1
Tanrının qadirliyi
isindirən nəfəsi,
Dədə kəlamlarının
İşığında döyüşən
ərliyin təntənəsi,
Murovdağın,
Ərgünəşin,
Diridağın...
bir boy da dikəlməyə
salavatı, həvəsi -
Vətən müharibəsi.
Tətik sıxan barmağın
qüdrətinə bax, yağış!
Qorxub qaçan düşmənin
yollarına yağ, yağış.
Döyüşən əsgərlərin
dönməz döyüş ruhuna
qələbə suyu olsun
bir ovuc dümağ yağış;
İşğalın son nəfəsi -
Vətən müharibəsi!
Xalqın döyüş ruhuna
Taraz əsgər, tən əsgər,
Sən varsan, dağı tutmaz
duman, çiskin, çən, əsgər.
Daş üstə də cücərər
Sən səpdiyin dən, əsgər.
O dən döyüş əzmidi,
O dən döyüşə sevgi.
Qələbə ruhun olub
döyüşünə üzəngi...
Döyüşlərə sevgini
Pərdə-pərdə dikəldib
"Misri", "Ruhani", "Cəngi";
Haqqın və ədalətin
Dünyanın yaxasına
çökən zəhmli səsi -
Vətən müharibəsi.
Döyüşdə döyüşçünün
qəlbini Vətən bilir,
Döyüş, zəfər ruhunu
qələbəyə tən bilir
Cıdır düzündən gələn
"Qarabağ şikəstəsi",
Vətən müharibəsi!..
2
Döyüş gedir, bu döyüş
Dünya boyda torpağa
məhəbbət döyüşüdü.
Canım Azərbaycana
sədaqət döyüşüdü.
Gücünü yer üzünə
görk eləyib döyüşür.
Şəhidlərin ruhunu
börk eləyib döyüşür
Azərbaycan əsgəri.
Əsgərdi, Vətən adlı
məhəbbətin əsgəri!
İllərin ödəncitək
Vətən adlı dünyaya
sədaqətin əsgəri!
Başlanğıcdan bu günə
nəhayətin əsgəri,
Azərbaycan əsgəri!
Sizin sağ-solunuzda
güllələrdən əlləri
didilən dağ döyüşür,
Qundağından qan daman
neçə yaraq döyüşür,
Yaralı əsgərlərin
Yaralı əllərində
qanlı bayraq döyüşür,
Azərbaycan əsgəri!
Məni tanımadınmı?
Mənəm, Rəşid Faxralı.
Özüm söz əsgəriyəm,
Sinəm - Rəşid Faxralı...
Hərəmiz bir əsgərik;
bu gün mənim döyüşüm -
sözdən doğulan döyüş...
Qələbələr deməkdi
yeri-göyü yandıran
oddan doğulan döyüş,
közdən doğulan döyüş,
Düşmənə son nəfəsdi,
sizdən doğulan döyüş,
Azərbaycan əsgəri!
Dağlara dirsəklənən
daşların daldasında
köz-köz gərnəşir ocaq...
Tətiyə uzalı barmaq...
Və qələbə ruhuyla
dalğalanan bayraq -
Azərbaycan əsgəri!..
Göy üzünün çiynindən
sürüşübdü çuxası...
Qələbə ruhu sizə
döyüş uvertürası,
Azərbaycan əsgəri!..
3
Döyüş əzmi qoruyur,
Zəfər ruhu qoruyur
səngərlərdə torpağı,
Torpaq - Vətən torpağı.
Döyüşün o üzünə
Döyüş qətiyyətindən
bir öyüd içib gedir,
Yolları kürmələyib
bir ağ yol seçib gedir,
Soraq - Vətən sorağı!
Bu, Füzuli!
Bu, Cəbrayıl!
Bu, Zəngilan!
Bu, Qubadlı!
Ruhumuzun nidası
nə gözəl sığal çəkir
göylərin göy üzünə.
Bir döyüşlük yol qalıb
burdan Cıdır düzünə,
Bayraq - Vətən Bayrağı!..
4
16-nın aprelində
Lələtəpədə
Əsgəri bayraq edən
qollar görürdüm, Vətən!
Lələtəpənin
sağından-solundan
Şuşaya aparan
yollar görürdüm, Vətən!
Gözləri yolda qalan
ellər görürdüm, Vətən!
Bayraq kimi yellənən
əllər görürdüm, Vətən!
Ləçəkləri
Şuşaya sarı baxan
güllər görürdüm, Vətən!
Közü kül altda qalmış
ocaq görürdüm, Vətən!
"Ələd-dinnn!" haraylayan
çıraq görürdüm, Vətən!
Döyüşçü əllərində
çırpındıqca çırpınan
Bayraq görürdüm, Vətən!..
5
Kirpik-kirpik sökülür
döyüşlərdə dan yeri.
Əsgərin yerişidi
səhərin yuxusundan
qəfil oyadan yeri.
Əsgər baxışlarıyla
sığallanır dağ-dərə.
Bu baxışın gözçəkən
mehrinə ortaq dərə.
Qaya dinir, daş dinir,
Sınıxan təlaş dinir,
Min illərə sığmayan
ömür dinir, yaş dinir:
Elə istəyirik ki,
Göylərin sevincini
biz görək, Bayraq dərə!..
Yellərin ağ qanadı
Qayalara toxunur.
Əsgər baxışlarından
gözəl mətləb oxunur:
Əsəgərim, bəşərim, illərdən bəri
Şuşa, Cıdır düzü, İsa bulağı
Yolunu gözləyir qulağı səsdə.
