"Sən bayrağa ucaldın, Sən vətənə qarışdın..." - Şeirlər - Elşad BARAT

 

Körpə şəhid qızlarına

 

O da atasıyla yatır hər gecə,

Nə olsun, danışmır şəkil atası.

Hər gün qucaqlayır çərçivəsini,

Yatır, yuxusuna gəlir atası.

 

Görüşüb yuxuda söhbət edirlər:

"Çatmayır ümidim, xəyalım sənə".

Az qalır kövrələ şəhid balası,

Ata dillənir ki, nə alım sənə?

 

Heç nə istəmirəm, atacan, heç nə,

Təkcə sarıldığım "rəsmdi" mənim.

Bircə saatlığa olsa da olar,

Sən elə özün gəl, bəsimdi mənim.

 

Anam da darıxır səninçün, ata,

Çiçəklər düzübdü eyvanımıza.

Səni gözləyirik, sındır şüşəni,

Çıx bu çərçivədən, gəl yanımıza.

 

Şəhid analarına

 

Ey şəhid doğan ana!

Əbədi ucalmısan,

Günəşə, Aya qədər,

Sənin balan apardı,

Bizi Şuşaya qədər.

 

Aparsa da saçının

Qarasını bu dünya,

Qoparsa da qəlbinin

Parasını bu dünya.

 

Sənə səcdə eləyir,

Bütün fəsillər indi,

Azad quşlar, ağaclar,

Çiçəklər, güllər indi.

 

İndi neçə ana var,

Sənə oxşamaq istər?!

İndi neçə körpə var,

Şəhid doğulmaq istər?!

 

Hər kəsin qismətinə,

Saçları ağ yazılmır.

Şəhid anası olmaq,

Vətən olmaq yazılmır.

 

Ey şəhid doğan ana!

Sənin yerin vətənin

Ürəyinin başında,

Adın qızıl hərflə,

Tarixin yaddaşında.

 

Şəhid doğmaq, doğulmaq,

Müqəddəslik, böyüklük,

Ucalıq mənasıdır,

Şəhidlərin anası,

Vətənin anasıdır.

 

Şəhid Həsənzadə Familə

 

Ruh içində ruh igid,

Can içində can oğul.

Səni salamlayıram,

İgid, qəhrəman oğul.

 

Şəhidlik zirvəlikdə,

Dağlara tən olurmuş.

Torpağa qan damanda,

Torpaq vətən olurmuş.

 

Şəhidlər də vətəntək,

Müqəddəsdir, əzizdir.

Şəhid qanı və ruhu,

Səma kimi təmizdir.

 

Təmizliyin, paklığın,

Sağın, solun mübarək.

Beyləqandan Şuşaya,

Zəfər yolun mübarək.

 

Bu vətən sən adlıdır,

Sən də vətən adlısan.

Füzuli, Zəngilansan,

Cəbrayıl, Qubadlısan.

 

Əbədisən bu xalqa,

Ocaq kimi, pir kimi.

42 gün döyüşdün,

Gizir komandir kimi.

 

Düşməndən təmizlədin,

Neçə rayon, dağ, kəndi.

Tanrıya çatdığın yer, -

Şuşanın Sığnaq kəndi.

 

Adına tarix üstə,

Fərmanlar yazılacaq.

Sənintək oğullara,

Dastanlar yazılacaq.

 

Yazılacaq vətənin,

Ürəyinə hər şəhid,

Səni salamlayıram,

Qələbə, zəfər şəhid.

 

Şəhid Həsənov Farizə

 

Zəfər tariximizdə

Qoymusan iz, Həsənov.

Özün müqəddəs şəhid,

Adın Fariz Həsənov.

 

Həyatda həssas adam,

Döyüşdə mahir əsgər.

Maaşını əsgəriylə,

Bölən komandir əsgər.

 

Sən bayrağa ucaldın,

Sən vətənə qarışdın.

Son dəfə ailən ilə,

Şəkildən sağollaşdın.

 

Sağollaşdın oğlunun

O körpə gözləriylə.

Qızının "tez gəl, ata" -

Sonuncu sözləriylə.

 

Söz vermişdin, savaşlar,

Bitən kimi qayıtdın.

Bu dəfə tarix kimi,

Vətən kimi qayıtdın.

 

Qayıtdın, ürəklərdə,

Alovun, odun qaldı.

Ailənin üzərində,

Əbədi adın qaldı.

 

Adın qaldı vətənin

Hər uca zirvəsində.

Millətin zəfər yolu

Azadlıq nəğməsində.

 

Şəhid Hüseynzadə Həmidağaya

 

Məni qarşıla, qızım.

Şəhid olub gəlirəm.

Tabutum yol üstədir,

Lap az qalıb, gəlirəm.

 

Gəlirəm, gözüm nuru,

Qələbə, zəfər ilə.

De ki, atamdır gələn,

Anana xəbər elə.

 

Xəbər elə gəlirəm,

Bütün vətən boyunca.

Heyif ki, tabutumun,

Qolları yoxdur, qızım,

Yoxsa sənə son dəfə,

Sarılardım doyunca.

 

Doyunca saçlarını,

Əllərini öpərdim.

İki damla yaş kimi,

Yanağına bitərdim.

 

Yox, ağlama, ağlama.

Ölməmişəm mən, qızım.

Sevin zəfər gününə,

Alındı vətən, qızım.

 

Bir insan ömrü nədir?

Min illərin yanında.

Vətən mənim canımda,

Mən vətənin canında.

 

Bilirəm, yaşayacam,

Xatırla sən də məni.

Yəqin, heç kəs unutmaz,

Bütün vətəndə məni.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!