"Bu gəmi Nuhun gəmisi - yaxındı ümid limanı..." - Sona Vəliyevanın şeirləri

 

Saat və mən

 

Bu mənim vaxt ölçüm,

bu mənim saatım,

"İkiayaqlı zaman atım".

Gecə saat on ikini ötür,

Yer vaxtı ilə,

ömür vaxtı ilə gələcəyə,

sabaha keçirəm...

Bir gün də yaşlanıram,

Sabah başlayır,

Saat altını keçir,

Gün ömürdən gedir, gedir,

Əqrəblər öz işində...

Ömür səssiz saata qoşulub,

Etinasız, vecsizcə

Lap yanımdan keçib,

gedir.

İndi saat doqquza qalır...

Tanrı saatıyla,

Ölümə neçə dəqiqə işləyir,

Ömrün tamamına nə qalır?

Saatlar göstərmir,

Tanrıdan başqa

ömür, tale saatını

Kim bilir?

 

Van Qoqun

"Köhnə ayaqqabılar"ı

Van Qoqun muzeyində

"Köhnə ayaqqabılar" əsəri

önündə sehrlənmişdim...

 

Adamsız, ayaqsız

bir cüt ayaqqabı

yuxumda yol gedir,

durmadan, dayanmadan,

gecə-gündüz,

elə-belə,

ünvansız, filansız...

Ayaqqabıların sərgərdan həyatı

Yuxularımı ərşə çəkir...

Göydə durna izini,

sübhün azan səsini,

ulduzların ən gözəlini

bələdci bilib,

yol gedər, hey...

Nə əlim yetər,

nə ünüm çatar,

ayaqsız ayaqqabılara...

Bəlkə də tək-tənhalıqdan

darıxıb, yol başlayıb,

ruhuna doğma olanları axtarmağa...

Ya da uzaqdan gələn

sahibsiz gülüşlərin,

qanadlı sevgilərin,

ayaqqabıtək köhnələn

qəm-qüssənin

sahibini axtarmağa

yol alıb, 

sərgərdan ayaqqabılar.

Bu ayaqqabılar

eşq arayan nakam dərvişinmi, yoxsa?

Özü səhrada qeyb olub,

Ayaqqabısı həqiqət yolçusu olub,

yol gedir,

tak-tak...

Nə sahibi tapılacaq,

Nə ayaqqabılar dayanacaq,

bir tale dastanı yazılacaq,

oxunacaq,

bu ayaqqabılardan...

Dünyanın dərdi-səri

Toz-torpağı, yağışı,

çovğunu, qarı,

kədərin ən dərini

əzablı ömrün nimdaş nəğmələri,

ehtiyacların çəkisi,

"yox"lardan yaranan yükün ağırlığı,

boş cibin,

övlad yanında xəcalətlərin,

üzdən ayaqqabıya düşən rəsmi

aydınca oxunur,

bu ayaqqabıların üz-gözündən...

Sahibinin saçının tütünü,

içinin öskürəklərdə boğulan

körün-körün kədər tüstüsü,

dostların xəyanəti,

sevginin uğursuzluğu,

göz yaşının duzunun

ayaqqabı üzündə

cadar-cadar gileyi,

fələyin qarğışı,

bir kişinin alın yazısı,

nələr, nələr...

sirli əlifba ilə

oxunur ayaqqabılardan...

Sonuncu kərə mərd adamın

ürəyinə sıxdığı güllənin səsindən,

ayaqqabının üzünə çıxan yaralar

bir taleyin qəmli

tarixini tamamlar...

Allahım, hara yol alıb bu ayaqqabılar,

kim bu ayaqqabının sahibi, kim?

Axtardığın tapılmayınca

ayaqqabılar yol gedəcək,

neçə əsr, neçə min il...

 

 

Bir kağız gəmi düzəlt

Kağızdan bir gəmi düzəlt,

Çıxıb gedək bu yerlərdən.

