"Getdilər Vətəndə Vətən olmağa..." - Şövkət Zərin Horovlu – Şeirlər

 

Getdilər Vətəndə

Vətən olmağa

 

Şəhidlərimizin əziz xatirəsinə

 

Qoşuldular durna qatarlarına,

Bu payız oğullar uçub getdilər.

And yeri eləyib torpağı-daşı

Polad qanaqların açıb getdilər.

Nə qorxu bildilər, nə dincəldilər,

Tərtərdən Laçına gedib çatmağa.

Getdilər Arazdan, Kür sahilindən,

Şuşa dağlarına körpü atmağa.

Ürəklər atəşli, gözlərdə tufan,

Göydən ələndilər, yerdən çıxdılar.

Xaraba kəndlərin divarlarına

Zəfər bayrağını gedib taxdılar.

Təzə iz açdılar dişlə, dırnaqla,

Dönüb arxaya da baxmadı onlar.

İki min yeddi yüz səksən üç igid,

Durnalar qayıtdı, qayıtmadılar.

Analar çırpınıb yolların üstə,

Döndülər göylərin mələklərinə.

Qızlar bəxt üzüyün, nişan paltarın

Tökdülər məzara çiçək yerinə.

Sandılar baharda qayıdıb gələr,

Bəlkə bu payızda dönərlər geri.

İki min yeddi yüz səksən üç oğlun

Evlərdə boşaldı çarpayı yeri.

Ocaqlar yandırıb nəfəslərilə,

Getdilər dağlarda tüstü qoymağa.

Hərəsi yenilməz, basılmaz bir ər,

Getdilər Vətəndə Vətən olmağa.

 

 

Saxla yaddaşda

 

Bu payız yolların rəngi dəyişib,

Əynindən sürüşüb xəzan paltarı.

Bu payız yollara bir işıq düşüb,

Çəkir Kəlbəcərə, Laçına sarı.

 

Nə vaxtdan yolçisiz göz döyən yolun,

Sorağı yetişib "Cıdır düzü"nə.

Həsrət soyuğundə üşüyən yolun

Qələbə sevinci qonub üzünə.

 

Hərəsi bir ordu, qeyrət oğullar,

Quşqonmaz zirvələr burda fəth edir.

Sıldırım daşları çapıb əlilə,

Ağlasığmayanı həqiqət edir.

 

Bu haqqa aparan Zəfər yoludur,

Bələdçisi olub haqq gəzənlərin.

Hər bir qarışında qan qoxusu var,

Ölümün üstünə düz gedənlərin.

 

Şuşanın belinə dolanan yolda,

Təptəzə iz açır əsgər çəkməsi.

Yaxın gəl, qulaq ver, ay qərib yolçu,

Pərdə-pərdə qalxır Zəfərin səsi.

 

Ümid çiçəkləyib dağda-dərədə,

Ömür, sən də diz çök, qoxla bu yaşda.

Ulu bir millətin hünər dastanın,

Köçür gözlərinə, saxla yaddaşda.

 

Əllərim

 

Sən məni duyardın ürəkdən qabaq,

Sevgi dumanında azan əllərim.

Baharla yarışan əzəl nəğməmi,

Çalıb-oxuyardın, ozan əllərim.

 

Bir vaxt oynayardın güllə, çiçəklə,

Bir vaxt oxşanardın sevgi dililə.

İndi də payızın sükutu ilə,

Baharı soruşan xəzan əllərim.

 

Yollarda bir ömür yorub gəlmişik,

Çəkilməz dərdlərə dolub gəlmişik.

Eh... Yaman dözümlü olub gəlmişik,

Məzarın dözümdə qazan əllərim.

 

Səssiz harayına gələn olmadı,

Sirini, dilini bilən olmadı.

Sənintək sevilən, sevən olmadı,

Bəxtini alnına cızan əllərim.

 

Bu zalım tənhalıq yarır bağrımı,

Bilmirəm, kiminlə bölüm ağrımı.

Dirilən yalanı, ölən ağrımı,

Gözümün yaşilə yazan əllərim.

 

 

Şeir doğulur

 

Yenə şeir yağır yuxularıma,

Gözümə sığışmır bu qərib gecə.

Sənsizliyi büküb ağrılarıma -

Özümə yağacam səssiz, gizlicə.

 

Gecələr masama tökülən şeirə

Söz-söz çəkilirəm, bu adətimdir.

Göy üzü Tanrının təbəssümünə,

Əllərim açılır, ibadətimdir.

 

Gəl çıxaq yuxumdan qalxaq göylərə,

Düşüb göy üzünü piyada gəzək.

Qoşulub günahsız ağ mələklərə,

Göylərin əzəli sakinləritək.

 

O mənəm buludun gözündən yağan,

Bir təsəlli yeri qalmayıb məndə.

Getdiyin yolların səmtin itirib,

Azmışam, sən dolu xatirələrdə.

 

Gecələr mürgülü, duyğular oyaq,

Vüsalın gözümə bir çıraq olur.

Tənha gecələrin səssizliyində,

Hər dəfə "Sən" adlı şeir doğulur.

 

 

Biz idik

 

Şirin nağıl idi o gecə göylər,

Sevgi qoxuyurdu sərin ləpələr.

Nəfəsin çəkmirdi güllər-çiçəklər,

Orda dəniz idi, bir də biz idik.

