Türk şeirindən seçmələr
DİLSUZ
Behçet AYSAN
GƏLƏCƏK DEYİLƏN
BİR ŞEY VAR
Bilirəm,
gələcək deyilən
bir şey var,
dəmirin safı - su qatılmamışı.
Bilirəm,
irmaqlar keçiləcək,
fırtınalar susacaq.
Bilirəm,
gün gələcək -
üzümüz güləcək;
sülhə, qardaşlığa
salam verib,
salam alacağıq,
çocuqlar
hər axşam
tox yatacaq.
Nə tikanlı məftillər olacaq,
nə tanklar-tüfənglər,
nə tuberkuloz-filan,
nə işsizlik...
Eşq - göz-gözə,
dostluq - çiyin-çiyinə,
bilirəm,
bizim də,
bizim də
süd kimi ağappaq,
çörək kimi isti
günlərimiz gələcək,
qardaşlarım,
qanadlarında
günəş və bahar cilvələnən
quşların pişvazına çıxaq,
qollarımızdakı zəncirlərlə,
qəlbimizdəki yaralarla...
Bilirəm,
gələcək deyilən
bir şey var,
dəmirin safı - su qatılmamışı.
Bilirəm,
irmaqlar keçiləcək,
fırtınalar susacaq,
Bilirəm,
o gün gələcək,
mütləq gələcək...
XOŞCA QAL
Xoşca qal,
gəlişindən sevgi umduğum
böyürtkən rəngli gecə,
Xoşca qal,
sərsərilər kimi
dolandığım küçə,
Xoşca qal,
özünə
bambaşqa bir göy üzü nəqş edən
qardaşım - gecə fənəri!
Xoşca qal,
qarlı havalarda
çaldığım fit,
oxuduğum türkü.
Xoşca qal,
anamın bəyaz yaşmaqlı üzü,
Xoşca qal,
ihlamur ağacının gövdəsinə
yazdığım yazı.
Xoşca qal,
uzaqlarda yanan
küləşin parıltısı...
Xoşca qal,
üz-gözümü isladan yağış,
gördüyüm yuxu -
eşq, qovğa və kədər...
Xoşca qal,
qırıq kətil,
dəyirmi masa
masanın üstündəki
qum saatı.
Qum saatı,
Sən demədinmi
getmək vaxtıdı?..
AY DÜŞƏR DƏNİZƏ
Ay düşər dənizə -
səni xatırlayaram.
İncə-incə yağış yağar,
Limana yan alar gəmi -
səni xatırlayaram.
Ay düşər dənizə -
qəlbim çırpınar, çırpınar
qəfəsə salınmış quş kimi,
önümdən
bir qadın keçər,
qaralar geymiş,
yaxasında
ipiri qırmızı bir gül -
səni xatırlayaram.
Ay düşər dənizə
və mən
hələ söylənməmiş bir türkü,
hələ yağmamış bəyaz qar,
hələ açmamış begonayam…
Vağzalda
tərpənmək üzrədir qatar -
səni xatırlayıram.
YOLAYRICI
Burda dəniz qurtarır,
qağayılar
təlaş içində
dalğaların qoynuna
qayıdırlar,
mənimsə
gedəcək bir yerim yoxdu…
Burda dəniz qurtarır
və göy üzü başlayır,
ucsuz-bucaqsız,
dərin,
kirli göy üzü…
Deyirəm,
bacarırsınızsa,
durdurun,
pünhan yerdə sevişirlər:
rüzgarla rüzgar,
xəyalla xəyal,
yuxuyla yuxu.
Burda dəniz qurtarır
və göyüzü başlayır;
qalmışam yolayrıcında -
nə qayıtmağa bir ada,
nə getməyə bir ulduz var…
MOR SEVGİ
Ey mor sevgi,
nəyə, nəyə yetər gücün?
Məni
o tənha
dağ çeşməsinin
yanına apar,
sevdiyimin ovuclarını
öpücüklərlə doldurum.
Ey mor sevgi,
nəyə, nəyə yetər gücün?
Gətirə bilərsənmi
keçən günləri geri?
Yağdıra bilərsənmi
sevdiyim yağışları?
