Nəbzi yumruğunda döyünən xalqın
Saatı Şuşaya işləyir indi.
Qalxın ey şəhidlər, yuxudan qalxın,
Atınız altımızda kişnəyir indi.
Yolların boynuna sarılır nallar,
Qaçır üstümüzə yalların tozu!
Gözlərdə parlayır aylı hilallar,
Bükülür özləmin, həsrətin dizi...
Döyür qapıları gözaydınlığı,
Əsgər çəkməsində ağ palçıq gülür.
Dua badələri deyir sağlığı,
Şuşada ağaran alaçıq gülür...
Açır qollarını şəhid anası,
Alın yazısını öpür zamanın.
Sökülür gözündən yüzillik yası,
Gülür yanaqları Azərbaycanın!
Qol açıb oynayır şəhid məzarı,
Bayrağın başına dolanır külək.
Bülbülü çağırır qayada Xarı:
- Gəl yeni nəğmənlə şəklimizi çək!
Baxıram saata: sıfır bir on beş,
Artıq noyabrın onudur, indi.
(Düşmənin baxışı leş qoxuyur, leş...)
Bu zəfər, bu sevinc, ey türk, sənindir!
Sevinc göz yaşları - gecənin süsü,
Ulduzlar göylərdə yallı gedirlər.
Çal aşıq, bizimçün Zəfər türküsü,
Oynasın şeirimdə şanlı sətirlər...
...Ata, gözün aydın, gəldi türk çağı!
Şuşadan başlayır bu çağ, bu zaman!
Qara öprəyini açır başından,
Bu səhər dan yeri, dan alaçığı!..
Belini dikəldir Xudafərin də,
Zəngilan göz vurur Qafana sarı...
Araz da durulur lilli yerindən,
Gülür Təbrizin də boz buludları!
Qırx dörd gün zamana meydan oxuduq!
Altı həftə çəkdi yağı dirənci.
Biz şəhid qanıyla Zəfər toxuduq,
Hər ilməsi büllur, bədizi inci...
Söndürə bilmədi xalqın odunu,
Mərmi bulaqları, güllə yağışı!
İlk bəstəsini yazdıq, notunu yazdıq,
altun hərflərlə builki qışın.
Tanrı da dinləyir öz kürsüsündə
Bu Odlar Yurdunun zəfər notunu!
10-14 noyabr 2020
Şəmkir, Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!