Döyüşçüm, igidim, haqqın var,
indi
sökülən dan yeri çırağın olsun,
səhərin yelləri darağın olsun,
Göylərin şimşəyi yarağın olsun,
Tanrının duası bayrağın olsun,
İşğalın gözünü ov, qulağını
qüdrət əllərinlə doğra da, kəs də!
6
Salam, döyüşçü qardaş!
Neçə illərdən bəri
sənin ayaq səsindən,
Çölün-düzün buzunu
əridən nəfəsindən
Oyanıb zirvələrdə
qar cücərdən qar daşım,
Ay döyüşçü qardaşım!
Göylər sənə baxır ki,
Dan yeri sökülüncə
yerişini, duruşunu, baxışını
gözlərinə köçürə.
Dönməz qətiyyətini,
Qoruduğun torpağa
böyük məhəbbətini,
Azərbaycan adında
müqəddəslik tacına
sonsuz sədaqətini
köynəyindən keçirə.
Bu payızda Göy Yerin,
Yer Göyün qılıqçısı,
Əsən yellərr dağların
ərköyün qılıqçısı
əlini sıxıb sənə
"Vətənə sevgin üçün
qollarını gər!", - deyir,
"Baxışlarına hopan
o qəzəbi, o kini,
o nifrəti düşmənin
ömürünə sər!", - deyir,
Sər, döyüşçü qardaşım!
İndi məmləkət boyu
daş da, dağ da deyir ki,
Axar su da deyir ki,
gur bulaq da deyir ki,
Suqovuşanda,
Hadrutda,
Füzulidə,
Cəbrayılda,
Xudafərində,
Zəngilanda,
Qubadlıda,
qürurla dalğalanan
canım bayraq deyir ki,
qəhrəmanlıq sorağın
düşüb hər kəndə, əsgər!
Qadir döyüşlərinlə
yetir sərhədə, əsgər!..
Sərhədin ən gözəli
incə şüşədi, əsgər.
Dünyanı heyran edən
yerdi, guşədi, əsgər.
Şəhər biçimli qala,
Qala biçimli şəhər
Ruhum Şuşadı, əsgər!
7
Düşmən gərək biləydi ki,
Daş səngərin daş sinəsi
"Vətən!" - deyir,
Anaların quş yuxusu,
Nənələrin zümzüməsi
"Vətən!" - deyir,
Neçə yurdun ocaq daşı
"Vətən!" - deyir,
Şəhidlərin son döyüşü,
son savaşı "Vətən!" - deyir!
Düşmən gərək biləydi ki,
hər ürəyin mehri olan,
qürurunun möhrü olan
Qala-şəhər
Otuz ildə sıxıntılar yaşasa da,
Səksəkəli yuxusunda
"dağı arana, aranı dağa daşısa da",
Gözümüzdən uzaq düşən
İsa bulağının
səsi bir az batsa belə,
Cıdır düzündə
Hər səhər ləçəyinə,
tər ləçəyinə,
hər ləçəyinə
xal düşən çiçəklərin
Harayını
hərdən əsən, hərdən kəsən
boz küləklər udsa belə,
Ərimgəldinin
daş qolları, daş əlləri
üyüşsə belə,
Qaladan Topxanaya enən cığır
dolaşığa düşsə belə,
Aylar ötə, illər ötə
Bu millətin oyaq ruhu,
Göy üzünə dayaq ruhu
Bu qisası
qoymaz qala qiyamətə!
8
O bayraq apardı sizi döyüşə,
Qeyrətin döyüşün kəsəri oldu.
Ordu məmləkətin əsər yazanı,
Döyüşlər ordunun əsəri oldu.
Nələr yanıyırdı qoca dünyanı,
Düşmənin heyrəti saraldı, soldu.
Qoy dünya görsün ki, Azərbaycanın
döyüşü nə qədər bəşəri oldu!
9
Vətən əsgər deməkdi,
Əsgər deməkdi Vətən!
Vətən bəşər deməkdi,
Bəşər deməkdi Vətən.
Vətən bayraq deməkdi,
Bayraq deməkdi Vətən!
Vətən torpaq deməkdi,
Torpaq deməkdi Vətən!
Bu gün necə sarılıb
Ruh canımız Vətənə,
canımız Vətən ruha,
Döyüşlərdə əsgərin
ruhundan bitən ruha,
Əsgərlərin əliylə
işğal sıxıntısını
çiynindən atan ruha...
Elə istəyirdim həsrət əllərim
Şuşada yaylıqtək sərilə bilsin
Şəhid məzarların başdaşlarına.
Təntimiş göz yaşım qarışa bilsin
Şuşalı ananın göz yaşlarına.
Ömrüm, yaşım Şuşadı,
Can sirdaşım Şuşadı.
Qarabağ - canamazım,
Möhür daşım Şuşadı.
10
Sellər kimi axıb gələn,
Şimşək kimi çaxıb gələn,
Köynəyindən çıxıb gələn
Səhər sənin səhərindi,
Azərbaycan əsgəri!
Gecə üzərlik üstədi,
Qələbə ərlik üstədi...
Barmağın tətik üstədi,
Zəfər sənin zəfərindi,
Azərbaycan əsgəri!..
Eyni açılıbdı ruhumun bu gün,
Bu soraq dolaşır aranı-dağı.
Vətən intizardan qurtarır
indi
Şuşaya güzgüdü zəfər bayrağı!
Dağlar dağ səbriylə dinləyir indi
Qalib əsgərlərin ayaq səsini.
Cıdır düzü gülür...
İsa bulağı
Oxuyur "Qarabağ şikəstəsi"ni!..
Əlini gözünün üstünə qoyub
Belə salamlayır səhəri Şuşam.
Dizim torpağıyla kəlmələşmədə;
Salam, ruhumuzun şəhəri Şuşam!
8 noyabr 2020-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!