 

Dalğalar susmuşdu, külək dinmirdi,

Əllər danışırdı, ürək dinmirdi.

Bunu biz bilirdik heç kəs bilmirdi,

Orda dəniz idi, bir də biz idik.

 

Ay da bədirlənib qalxmışdı uca,

Xeyir-dua yağdı göylər doyunca.

Sevgi paylayırdıq sahil boyunca,

Orda dəniz idi, bir də biz idik.

 

Buludlar köçmüşdü, ulduz çoxuydu,

Qısa ömrümüzdə uzun yuxuydu.

Biz vardıq, dünyada heç kim yoxuydu

Orda dəniz idi, bir də biz idik.

 

Sevgi aləmində hələ naşıydıq,

Həsrətin çəpərin vurub aşırdıq.

Bir ömrə bərabər bir gün yaşadıq

Orda dəniz idi, bir də biz idik.

 

Ömrümə baxıram gözlərim dolur,

Bir qönçə açılır, bir çiçək solur.

Sənli xatirələr saçını yolur

Orda dəniz idi, bir də biz idik.

 

Aradan vaxt keçib, günlər ötüşüb,

Fəsillər dolanıb, illər görüşüb.

O sahil, o dəniz yadıma düşüb,

Orda dəniz idi, bir də biz idik.

 

 

İtirməyək bir-birimizi

 

Ayağım yoluna tamarzı qaldı,

Səndə ürəyimcə gəzmədim, Vətən!

Neçə cür arzular sənsiz qocaldı,

Yenə ümidimi üzmədim, Vətən!

 

Neçə yol çıxmışm yuxularımdan,

Sinəmi küləklər, yağışlar döyüb.

Hələ də ümidə söykəndiyimdən,

Məni qınaq dolu baxışlar döyüb.

 

Gecə gözlərimdən dərib yuxumu,

Xəyalıma büküb sənə köçmüşəm.

Hər kəsdən xəlvəti Araz qəmindən,

Gəlib misra-misra alıb içmişəm.

 

Həzin bir nəğməymiş bulağın, suyun,

Mən də sularına axım qarışım.

Şəhid ətri verən daşın, torpağın,

Önündə diz çöküm, əyilsin başım.

 

Sıxıram ovcumda bəxt ulduzumu,

Günəş həvəsilə ürəyim dolu.

Qadağa inadın biryolluq qıram

Açıla qarşımda bir işıq yolu.

 

Tutam o işıqdan qalxam dağlara,

Arayam o köhnə cığırı, izi.

Aradan silinə həsrət dumanı,

Bir də itirməyək bir-birimizi.

 

Aprel, 2018

 

 

Sən olmuşam

 

Yuxuda gördüm ki, məni gəzirsən,

Bir şadlıq qurmuşuq otağımızda.

Qapımız taybatay açıb qolların,

Bir dəstə sevgi var qucağımızda.

 

Yuxuda gördüm ki, məni gəzirsən,

Hüzünlü bir kölgə gendən baxırdı.

Nə mən danışıram, nə sən dinirsən,

Gözümüzdən isti yağış yağırdı.

 

Pəncərəm titrədi, bir külək keçdi,

Şübhələr eynimə hardan gəldilər?

Sənə bağlı olan düşüncələrim,

Qırılıb içimə səpələndilər.

 

Yuxuda gördüm ki, məni gəzirsən,

Yolumuz yenə o sahildən düşür.

Qol-qola gəzirik səssiz-səmirsiz

Yəqin ayrılıqlar burda görüşür.

 

Mənə deyiləsi bir sözünmü var,

O gündən bu günə peşman olursan?

Mənimlə yaşayan tənhalığa da,

Bəlkə ürəyində sən qısqanırsan.

 

O gecə ürpəndim özüm özümdən,

Dedim yəqin elə dəli oluram.

Qalxıb otaqları bir-bir axtarıb,

Tapıb tənhalığın saçın yoluram.

 

Yuxuda gördüm ki, məni gəzirsən,

Payıztək kövrəlib elə dolmuşam.

Yuxularda daha axtarma məni,

Özündən xəbərsiz ta sən olmuşam.

 

 

Bənövşələr hay verən yerə

 

Xəyalımda sənə heykəl düzəltdim,

Qoydum ümidlərim boy verən yerə.

Duyğum təzələndi, söz çiçəklədi,

Qaçdım bənövşələr hay verən yerə.

 

Ürəyim kökləndi yenə yaz üstə,

Ruhuma boylandı yaz çiçəkləri.

Bənövşənin ətri vurdu könlümü,

Heyif ki, qoxladım az çiçəkləri.

 

Bir şeir dil açdı bu yaz səhəri,

Misrası sən oldun, sözü sən oldun.

Qınadım taleni, ayı, illəri,

Ayrılığa səbəb, düzü, sən oldun.

 

Neynim, mən də bir cür kövrək olmuşam,

Ayağım bir ömrün yükünü çəkmir.

Sönük bir ocağam közüm içimdə

Yanıram, sönürəm tüstüm görükmür.

 

Yuxu görməmişəm səndən savayı,

Oyandım, ağlayan görüb könlümü.

Mən indi saralan qış günəşiyəm,

İsidə bilmirəm qürub könlümü.

 

Xəyalımda sənə heykəl düzəltdim,

Qoydum ümidlərim boy verən yerə.

Duyğum təzələndi, söz çiçəklədi,

Qaçdım bənövşələr hay verən yerə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!