Mehmet Akif Ersoyun şeirlərinə təzminlər - Şahin FAZİL

I

 

"Getdin, beni kimsesiz buraxdın,

Yaxdın, beni həsrətinlə yaxdın"

 

Yandın niyə tez belə? Şam idin,

Söndün niyə tez belə? Çıraqdın.

 

Dağlandı sinəm bu ayrılıqdan,

Arxamda mənim həmişə dağdın.

 

Gözlər niyə öylə tez qapandı?

Dan ulduzu tək ayıq, oyaqdın.

 

Ömrün dirəyi yıxılmaq üzrə,

Sən ki, mənə sevgilim, dayaqdın.

 

Sağmı? Ölüdür zavallı Şahin,

Şahin sağ idi, neçin ki, sağdın.

 

3.10.2002

Üçüncü Divan, 2008, səh.917-918

 

II

 

"Ya İlahi, bize toviqini gönder... Amin!

Doğru yol hankısıdır millete göster... Amin!"

 

Yağılar var ki, ürək yağıma göz dikmişlər,

Yağa daş başlarına, qoy düşə qəmbər... Amin!

 

Kişnəyə at, atıla top, yox ola işğallar,

İgid əsgərlər ilə qoy dola səngər... Amin!

 

Gəldi hərb əyyamı, eşq əyyamı qalsın gendə,

Eşidib sözlərimi qoy deyə dilbər: Amin!

 

Nə qəzəl vaxtıdır? Ehya ola Hadi, Səhhət,

Qoy dola asi şeirlər ilə dəftər... Amin!

 

Sabirə sən təzədən bəxş elə can, ey Rəbbim,

Təzə "Hop-hop" yaza qoy Mirzə Ələkbər... Amin!

 

Şahinəm, bəxş eləyibsən mənə illərlə qələm,

Al əlimdən qələmi, ver mənə xəncər... Amin!

 

5.10. 2002

Üçüncü Divan, səh.918-919

 

III

 

Gərçi yer üstündə yerin yer-varı,

Yer varının göydədi sahibkarı.

 

"Torpağı otdurmu deşən şövq ilə?

Ot deyil, onlar dədənin saçları".

Əksidir orman neçə rəhmətliyin,

Gül neçə gülçöhrə qızın paltarı.

 

Göydə günəş çəkmədə yer dərdini,

Rəngini hicran eləyib sapsarı.

 

Canda bütövlükdən əsər qalmadı,

Çoxdan olubdur mənim ömrüm yarı.

 

Yer varı cəlb eyləməyir Şahini,

Yer varının göydədi sahibkarı.

 

18.10.2002

Üçüncü Divan, səh.920

 

IV

 

Qəlb içrə fərəh dönüb qəm oldu,

Cənnətdi günüm, cəhənnəm oldu.

 

Ağ idi gecəm də, gündüzüm də,

Aləm mənə qarə aləm oldu.

 

Yar öldü və həmdəmim yox indi,

Təklik mənə yarü həmdəm oldu.

 

Yarəb, çürümür bəbək nədəndir?

Bir dəm qurumur gözüm, nəm oldu.

 

Ay bitdi, adı məhərrəm idi,

Ay yox, mənə il məhərrəm oldu.

 

"Axşam nə günəşli bir gecəydi,

Eyvah, o da leyli-matəm oldu".

 

Şahin, çəmən üstü qaldı şehsiz,

Amma gözüm üstü şəbnəm oldu.

 

6.08.2002

Üçüncü Divan, səh.906-907

 

V

 

Verməyin siz mənə qəm, mən qəmi az-çox bilirəm,

Qəlbimi xürrəm edən xürrəmi az-çox bilirəm.

 

Mənə söz söyləməyin gizlicə, yox faidəsi,

Aşikar söz danışın, mübhəmi az-çox bilirəm.

 

Göydə Kövsər bulağı, yerdəsə Zəmzəm suyu var,

Kövsərə yetməmişəm, Zəmzəmi az-çox bilirəm.

 

Özünü zənn eləyən Məcununa tay adəm çox,

Neçə divanədəki görkəmi az-çox bilirəm.

 

Etməsinlər mənə hər məlhəmi təqdim, ayığam,

Dərdimə çarə olan məlhəmi az-çox bilirəm.

 

Eşqi təbliğ eləmək borcudur aşiq olanın,

Eşqdə möhkəm olun, möhkəmi az-çox bilirəm.

 

Nə gözəl söylədi misrasını Ərsoy, Şahin:

"Mən də tarix oxudum, aləmi az-çox bilirəm".

 

11.01.2005

Üçüncü Divan, səh.957-958

 

VI

 

"Ey şehit oğlu şehit, isteme benden makber,

Sana ağuşunu açmış duruyor Peyğember"

 

Ey Vətən qeyrətini hifz eləyən namusla

Şəhidim, Haqqa tapındın deyib "Allah Əkbər".

