəl.
Bircə yayda gəlmə.
Yayda qonağım çox olur.
Dost-tanış bağa
yığılır.
Heç bilirsən, necə ləzzətlidir
Meyvəni budağından dərib yemək.
Gəlmə,
Tut yetişəndən əncir sovulanadək!
Mələyim, payızda da gəlmə
Məktəbin açılan vaxtıdır,
Uşaqlar dərsdən qalmasın.
Fürsətcil küləklər
Ağacların saçlarını yolmasın.
Payız yarpaqların qətliamıdır,
Ağ geyimdə keçib getmək olmur
Dərdli ağacların yanından.
Gəl sən, qışda da gəlmə,
Qışda qardı, sazaqdı.
Günlərin qısa vaxtıdır,
Qəbiristanlığın yolu uzaqdır.
Yaxınlarımın əyni yuxadı,
Ayaqqabısı su keçirən də var.
Canı qızmayan adamın
Göz yaşı da soyuq olar.
Qışda bahalıq olur,
İşıq baha, qaz baha.
Məzar baha, bez baha.
Bura küləkli şəhərdi
Kasıbın nə ahı, nə duası
Çatmaz Allaha!
Baharda da gəlmə,
Baharı gözləyir qaranquşlar,
Otlar, çiçəklər, sular, yarpızlar.
Baharı gözləyir
təzəcə otuxan quzular!
Baharı gözləyir
gözəl ayaqlı qızlar!
Ölüm, mən ölüm gəlmə.
Ona görə yox ki,
Kimsə ağlayacaq, yasa batacaq.
Ağlamaq, yas tutmaq ötəri şeydi
Bir xoş günə bənddi
kədərli sifətin gül kimi açmağı,
Göz yaşının qurumağı.
Ölüm, heç zaman gəlmə
Atan, anan, sevgilin,
Balan varsa.
Ölüm heç zaman gəlmə,
Hardasa mənim üçün darıxan varsa!!!
***
Mənim alın yazım sağdan yazılıb,
Mən soldan oxuya bilirəm ancaq.
Günəşə baxmıram günəbaxantək
Salavat çevirib ölürəm ancaq.
Mən şah bostanının əkinçisiyəm
Əkərəm, biçərəm özgələr yeyər.
Çiyələk dərməyə uzanan əlim
Yarpağın altında gürzəyə dəyər.
Nəsihət görmüşəm mayası hədə:
- "Qurd ular, başına bəla gətirər".
Bilirəm, ən gözəl cümlələri də
Sonunda qoyulan nöqtə bitirər.
Tək Vətən sağ olsun, əmir-əyanı,
Taxtdan enən kimi büzüşdü - gördüm.
Düzdə qala tikdim, əlləri yalın,
Mənim gördüyüm iş düz işdi - gördüm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!