Vətən boyda oğullara
borcluyuq biz
Torpaqların ağrısını ruhu ilə duyanlara,
Başımızın papağını öz canıyla qoyanlara,
Alnımızın ləkəsini al qanıyla yuyanlara,
Vətən boyda oğullara borcluyuq biz.
Bu dünyaya göz açmamış körpəsini qoyub gedən,
"Ata" deyən övladının ürəyini soyub gedən,
Ana-ata ağrısını əvvəlcədən duyub gedən,
Vətən boyda oğullara borcluyuq biz.
Vağzalısı ürəyində çalınmamış qalanlara,
Bəxt üzüyü sevdiyinin barmağında qalanlara,
Toy xınası yaxılmamış şəhid qanı olanlara,
Vətən boyda oğullara borcluyuq biz.
Sənin, mənim balam üçün balasını yetim edən,
Anaların arzusunu gözlərində qoyub gedən,
Bu quruca torpaqları al qanıyla Vətən edən,
Vətən boyda oğullara borcluyuq biz.
Bir ailəsi, bir Vətəni bizdə qalan əmanətdir,
Vicdanımız susmayıbsa verdiyimiz zəmanətdir,
Bu dünyanın tarixindən silinməyən şücaətdir,
Bundan sonra yazılacaq nağıllara borcluyuq biz,
Vətən boyda oğullara borcluyuq biz.
İtkin düşən əsgərim qalıb
Başına dolanım, ay dağım, ay dərəm,
Səndə itkin düşən əsgərim qalıb.
Üstü açıq yatıb yaş torpaq üstə,
Evimin dirəyi, sərvərim qalıb.
Düşəndən qisası alıb dincəlir,
Meylini dağlara salıb dincəlir,
Balam şəhid adın alıb dincəlir,
Ruhumun qidası, ülkərim qalıb.
Dumanı üstünə çək üşüməsin,
Özün al qoynuna tək üşüməsin,
Elə bas bağrına bük üşüməsin,
Dizimin taqəti, hünərim qalıb.
Özün laylasını çal rahat olsun,
Yaralı könlünü al rahat olsun,
Sən Allah qeydinə qal rahat olsun,
Ruhumun qidası, ülkərim qalıb,
Səndə şəhid adlı əsgərim qalıb.
Bizə yetim deməyin
Mənə yetim deməyin, mən şəhid balasıyam,
Qarayaylıq anamın ürəyi şan-şan olar.
Atam şəkildən baxır, ruhu sizdən inciyər,
Axı narahat olsa, qəbri od tutub yanar.
Mən daha böyümüşəm, çoxda ki beş yaşım var,
Atam gedəndə deyib evin kişisi sənsən.
Nənəm hey ağladıqca basır məni bağrına,
Deyir gözümün nuru oğlumun əvəzisən.
Atam şəhid olandan sonra doğuldu bacım,
Otuz yaşlı anamın ismət qalası kimi.
Bacımsa tanıyacaq atamı şəkillərdən,
Neçə-neçə şəhidin şəhid balası kimi.
Bizə yetim deməyin, biz şəhid balasıyıq,
Tarixi yazanların xalqa əmanətiyik.
Məzarı da torpağa əsgər kimi düzülən,
Tarixin qan yaddaşı, millətin qeyrətiyik.
Bu Zəfərin mübarək
İki əsrin həsrəti, dərdə əlacı gəldi,
Qaçqın, köçkün elinin durna leylaci gəldi.
Üç rəngli bayrağımın hilali, tacı gəldi,
Vətən, gözlərin aydın, bu zəfərin mübarək,
Ədalətin carçısı bu hünərin mübarək.
Qarabağ torpaqları zəfər marşını çaldı,
Qəhrəman oğulların düşmənindən bac aldı.
Qarabağ şikəstəsi səmalara ucaldı,
Vətən, gözlərin aydın, bu zəfərin mübarək,
Ədalətin carçısı bu hünərin mübarək.
Tarixini qanıyla yazan millətə əhsən,
Ucalacaq hər yerdə Azan, millətə əhsən,
Ya şəhid ya qazi ol, deyən bir məmləkətsən,
Vətən, gözlərin aydın, bu zəfərin mübarək,
Ədalətin carçısı bu hünərin mübarək.
Tarixin qan yaddaşı
Qarşında diz çökürəm ey şəhidlər anası,
Qəlbinin oğul adlı dağına qurban olum.
Ölümlərin alisi şəhidlik zirvəsidir,
Balanın yetişdiyi çağına qurban olum.
Qarşında diz çökürəm yetim şəhid balası,
Gözlərindən tökülən yaşını halal elə.
Biz torpaqsız qalmayaq deyə, canından keçən,
O qəhrəman atanın daşını halal elə.
Qarşında baş əyirəm Azərbaycan əsgəri!
Yeni tarix qanınla yazılır bu torpağa.
Hər biriniz bir dastan, bir qeyrət təcəssümü,
Döndünüz dalğalanan bir üçrəngli bayrağa.
Ey Ulu məmləkətin Ali Baş Komandanı!
Şücaətin, qeyrətin dünyaya dastan oldu.
Sən bu xalqın qəlbində elə heykələ döndün,
Tarix unuda bilməz, tarixə dastan oldun.
Ey bu millətin oğlu, ey bu xalqın balası,
Vətənin keşiyində bir əsgər tək dayandın.
Milli Qəhrəman adın sən verirsən əsgərə,
Biz də sənə veririk Milli Qəhrəman adın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!