Poemadan bir parça
Azər Yusifli (1994-2020)
Dövlət Sərhəd Xidməti Çevik Hərəkat Dəstəsinin baş giziri "Azərbaycan sərhəd mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, ölümündən sonra
"Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuş Azər Yusiflinin unudulmaz xatirəsinə
Epiloq
Bilmirəm hardan başlayım,
Hardan yazım bir şeiri?
Göyüm-göyüm göynəyir,
Ürəyimin hər yeri.
Çiynimizdə nə qədər,
Tabut gedir, ay Allah.
Qoy müharibə olmasın:
La ilahə illəllah.
Sənsən gümanım mənim,
Rəbbim, kömək ol bizə.
Qan gölü yaranmasın,
Lalələr çıxsın dizə.
Xoş gördük, Azər balam,
Yurdun mübarək olsun.
Sənə yazdığım şeir,
Qəbrinə çələng olsun!
***
Doğma Ağstafam, gözəl el-obam,
Yenə ürəyinə dağlar çəkildi.
Yenə bir ananın ürəyi yandı,
Yenə bir atanın beli büküldü.
Sil gözün yaşını, başına dönüm,
De azmı görübsən olacaqları?
Torpağa verdiyin şəhidlərinlə
Hər gün fəth edirsən ucalıqları...
Sazına, sözünə qurbanam sənin,
Keçmişin, sazında, sözündə yatır.
Səhərin nə gözəl açılır sənin,
Ruhların səhərin gözündə yatır.
Saysam şəhidlərin heç saya gəlməz,
Hamsının bir adı: vətəndi, vətən.
Ağacın, çiçəyin çoxalıb sənin,
Şəhid ruhlarıdır torpaqdan bitən.
Qızarır gözlərim söküldükcə dan,
Bu gecə uyuyub heç yatmamışam.
Sərhəddə əsgəri güllə oyadır,
Mən heç öz balamı oyatmamışam.
Azərin gözünə yuxu getmir heç,
Baxışı sərhədə uzanıb gedir.
Diqqətlə oxusan, baxıb görərsən,
Göylərə bir məktub yazılıb gedir.
Azər o məktubda nə yazıb görən,
Buludlar oxusun, göylər oxusun.
Göylərin sökülən yerləri varsa,
Alıb o məktubu ora toxusun.
Bəlkə yuxulardı məktublar deyil,
Beləcə, uçuşur sərhəd boyunca.
Ana yuxuları elə göydəcə,
Dönür ağ yorğana, dönür balınca.
Azər dan üzünü sevir ürəkdən,
Dan üzü bənzəyir qızaran gözə.
Vətənin gülüylə, çiçəkləriylə,
Azər dilə gəlir, başlayır sözə.
Azər yaxşı bilir sərhəd dərdini,
Düşmən həmləsiylə yarılıb sərhəd.
Əsgərlər gözünü yumub-açanda,
Bəlkə də beş yerdən qırılıb sərhəd.
Gözünü heç zaman yummayır Azər,
Sərhədi gözündə o düz saxlayır.
Amma boylananda Təbriz tərəfə,
Bir gözü gülürsə, biri ağlayır...
Sərhəd qoşununun gizir övladı,
Ayaqdan diridi, gözdən itidi.
Onun gözü boyda gördüyü dünya,
Doğma vətəninə məhəbbətidi.
Qarşıda Zəngilan, Cəbrayıl, Ağdam,
Sərhədlər hər yerdə dağım-dağımdı.
Sərhədi uçubsa, xəstədir demək,
Sərhədi bötövsə, sağlamlığıdı.
Üçrəngli bayrağı tutub əlində,
Qarşıda düşmən var, dağ var, dərə var.
Zəngilan torpağı görür bayrağı,
Göylərə yüksəlir haylar, haraylar.
Sevinir Zəngilan, sevinir Azər,
Qovuşur bir anda vüsal-vüsala.
Bayrağı görəntək, bir an içində,
Torpaq bülənd olur yaşıla, ala.
Aşır Zəngilanın başının üstən,
Üçrəngli o məğrur qalib bayrağı.
Bayraq asıldımı, sanki açılır
Zəngəzur elinin dili, dodağı...
***
...Günlərin bir günündə,
Cəbhəyə getdi Azər.
Anasının dilində,
Laylatək bitdi Azər.
Ağstafa elləri
Uğur olsun, dedilər.
Hər tərəfdə qan-qada
Pozulubdu sərhədlər.
Ayrılıb Songülündən,
Getdi döyüşə Azər.
Bilirdi ki, sərhəddən,
Çıxıb gəlir güllələr.
Sinəsi dağlı idi,
Azərin vətən sarı.
Gözləyirdi yolunu,
Soltanlı, Əmirvarlı.
O getdi canı ilə,
Sərhədi bağlamağa.
