ZƏFƏR YAZANLAR - AY Bəniz Əliyar - Poema

Şəhidlərimizin əziz xatirəsinə həsr olunur

 

***

Tarix yollar aşır atlılar kimi,

Aşır sərhədləri, sədləri aşır.

Əlində bir qədim çıraq var kimi,

Torpağın altında gəzib-dolaşır.

 

Yatır, bir sal daşı qoynuna sıxıb,

Bir dağın döşündə mürgüsün döyür.

Hərdən soraqlayır bir məzarlığı,

Hərdən bir ocaqdan gözünə dəyir.

 

Quş dili, daş dili var bu tarixin,

Söz dili, saz dili var bu tarixin.

Bizə xəbər verir keçmişimizdən,

Anlasan, öz dili var bu tarixin.

 

Döyüşən illərin, qanlı illərin

Torpağın üstündə öz tarixi var.

Mən tarix sayıram hər ocaq yerin,

Mənimçün tarixdir hər qala-divar.

 

Bu Vətən tarixin bizə payıdır,

Bu torpaq babalar əmanətidir.

Tarix zaman-zaman geri qayıdır,

Bizi olacaqdan xəbərdar edir.

 

Tarix o vaxt var ki, salırsan yada,

O da unutmayır, səni yaşadır.

Şəhid oğulların məzarları da

Bu ana torpağın qan yaddaşıdır.

 

***

Mən öz ədalətimə xilaf çıxa bilmirəm,

"Vətən" sözü, "haqq" sözü talismanımdır mənim.

Müqayisə etmirəm, hissələrə bölmürəm,

Nə qədər məkrlidir, hiyləgərdir düşmənim.

 

Vətəni özü üçün sevənlərdən olmayın,

Vətəni Vətən üçün sevmək lazımdır bu gün.

Məni də qələmimlə müsəlləh əsgər sayın,

Vətən üçün vuruşmaq alın yazımdır bu gün.

 

Təbriz, Dərbənd, Borçalı, Turan sevdalı olun,

Azərbaycan eşqinə haray salın hər zaman.

Bir gün zəfər sonluğu, əlbət, vardı bu yolun,

Torpaq müqəddəsləşir üstünə axdıqca qan.

 

***

Gözün aydın, ay Vətən, torpağına, daşına,

Azadlıq toxumunu səpə-səpə gəlirik.

Yenə "min lənət" deyib yağıların leşinə,

Üçrəngli al bayrağı öpə-öpə gəlirik,

Azadlıq toxumunu səpə-səpə gəlirik.

 

Yaralı qəlbimizin yoxdur özgə dəvası,

Azad olmalı xalqın hər kəndi, hər obası.

Yerlə-yeksan olacaq şərin mənfur yuvası,

Şığıyaraq üstünə, düz hədəfə gəlirik,

Azadlıq toxumunu səpə-səpə gəlirik.

 

Qoymarıq düşmənləri sahiblənə yurduna,

Güc yetişməz gücünə, ordu çatmaz orduna.

Hər əsgərin bir alay, hər alayın fırtına,

"Qeyrət" adlı yenilməz o mənsəbə gəlirik.

Azadlıq toxumunu səpə-səpə gəlirik.

 

Belini dikəlt, Vətən, artıq bitəcək yasın,

Qələbə havasında açılıbdır bu yazın.

Tanrıdır bizə şahid, yenə haqqın zopasın,

Düşmənlərin gözünə təpə-təpə gəlirik,

Azadlıq toxumunu səpə-səpə gəlirik.

 

Atəşkəs mövqeyimiz uzun illər sürsə də,

Düşmən "Qarabağ" adlı şirin röya görsə də,

Bizi yalan sazişlər, "sülh"lər gecikdirsə də,

Geriyə yox yolumuz, bax bu dəfə, gəlirik.

Azadlıq toxumunu səpə-səpə gəlirik.

 

İblislər dursa belə arxasında düşmənin,

Heç biri qıra bilməz döyüş ruhunu sənin.

Canına qıyılsa da bələkdə son körpənin,

Bizimlədir tam zəfər, haqq qələbə, gəlirik.

Azadlıq toxumunu səpə-səpə gəlirik.

 

***

"Generalı vurdular!

Kim vurdu, necə vurdu?".

Bax, beləcə başladı Zəfər yürüşü onda.

Ayağa qalxdı millət, ayağa qalxdı ordu,

Xalqın səbr kasası daşdı-töküldü sonda.

 

"Generalı vurdular!" Acı xəbər verildi,

Bu xalqın bir ər oğlu yüksəldi şəhadətə.