 

Başladım etməyə azad halal mülkümü ki,

Qarətə başlamasın bir də rəzil qarətgər.

 

Qaldırıbsan göyə şəstlə babanın bayrağını,

Ey şəhid oğlu şəhid, ey igid, ey cəngavər.

 

Sən "Vətənnamə" yaratdın və yaşatdın adını,

Döşəyin səngər olubdur, dizin üstü dəftər.

 

Sən yaşam haqqını yazdın adına süngü ilə,

Sənə köynək kəfən olmuş, sənə süngü-xəncər.

 

Can fəda eyləməyə sən tək oğullar vardır,

Gətiribdir analar aləmə sən tək əsgər.

 

Ey şəhid oğlu şəhid, ər soyu olmuş cəddin,

Ey vətənpərvərim, ey elsevər, ey yurdpərvər.

Mehmet Akif deyəni söylədi Şahin Fazil:

"Sənə ağuşunu açıbmış duruyor Peyğember".

 

VII

 

"Bastığın yerleri "toprak" diyerek geçme, tanı,

Düşün altındakı binlerle kefensiz yatanı"

 

Üfqün al şəfəqindən Yerə nur enməkdə,

Düşünən çoxmu görən günçıxanı, günbatanı?

 

Qan ki, can cövhəridir, bilməliyik qiymətini,

Axıdan var nə səbəbdən yerə bihudə qanı.

 

Nəyə lazım, kimə vacib bu qədər əsləhələr-

Yeri toplar dağıdır, mərmi isə asimanı.

 

Nə zaman dinc olacaqdır görəsən Yer Kürəsi,

Unudurlar nə üçün Yer Şarını fırladanı?

 

Yaşadır bizləri, pislikmi edirmi əcəba?

Çox təəssüf ki, pərişan eləyirlər cahanı.

 

Vətən uğrunda əgər kim şəhid olmuşsa halal!

Söyləyərdim ki, şəhiddir cahanın qəhrəmanı

 

Şəhidi yoxsa, şəhadət vətənə qismət olar,

Vardı dövlət ki yox oldu, hanı dünyadə, hanı?

 

Düşmüsən məktəbə dünyayə gəlib, ey Şahin

Keç şəhid dərsini, Allahına ver imtahanı!

 

07.06.2021

 

VIII

 

"Allahı seversen, nazarımdan güzer etme",

Şayəd güzər etsən mənə bir də nəzər etmə.

 

Dünyadə əzəldən, gözəlim, faidə eşqdir,

Eşq faidədir, faidəni sən zərər etmə.

 

Sevda yolunun yolçusuyam, yoldan ayırma,

Sevdadə qazanc etdiyimi gəl hədər etmə.

 

Məcnun quru çöllərdə gəzib çölbəçöl oldu,

Rəhim et, bu şəhər sakinini dərbədər etmə.

 

Tənha adamın zilləti var, zillətə düşmə,

Dərd aləminə, ey mənə Leyla, səfər etmə.

 

Aşiq ki, xəta eylədi, billah xətərdir,

Səhv etmə, xəta eyləmə, əsla xətər etmə.

 

Bülbül qələt eylər səsinə cəh-cəhi çatsa,

Avazını susdurma, sözü müxtəsər etmə.

 

Baldan da, şəkərdən də şirin günlərimiz var.

Günlər ki, şirindir, acı etmə, zəhər etmə.

 

Can cövhərimi etmə quru, qupquru, yaxud

Göz yaşlarımı, Mərmərə etmə, Xəzər etmə.

 

Ərsoy kimi Şahin də sənə yalvarır, ey yar,

Allahı sevərsən, nəzərimdən güzər etmə.

 

IX

           

"Çektirme, İlahi, bu kadar zilleti... Amin!"

Millət yaradıbsan və yaşat milləti... Amin!

 

Sən cənnəti Yerdən aralı Yerdə qurubsan,

Eykaş görək, Yerdə də biz cənnəti... Amin!

 

Tam saflığa, ülviyyətə yetmək deyil asan,

Hər kəsdə görək bakirə ülviyyəti... Amin!

 

İnsanlarımmız var eləyər vəhşini həm mat,

Yerdən uzaq et Yerdəki vəhşiyyəti... Amin!

 

Çox-çoxdur işin, Yer yaradıbsan sanı-sonsuz!

Artır bu Yerə bir qədəri diqqəti... Amin!

 

"Boşqab" uçuran var arabir başımız üstdə,

Kaş faş ola "boşqablıların" niyyəti... Amin!

 

Bərpa elə haqq işləri ki, haqqsız edirlər,

Bərpa elə istiqlalı, hürriyyəti... Amin!

 

Şahin nəçi ki əmr edə, Allah, ricadır:

Artır qoca dünyadəkı əmniyyəti... Amin!

 

10.06.2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!