Vətəndə körpələri,
Getdi sağ saxlamağa.
Mahmudlu və Göyərçin
Kəndlərini görəndə,
Güllələr ac qurd kimi
Ulayanda, hürəndə...
Heç zaman titrəmədi
Avtomatı əlində.
Yerdən bir çiçək dərdi,
Son dəfə Songülünə.
Necə xoşbəxt olurmuş,
Azad vətən övladı.
Müharibədə əsgərin
Döyüşdü istedadı.
Xudafərin körpüsün,
Bir an görüncə Azər.
Yadına düşdü Təbriz,
Yadına düşdü Xəzər.
Qanadlandı xəyalı,
Uçdu Göyçəyə sarı.
Sərhədçi gözləriylə
Doğradı buludları.
Şuşa gəldi yaxına,
Gözü doldu Azərin.
Gözü olmaq istədi
Açılan səhərlərin.
İstədi ki, söz kimi
Gəzsın dildə, dodaqda.
Həm Bakıda, Şəkidə,
Həm Qubada, Qazaxda.
Vətən sərhədlərində
Onun göz işığı var.
Əsgərlərin içində
Gözəl bu duruşu var.
Böyük Kəsik kəndində
Onu Songülü gözlər.
Bağçalar da, bağlar da,
Dərər, bir gülü gözlər.
Çiyni gizir rütbəli,
Vətən duyğulu Azər.
Vətən sevgili igid,
Vətən qayğılı Azər.
Dövlət Sərhəd Xidməti,
Onun göz işığıdı.
Sərhəd müəllimiydi,
Sərhəd yaraşığıydı.
Zəngilan şəhərinə,
Bayraq sancdığı zaman
Ona çox sağ ol dedi,
El-oba, Azərbaycan.
Sözünü rəhbər tutdu,
Ali Baş Komandanın.
Pərvanəsi oldu o,
Anam Azərbaycanın.
Songülü zənglərində
Hər vaxt ona "can" dedi.
Azər Songülünə də,
Dedi, Azərbaycan, dedi.
Bu saat hamı, hər kəs,
Azərbaycandı mənə.
Anam da Azərbaycan,
Atam da Azərbaycan,
Sevgilim, gülüm də,
Böyük Kəsik elim də
Azərbaycandı, candı,
Canım ona qurbandı...
***
...Doxsan dörddə doğuldu,
Böyük Kəsikdə Azər,
Ondan da müharibəydi -
Düşmən tapdağındaydı,
Həm Füzulu, Qubadlı,
Həm Zəngilan, Kəlbəcər.
Şəhidlər onda da vardı,
Onda Azər körpəydi.
Şəhid qəbirləri də
Azər üçün təpəydi.
Nə bilirdi, böyüyüb,
O da şəhid olacaq.
Onun da gül məzarı,
Torpaqdan ucalacaq.
Atası Nazim müəllim,
Hərdən deyirdi ona:
- Sənin yaşına qalmaz,
Müharibə yetərdi sona.
Evdə Yeganə müəllim,
Azərə dərs deyirdi,
Uzaqdan çək gözünü
Kitaba bax, deyirdi.
O bilmirdi, övladı,
Niyə baxır uzağa?
Sərhədçi olacaqmış,
Baxır təpəyə, dağa.
O gün hansı günüydü,
Susdu, ürəyi susdu.
Xudafərin titrədi,
Düşmən sərhədi pusdu.
Songülə çatdı xəbər,
Saçın küləyə verdi.
Axan göz yaşlarını,
Verdi, ürəyə verdi.
Barmağında üzüyün
Sərhədləri titrədi.
Tutdu, əliylə tutdu,
Heç nə kömək etmədi.
Necə çətin olurmuş,
Nişan üzük ağrısı,
Üzük də ağappaqdı,
Çəkilibdi sarısı...
***
Azərin arzuları,
Keçdi həyata, dostlar.
Azərbaycan ordusu,
Yetişdi dada, dostlar.
Şuşa azad olundu,
Könüllər şad olundu.
Şəhidlər yad olundu,
Bitdi qan-qada, dostlar.
Qələbə düzün oldu.
Sərhədlər gözüm oldu.
Qarabağ bizim oldu,
Qalmadı yada, dostlar.
***
Ali Baş Komandan, o ali rəhbər,
Ölkəmin ən böyük şöhrət-şanıdı.
Fərman imzaladı, fərmanda Azər,
"Vətən Müharibəsi Qəhrəmanı"dı.
Azərin şöhrəti gəzdi hər yanı,
O mənfur düşmənin bağrını dəldi.
Sağ olsun Prezident, onun dalınca
"Vətən uğrunda" medalı gəldi.
Cəbrayılın azad olunmasında
Xidmətinə görə medal da aldı.
Azər qəhrəmantək düşdü tarixə,
Alçaqlıq düşmənin özünə qaldı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!