Bir general vuruldu, min-min ərən dirildi,

Tarix şahidlik etdi xalqdakı rəşadətə.

 

Polad Həşimov oldu Ruhun zəfər töhfəsi...

Yerlə yeksan edildi düşmənin hər hədəfi.

"Yeni bir müharibə, yeni torpaq həvəsi",

Gömüldü qaranlığa saxta erməni mifi.

 

***

27 sentyabr... Payız gec gəlib,

Səhər çağı, sübh çağıdır, yer-göy od tutub.

Murovdağın ətəkləri sanki qan gölü,

Sanmayın ki, Xocalını Tanrı unudub.

 

Yaraları qaysaqlamır yanan torpağın,

Payız gəlib, yağış yağmır, güllələr yağır.

Tanrı sanki göy üzündən əlin uzadıb,

Meşələrdən ağacların kölgəsin yığır...

 

...Nə yaxşı, birlik olduq, yenə verdik əl-ələ,

Zəfər ilə sonlandı tarixi sınağımız.

Daha da sağlam oldu doğma Türkiyə ilə,

Qardaş Pakistan ilə qurulan can bağımız.

 

Bu gün Çanaqqaladır Qarabağın çölləri,

Sabah xalq deyə-gülə qovuşacaq yurduna.

Zəfər tarixi yazdı Azərbaycan əsgəri,

Min kərə əhsən olsun bu Müzəffər Orduma.

 

Mübarizlər, Poladlar bərpa etdi keçmişi,

Türklük ər meydanında öz atın çapacaqdır.

Düşmənlər bilməlidir, xalqımızın haqq işi,

Gec-tez öz ədalətli həllini tapacaqdır.

 

Demə, yaxşı tanıyıb öz sahibini torpaq,

Düşmənin qafasında dəmir yumruq olacaq.

Ali Baş Komandanın əmri istənilən vaxt

Bizi Zəfərimizə aparan yoldur ancaq!

 

Müharibə... Qanlı döyüş... Ağırdır adı,

Qurtulmurduq, müharibə olmasa əgər.

Çox şükür ki, oğullara məzar olmadı,

Babaların, ataların qazdığı səngər.

 

***

Oba-oba alınırdı Qarabağ,

Şəhər-şəhər yaxınlaşırdı Zəfər.

Oğul-oğul azalsaq da, bilirdik,

Şəhid-şəhid yaxınlaşırdı Zəfər.

 

İzdihamla axışırdıq yollara,

Tək bu idi yanğımızı soyudan.

Deyə-gülə, əl-ələydi hər gedən,

Çiyinlərdə qayıdırdı qayıdan.

 

***

Əcəb müharibədi,

qayalar gülləndi.

Qaradan da qaranlıq

quyular güllələndi.

 

Anaların saçına

güllə-güllə dən yağdı.

Şəhidlərin gözündən

bir ovuc Vətən yağdı.

 

Güllələndi məzarlar,

keçmişə yağdı güllə.

Qırılan şəkillərdən

dünyaya baxdı güllə...

 

...Yaz bitir gül açandan,

Külək yolur saçından.

Quşu da ağacından

güllələdilər.

 

Güllələnməyən nə var?

Könüllər qübar-qübar.

Ev-eşiyi dörd divar

güllələdilər.

 

***

Ana əlləridir, göyə açılır,

Tanrıya əmanət hər oğul payı.

Ana duaları göyə saçılır,

Güllələrə çatır ana harayı:

 

"Mənim övladıma dəymə, a güllə,

Nə yaşı vardı ki, hələ uşaqdı.

Hələ xəyallarla kövrələcəkdi,

Hələ arzularla yaşayacaqdı.

 

Necə amansızsan, necə acısan,

Fərqi yox səninçün cavan, ya qoca.

Sən də düşmənimin əl ağacısan,

Yaxşılıq etmədin ömrün boyunca".

 

Hamı dua edir durmadan göyə,

Bitsin müharibə, bitsin acılar.

Dönüb bircə-bircə yanıqlı neyə,

Qardaşları üçün yanır bacılar:

 

"Mənim qardaşıma dəymə, a güllə,

Qardaşım lap təzə ailə qurub.

Qızı balacadı, oğlu körpədi,

Evin təzə tikib, təzə oturub.

 

Ev üzü görmürdü neçə il idi,

Səngər həyatıydı bildiyi həyat.

Təzəcə özünə gün ağlamışdı,

Təzə yaratmışdı isti dam-dağat".

 

Övlad arzuları bitmir, tükənmir,

Bu təmiz arzular göyə tez çatır.

