"İnandım - səntək gözəlliyin yalnız bir ağac səbriylə gözləyənlərə gələcəyinə" - Ramil Əhmədin şeirləri

 

Biz

 

Gözəlim mənim,

sən heç yerdə heç vaxt tək qalmayacaqsan,

Amma hər yerdə hər zaman tək olacaqsan...

 

Gözəlim mənim,

Mən heç yerdə heç vaxt tək qalmayacağam,

Amma hər yerdə hər zaman tək olacağam...

 

Gözəlim mənim,

Biz heç yerdə heç vaxt tək qalmayacağıq,

Amma hər yerdə hər zaman tək olacağıq...

 

 

Adına dünya dediyimiz bu yer üzü və sən

 

Nəfəsin

Bakı küləyi kimi

dəydi üzümə...

 

Səni sevməyin niyəsini tapmadım,

Hər şeyin bu çox vaxtında az oldum...

Hər şeyin azlığına qane gözütoxluğum

Sənin azlığının acgözü oldu...

 

Sən - mənim vətənim,

gözlərin varsa,

bu yerüzündə

mənə qürbət yoxdur demək.

Ruhumun bütün boşluqlarına

su kimi doldu gözlərin...

 

Təkləndim,

Milyonlar, minlər arasında.

Sən də təksən bilirəm,

Evdə dörd divarla,

Üç-beş adamla

Telefonun yaddaşına yazılı

iki yüz nömrəylə,

Bu şəhərdə üç milyon,

Bu dünyada bilməm neçə milyardlar arasında

Təksən, təmtək, tək...

 

Mən də sənin kimi

Evdə dörd divarın, üç-beş adamın,

Telefonumda iki yüz nömrənin,

Bu şəhərdə üç milyonun arasında

tək, tənha, təkcənə...

 

Bir bax bədənim də müxalif özümə -

Barmaqlarım da aldı mühasirəyə əllərimi,

Ona qarşı ikiylə

dözdüm, dayandım...

Elə bu dəm, bu an

Hansısa bir uzaqlıqdan,

Dəydi üzümə

Bakı küləyi kimi

Nəfəsin...

 

Və adına dünya dediyimiz bu yer üzü

                        biraz daha yaşanılası yer oldu...

Bağışla günahını əllərimin

 

Ölmək üçün tezdir,

yaşamaq üçün gec,

Sənə gətirməyən yolların

Bu dəfə də günahından keç...

 

Hansı sözlə deyəcəksən

Susub gözlərinlə dediklərini?

Hansı sözlə deyəcəksən

qəlbindən keçəni?

Bağışla, səni görmədiyim

səhəri, günortanı və gecəni...

 

Hardasa çox uzaqlardan

Damla-damla, axa-axa

su kimi gəlirsən, bilirəm,

dünyanın kənarında durmuş bir ağacam,

Torpağı dəlib keçən inadına baxa-baxa

Dözürəm, dururam, hələ sağam, yaşılam.

Qorxma, tökmədim yaşam həvəsimin yarpaqlarını

Qorxma, sənin üçün qorudum sevdamın yay kölgəsini,

Nə bu dünyanın yağışı,  nə qadınların göz yaşı

Su olmadı yanğınlarıma!

 

Bu, əlləri öz əllərinə daraqlanmış

Allahından da tək iki bəndənin hekayəsi,

Bağışla, bütün günahlarını əllərimin,

Bağışla, bütün günahlarını əllərinin,

Bu, bir-birinə əllərindən başqa

verəcək heç nəyi olmayanların sevgisi!

 

 

Gözləmək

 

Gözlədim ağac səbriylə,

İnandım,

yarpaqlarımın

bir gün sənə çatacağına.

İnandım,

o yarpağın

yenidən mənə qayıdacağına.

İnandım

Heç nəyin itmədiyinə,

İnandım

Sevdanın və insanın ölməzliyinə,

İnandım,

Sən tək gözəlliyin yalnız

bir ağac səbriylə gözləyənlərə gələcəyinə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!