Külək, tufan yelkənimiz,

Ulduz yığaq göy üzündən.

 

Nə olsun üzə bilmirəm,

Şükür, Tanrım qanad verib.

Yağan yağışı, dolunu,

Göy bizə nəmər göndərib.

 

Günəş bizdən küsübdümü,

Üzünü buludla bağlar.

Bir ölənin timsalında

Hər kəs öz qəmini ağlar.

 

İllər ömürdən tökülər,

"Təklər", "onlar", "yüzlər" hanı?

Ölüm gəlin atan güldür,

Tutar növbədə duranı.

 

Bu gəmi Nuhun gəmisi,

Yaxındı ümid limanı.

Günah yeyən insanlardan

Uzaq ol, könlün həyanı.

 

Dəryada damla sirrini

Yosun dəftərdən oxuyaq.

Bir pəri ağlar sularda

Gedib qəmini ovudaq.

 

Suda bir yarpaq görünür,

Ya ümid, ya aldanışdı.

Misra-misra unudulmaq

Gördüm ki, öz yanlışımdı.

 

Ürək ruhun xəlvətgahı,

Hamıya açdım qapısın.

İman libasında şeytan,

Sındırdı könül aynasın.

 

Çilik-çilik, xıncım-xıncım,

Bütövləşməz ayna qəlbim,

Tufan keçər, günəş çıxar,

Şükrə lövbər ümidlərim.

 

Sevdalarım dəniz, qəmsə

Dalğatək gələr üstümə.

Kağız tutmaz gileyimi,

Yazaram göyün üzünə.

Gilas bağı

Ata evimizin həyəti başdan-başa

gilas bağıydı... Yuxumda hər zaman

üstünü barlı-bərəkətli görürəm

 

Bir gilas ağacı ağlar yuxumda,

Kimsələr tapılmaz qəmin ovuda.

Çiçəyi anamın gəlin yaylığı,

Meyvəsi bənzəməz əvvəlki dada.

 

Ağac libasında kimdi, İlahi? -

Göylərə qaldırıb budaq əllərin.

Bu ağac mələkmi, mələk anammı,

Sübhün azanında yuxuma gəlir.

 

Gəlir ki, baş çəkə evə, ocağa,

"Mənsiz qalan bağın halı necədir?"

Ayrılıq sözündən körpü qurmağa,

Gördüm itən ömür heca-hecadır.

 

Ay yuva qoruyan quşlar, böcəklər,

Mən sizi özümdən vəfalı gördüm.

Pəncərə gözləri tutulan evim,

Ağlayan gözündən qoymadı öpüm.

 

Mənim sevgim, duam bir vaxt bu bağdan

Yağışla, günəşlə göyə yüksəlib.

Deyin bağ-bağata, qonum-qonşular,

Deyin o duanın sahibi gəlib.

 

Tənha ana kimi gördüm barını,

Küləklər sovurur, qoruya bilmir.

Əvvəllər kölgəsi toy-büsat bağın,

Gördüm yaddaşında qəm-kədər dinir.

 

Barıtək sökülən, dağılan ömrü

Gördüm xatirələr yığıb gətirir.

Gördüm anam sağdı, əli beşikdə,

Xeyir-duasında yer ləpələnir.

 

Aşıb-daşan qəm kimidi meyvəsi,

Bu qədər bar bizə acıq, tənəmi?

Qanadlı arzular aparan ömrün

Geri dönüb halallığın istədim.

 

Hər ağacda, hər budaqda iz, nişan,

Uşaq ömrümüzün naşı xəttidir,

İçimdə bir ağac duası bitib,

Anam köç edəndən ömür çətrimdir.

 

Ömür də gah ağac kimi barlıdır,

Gah əməyin zay edərlər, dinəmməz,

Budaq üstə bir yaralı quş gördüm,

Əl uzatdım dəstək olam, güvənməz.