Bəzən elə olur danışmır, dinmir,

Körpə baxışlarda min dua yatır:

 

"Mənim atamdan da yan sovuş bir az,

Bu qədər köç-külfət tək ona baxır.

Sən hardan biləsən bu yaşında da,

O işə gedəndə anam darıxır.

 

Bu dəfə anama yazığın gəlsin,

Anam bu dünyada çox ağrı çəkib.

Bir də balaların yetim böyütmə,

Bir də ağrımasın, göz yaşı töküb".

 

Bu əcəl maşını sürməsin uzun,

Hamını içindən bir qəhər boğur.

Əlləri xınalı, nişanlı qızın,

Arzusu bir başqa yanğıdan doğur:

 

"Mənim sevgimə də dəymə, a güllə,

Ürəyimə gəlsin azarın sənin.

Yerinə geri dön, düşmənə sancıl,

Düşmən ürəyidir məzarın sənin".

 

Həm torpağıq, həm Vətən,

həm ərənik, həm ərik...

Biz namus carçıları,

Biz bayraq şahidlərik.

 

Həm ağrıyıq, həm qəzəb,

Həm qüruruq, həm vüqar.

Bizim ölümümüzdə

Ölümsüzlük özü var!..

 

Həm qalxanıq, həm qılınc,

Həm mərmiyik, həm sipər.

Bədənimizi torpaq,

Ruhumuzu göy öpər...

 

Arzuları qanadlı,

üzü işıqlı Şəhid.

Həm qəhrəman, həm cəsur,

həm yaraşıqlı Şəhid...

 

***

...Bir-birinə bənzəyirdi hamısı,

Hamsı cavan idi, qüvvətli idi.

Ayıra bilməzdin hansıdı-hansı,

Hamısı yurd sevdalı, qeyrətli idi...

 

...Sevgi, deyirsənmi, sevgi idilər,

Ürək, deyirsənmi, ürək idilər.

İnsan belə olmur, heç belə olmur,

Onlar qoruyucu mələk idilər...

 

...Tanrı ayırmışdı onları yəqin,

Seçib-seçmələyib yığmışdı bəlkə.

Onları el üçün, bu torpaq üçün

Tanrı anaları doğmuşdu bəlkə.

 

***

Yorğun düşəndə də bir yerdəydilər,

Susuz olanda da bir susuzdular.

Qorxu, deyirsənmi, qorxu yox idi,

Onlar cəsurdular, qorxusuzdular...

 

...Orda gecə yoxdu, səhər yox idi,

Orda ölümlərə səfər yox idi.

Əbədi yaşamaq var idi orda.

Şəhidlik hamıya yar idi orda...

 

...Bəlkə qorxu vardı, anan zəng edər,

Səsini eşitməz, nigaran qalar.

Atan dağdan ağır adamdı axı,

Dözməz, bu sükutu qəlbinə salar.

 

Qorxuda bilərdi, bax, bunlar səni,

Qızının duası var idi amma...

Qadının arxanca su atmışdı haa,

Bax, o müqəddəs su var idi amma...

Qorxu yox idi...

 

Elegiya

 

Şəhid şəkli...

Bir deyil, yüzlərlə, minlərlədir,

Baxıram, hey baxıram, nur çilənib hər üzə,

Hər kəs bu şəkilləri əlində bayraq edir,

Aldığımız nəfəsi sizə borcluyuq, sizə.

Hər can Vətən övladı, hər ürək Vətən oğlu,

Sənin ali məqamın mübarək, Vətən oğlu!

 

Şəhid şəkli...

Bir xalqın döyünən ürəyidir,

Düzülübdür sıraya müsəlləh əsgər kimi.

Şəkillər, bilirsiniz, xatirə gərəyidir,

Bəs bu nədir birliyə səsləyir millətimi?

Yenə də birləşmişik yumruqtək, Vətən oğlu,

Sənin ali məqamın mübarək, Vətən oğlu!

 

Şəhid şəkli...

Bu şəkil azadlığın özüdür,

O ki Vətən yolundan candan keçməyə razı.

Bu ölüm ölüm deyil, ölməzliyin süsüdür,

Əcəb şəkillənibdir şəhid olmaq arzusu.

Bayrağımın sancağın göyə çək, Vətən oğlu,

Sənin ali məqamın mübarək, Vətən oğlu!

 

Şəhid şəkli...

Qürur var, örnək var, əzəmət var,

Tarixlərə qazılır yaşadığımız hər gün.

Şəklinlə necə ürək indi təskinlik tapar,

Bəs biz nə etməliyik sən boyda olmaq üçün?

Şəklinin də dili var, de görək, Vətən oğlu,

Sənin ali məqamın mübarək, Vətən oğlu!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!