Alatoranlıq
Bir soyuq axşamın alatoran səhifəsində
Tanrının barmaqları sığal çəkir saçlarımıza...
Külək, külək,
"külək" - qoydunuz adını.
Günəşin üz çevirdiyi sərt adamlardan,
saçları ağarırdı bu şəhərin,
rəngi solurdu qapıların,
ağappaq qarğış yağırdı göydən...
Qar, qar,
"Qardır" - dediniz.
İçimizdəki uçuşa susuz,
İçimizdə qanadı göy üzünə bulaşmış,
Mavi bir quşdur tənha...
Ürək, ürək,
"Ürəkdir" - dediniz.
Küçələr məndən küs,
məndə bir uşaq böyümür heç,
məndə boy atmır məsum dəcəllik...
Kövrək, kövrək,
"Kövrəkdir" - dediniz.
Tragikpoeziya
Məndən bir tikə uzaqlarda,
Qalıb yağış altında
Məndən gedənlərin biletlərində "dönüş" yazılmır,
Külək ağacların kabusudur soyuq gecələrdə.
Pəncərələrin röyasında üşüyür bir qadının barmaq izləri.
Əlləri çinar yarpağına bənzər bir məhbus,
səsi işıq rəngindən olan birisi,
azadlıq naminə
Bəlkə yazdı bu şeiri kamerasının divarına.
Bəlkə göyərçinin sinəsində doğdu bu yazı Günəş yerinə
müharibədə o qızcığazın güllə yerinə
bəlkə ürəyinə sıxdılar bu şeiri...
"Bəlkə"lər ağrıdan bir quşdur arzular səmasında,
Uçur... Uçur... Puç olur.
Əllərimin keçmişi Yunan Tanrılarıdır
Unudulub,
basdırılıb tarix qəbiristanlığında
Gözlərim...
Gözlərim gömüldü sənin ucqar gözəlliyində.
Məni basdır tənhalığımla payızın rənglərinə.
Payızdır...
Yarpaqlar seçki bülletenidir,
Ağaclar səs verir ölümə.
Axtarış
Ağacların cinsindən olan adamlar var,
Yarpaq rəngli,
Yağış səsli adamlar var...
Yaxında olan deyillər,
Çək gözlərini uzaqdan da...
Dünən görünmədilər,
Bu gün olmadılar,
Sabah, sabah...
Sabahlardan gələcək o adamlar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!