 

Ağac libasında kimdi, İlahi? -

Göylərə qaldırıb budaq əllərin.

Bu ağac mələkmi, mələk anammı,

Sübhün azanında yuxuma gəlir.

 

Haqqa aşiq olanlara

Bu nə  eşq, nə sevda imiş,

Yol nə yerdə, nə göydəymiş,

Dərdin özü dərman imiş,

Rəbbin yolun bulanlara...

 

Güllü yaylaq, göy qurşağı,

Ruhu var, rəngli Ay işığı.

Könlündə Allah yaşayar

haqqa aşiq olanlara...

 

Gələn gedəndən çox imiş,

bilgi biləndən çox imiş,

insan Tanrının sirriymiş

sirrə sirdaş olanlara...

 

Kim deyir gedənlər dönmür?

Dualardan yol görünür,

ölüm toy, vüsal günüdü

yurda qurban olanlara...

 

Hüseyn Cavidin

"Məhəbbət və həqiqətin dərki"ndən Nobel

mükafatçısı Ç.Miloşun "İlk olan həqiqətdir"

fikrinə gələn yol

 

Yerlə göyün arası,

ulduzların sayı, mənası,

Adəm tövbəsi,

Həvva ağrısı,

Şeytanın Allaha ağ olması,

çərxi-fələyin insan oğluna

göndərdiyi

gün-güzəran qayğısı,

sevgilər, ayrılıqlar,

Göy üzünə yetən dualar

Tanrı çəkisiylə

necə ölçülür, Ustad?

Qəfil haqlanan, çox qısa

yuxu kimiymiş, demə

həyatda var olmamızın ölçüsü,

dadısa, şipşirin...

Dünyaya gəlişimizin sirri

yozulunca

həqiqətin ölçüsü

necə görünəcək?

Sözə sığarmı,

Haqq dərkinin sonsuzluğu?

Bəs həqiqət əlifbasının

insan üzündən oxunması necə,

doğrumu?

İnsan, zaman, tale yazısı,

sirr içində sirr imiş...

Ömür möhlətimiz,

hər nəfəs üçün, ölçülü, biçili...

Taleyimizin saatları ölüm zənginə

biz doğulmazdan əvvəl

çəkili...

Gəlimli gedimli dünyanın

ağrıları, həyəcanları

yalnız ömür bitəndə bitir...

Ona görə həyatımızı ölçən

saatın ürəyi kədərlə döyünür,

tak-tak...

Allahla insan arasında

sirr elə, sirr kimi qalacaq.

saatın içində tale bölgüsünü,

zaman göstəricisini aşağı-yuxarı,

sağa, sola,

oval, çarpaz,

çıxdım, böldüm,

həqiqətin ölçüdən,

çəkidən çox-çox

yüksəkdə durduğunu gördüm...

Hər şey həqiqət ölçüsüylə

düzənli, Ustad!

Gecədən gündüz,

gündüzdən ömürlər dönər.

Fəsillər ölçülü-biçili,

hər saniyənin əqrəbi

bizə ədalət öyrədir...

Bizdən, ömrümüzdən

yuxularımız çox vəfalı...

Dünyasını dəyişən əzizlərimizə

baş çəkər,

yuxularımız iki dünya arasında

görüş yerinə bənzər...

Yuxularımız ölümdən sonra

həyatın davamına,

həqiqət düsturunun isbatına

yönələr...

Əslində, ustad, biz özümüz

həqiqətdən bir parçayıq,

fərqinə varmamışıq,

xilas isə dərkdən başlayır.

Təəssüf, gec anlamışıq,

dərk haqq yolu,

işıq qarışıq, sevgi qarışıq...

Sevgiylə yüksələrək

ən böyük həqiqəti

axtara-axtara

Ona qovuşmaq üçün hamımız

ölüm adlı körpüdən keçməyə

növbəyə dayanmışıq...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!