Ey mor sevgi,
nəyə, nəyə yetər gücün?
Sağımda bir ulduz otursun,
solumda bir ulduz,
bulud keçməsin aramızdan...
Ey mor sevgi,
nəyə, nəyə yetər gücün?
hər sevinc bir kədər,
hər eşq bir ayrılıq gətirir...
Gültən AKIN
AĞI
İlk dəfə bu səhər
baxdım,
baxdım,
göyü görmədim.
İlk dəfə bu səhər
baxdım,
baxdım,
ərik çiçəklərini
görmədim.
İlk dəfə bu səhər
hüzn qonaq kimi yox,
evimin yiyəsi,
evimin ağası kimi gəldi.
Şahinimi uçurdum,
geri dönmədi,
cüyürümü səslədim,
suya enmədi -
yandım,
yandım, kül oldum, dağlar.
Mavrılı, ərikli
qapılar kilidləndi,
daş həyətlər susdu,
mən susdum...
İlk dəfə gözlədim ölümü,
bir dost gözlər kimi -
yandım,
yandım, kül oldum, dağlar.
Mənim acım
acıların acısı -
havalı at kimi
dördnala gəlir üstümə,
ot yox, ümid yeyir, ümid,
suyunu gözümdən içir...
İlk dəfə bu səhər
baxdım,
baxdım,
göyü görmədim.
İlk dəfə bu səhər
baxdım,
baxdım,
ərik çiçəklərini
görmədim.
İlk dəfə bu səhər
yandım,
yandım, kül oldum, dağlar.
GƏL, ARTIQ...
İnsan
tək-tənha olunca,
otaq
böyüyür, böyüyür, böyüyür -
bir də görürsən ki, qəribsən
evinin içində,
masanın arxasında,
pəncərənin önündə,
çiçəklərinin yanında,
illah da ki,
aynanın önündə...
Sevdiyin
yaxında olur -
yaxını dərk edirsən,
uzaqda olur -
uzağı dərk edirsən...
Səhəri
əski bir quş yuvasında
açdım -
külək əsdi - üşüdüm,
yağış yağdı - islandım,
amma bəyəndim,
içinə adımı yazdım,
mənimdi deyə...
Gün uzun türküsünü
bitirdi,
Qaranlıq qondu
qarlı budaqlara,
Yalnızlıq
dözülməz olur
belə vaxtlarda,
dəliyə döndü
dənizdə yosun,
çayda balıq,
gəl artıq...
QİYAMƏT
Məktublarını yandırdım,
sevgi dolu
sözcüklərini,
sevgi dolu
öpücüklərini yandırdım -
kül rənginə döndü qəlbin,
kül rənginə döndü dodaqların...
Zərfin üstündə
bir ünvan vardı,
yandırdım,
bir az dünyanı,
yəni hər şeyi
yandırmaq kimi oldu...
Qurduğumuz xəyalları,
çəkdiyimiz həsrətləri
yandırdım,
bir yuxu görmüşdük -
yandırdım...
Rəsmlərini yandırdım,
heç olmasa,
birini saxlayım dedim,
amma ən çox onu yandırdım,
ən çox onu yandırdım...
Qış səmasını yandırdım,
eyvanda
bir qovaq böyütmüşdüm,
yandırdım;
onlar yandıqca, mən üşüdüm,
onlar yandıqca, mən üşüdüm,
onlar yandıqca, mən üşüdüm...
Birdən qiyamət
qopdu bayırda -
qiyaməti yandırdım!
Çıxartdım
məktublarını,
rəsmlərini
gizlətdiyim yerdən -
atdım alova!
Yandırdım,
sevgimi yandırdım,
altını üfürə-üfürə,
üstünə göz yaşı
tökə-tökə...
QƏLBİMƏ DAMANLAR
Bir gün,
ümid etmədiyim,
güvənmədiyim bir gün
ilanabənzər o qatar
alacaq səni məndən.
Bəlkə
nələri apardığını
heç düşünməyəcəksən,
Bəlkə dönəcəksən,
bəxt ulduzumuz
söyüd ağacının
budaqlarına düşərkən,
ya da
ilk mahmur gülü açarkən...
