Kağız ev - Səlim BABULLAOĞLU

44 günlük savaş günlərində çəkilən "Kağız ev" filmi üçün yazılıb

 

Kağızdan bir ev qurmuşduq nə vaxtsa,

Gündüz kimi dümağ idi divarı.

Talvarında sarı salxım üzümü,

Həyətində şirin narı, zoğalı.

 

Sürahisi əlimizə sığaldı,

Bir cüt gözdü pəncərəsi gecələr.

Eyvanına bütün məhlə sığardı,

Qəhqəhəylə gülüşərdi körpələr.

 

Burulardı bacasının tüstüsü,

Qapısının cırıltısı holavar.

Birdən-birə qəhət oldu istisi,

Qaçaq oldu birdən-birə el-oba.

 

Birdən-birə su yerinə həlməşik

İrin axdı, susuz qaldı bağatı.

Yetim qaldı həyət-baca, ev-eşik,

Uçub-getdi laylasıynan bayatı.

 

Namərd yağı göz diksə də yurduma

Evimizə düz gəlmədi dirəyi.

Elimizə düz gəlmədi ürəyi,

Qolumuza tən gəlmədi biləyi.

 

Budur yenə qayıtmışıq, atacan,

Kimi şəhid, kimi qazi, kimi ruh.

Bayatıynan, holavarnan qarışıq

Bir havayla yenə dövrə vururuq.

 

Xatirələr bizimlədir - qol-boyun:

Hamı sağdır, hamı şaddır, anacan.

Çal-çağırdı el-obada, toy-düyün,

Bu ev bizim evimizdir binadan.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!