Bəlkə heç gəlməyəcəksən,
məni gözləyəcəksən, məni...
Nə var
bu dünyada
itirib tapmaqdan gözəl?
Demək asandır,
yanır içim,
səhrada yol gedən
qərib yolçu kimiyəm,
bulaq ol,
çıx qarşıma,
səni ovuc-ovuc yox,
damla-damla içəcəyəm...
Əhməd ARİF
HƏSRƏTİNDƏN
QANDALLAR
DÜZƏLTDİM
Səndən
danışa bilsəm, səndən,
günəbaxan üzlü uşaqlara,
səndən
danışa bilsəm, səndən,
cəsur, igid qəhrəmanlara...
Qurd uyudu,
quş uyudu,
bir mən uyumadım, mən,
zillədim gözlərimi
yanımdan gurul-gurul
axıb gedən bahara...
Həsrətindən
qandallar düzəltdim,
saçlarına güllər taxdım,
qan rəngində!
Bir o yana,
bir bu yana...
Səndən
danışa bilsəm, səndən,
dibsiz quyulara,
göy üzündən axan ulduzlara,
səndən
danışa bilsəm, səndən,
əli
okeanın ən sərt
dalğasındakı
saman çöpünə yetişənə...
Səndən
danışa bilsəm, səndən,
ilk sevginin
əfsununu itirmiş,
ilk öpüşün dadını qaçırmış
fikir-xəyal içində
itib-batmış birinə...
Həsrətindən
qandallar düzəltdim,
saçlarına güllər taxdım,
qan rəngində!
Bir o yana,
bir bu yana...
Nə olar,
yumma gözlərini,
üşüyürəm...
MƏRHƏBA
Gün doğar,
qarın bağlar nəm torpaq.
İncəsu dərəsi, mərhəba.
Yuvalarda çılğın sərçələr...
Buludlarda qartal -
indi çalacaq ovunu...
Əfv fərmanını
gözləyən bir qadın
bir günü - bir noxudu
çıxaracaq kasadan.
İncəsu dərəsi, mərhəba.
Qüllədə bayraq -
sülhü düşünür,
kömür mədənindəki fəhlə -
göy üzünü.
Mən bunların hamısını
və səni düşünürəm,
gündə 24 saat!
Elani-eşq məqamından
bir misra
cücərib qımıldanar içimdə...
Amma muradıma
çatammaram,
bilirəm
ağdan-qaradan
bu qədərdi qismətim,
unutmuş gülməyi
göz bəbəklərim,
unutmuş öpməyi
dodaqlarım,
İncəsu dərəsi, mərhəba.
İÇƏRİDƏ
Xəbərin varmı, daş-divar,
xəbərin varmı
dəmir qapı, kor pəncərə,
saman yorğan-döşək,
yastıq,
qol saatım - zəncirim,
jandarmadan gizlətdiyim
məhzun rəsm,
uğruna
ölümlərə gedib-gəldiyim
ziyarətçim
göy soğan gətirmiş...
Qərənfil ətri verir siqaretim,
bahar bürümüş dağlarını
məmləkətimin...
UNUTMADIĞIM
Açardın,
yalnızlığımda bitən
masmavi və yamyaşıl
bir çiçək misalı.
Dovşan qanı kimi
xınalı və parlaq -
yenərdim bütün dərdlərimi...
Getmək,
gözlərində getmək sürgünə,
Yatmaq,
gözlərində yatmaq zindanı,
gözlərin hanı?
"To be or not to be" deyil,
"Cogito ergo sum" heç deyil.
Əsl iş labüd olanı -
qarşısı alınmaz uçqunu,
sonsuz axını anlamaqdır.
İçmək,
gözlərində içmək Ay işığını,
Varmaq,
gözlərində varmaq ruh sehrinə,
gözlərin hanı?
Qəlbimin
ən sirli yerində
bir qəlb idin,
qan deyil,
sevdamız axardı gecəyə,
cəllad dartdıqca kəməndi...
Duymaq,
gözlərində duymaq
sevinci, kədəri,
susmaq,
gözlərində susmaq
ülgüc kimi....
Gözlərin hanı?
Hazırladı:
Dilsuz
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!