Şeirlər - Elçin İSGƏNDƏRZADƏ

 

 

Vətən

 

Nəğmə də bitir,

şeir də,

yol da...

Hələ arzular da -

bircə sən,

bircə sən

bitmirsən,

Vətən!

 

 

Şükranlıq türküsü

 

İllərin həsrətini yerə vurdu bu görüş,

Uzanan yad əlləri elə qırdı bu görüş,

Qaranlığın bağrını yardı, yardı bu görüş,

Şükür, bizi bizlərə qovuşdurana şükür!

Başımızdan dərdləri sovuşdurana şükür!

 

Harda isə gümanlar gümana düşüb getdi,

Çin çıxmayan yuxular dumana düşüb getdi,

Şuşasız zamanımız zamana düşüb getdi,

Şükür, bizi zamanla barışdırana şükür!

Şükür, bizi Şuşaya qovuşdurana şükür!

 

Bir tərəfdən gün çıxdı, bir tərəfdən ay doğdu,

Payızların içindən bahar doğdu, yay doğdu,

Başımızın üstündə mutlu, mavi göy doğdu,

Şükür, bizi bu göyə yaraşdırana şükür!

Şükür, bizi Şuşaya qovuşdurana şükür!

 

Ha tərəfə yön aldıq, yönümüz çiçəklədi,

Səsimiz qönçə tutdu, ünümüz çiçəklədi,

Sabahın gətirdiyi günümüz çiçəklədi,

Şükür,  bizi bizlərə qovuşdurana şükür!

Ayrılığı Şuşadan sovuşdurana şükür!

 

 

Şuşam!

 

O bizim ağaclarıydı,

o bizim küləkləriydi,

o bizim yağışlarıydı...

Duruşundan tanıyırdım

qoxusundan tanıyırdım,

yağmasından tanıyırdım.

 

Ağac da boynubüküydü,

külək də qırıq-qırığıydı,

bulud da cilik-ciliyiydi...

 

Ağacına qurban olum, dedim,

buluduna qurban olum, dedim,

daş yoluna qurban olum dedim...

O qədər qurban oldum ki, -

gördüm anam da qurbandı,

gördüm balam da qurbandı...

 

Qurbanlarını qəbul elə, Şuşam!

 

Evimizə gedirəm

 

Akif Səmədə

 

Ürəyim elə atır,

evimizə gedirəm.

İlahi, nə mutluluq,

bu gün bizə gedirəm.

 

Qollarım qoşa qanad,

uçacağam yolları.

Yaralarıma təpib

qucacağam yolları.

 

Bənövşə qoxusunun

içindən keçəcəyəm.

Məni məndə gizlədən

Elçindən keçəcəyəm.

 

Bu ayrılıq, bu həsrət

Şükür ki, başa çatır.

Evimizə gedirəm,

evimiz Şuşadadır.

 

 

Ağdam camisində

yazılan şeir

 

Darıxacaq burnumun

ucunda ayrılıqlar.

Qəfildən gün çıxacaq

itəcək qaranlıqlar.

 

Bir uşaq yüyürəcək

xəyallardan üstümə.

Baxacağam bu uşaq,

özümmüşəm sən demə.

 

Qəmər nənəm gələcək

boyumu oxşamağa.

Bir ömür başlayacaq

yenidən yaşanmağa.

 

 

Cıdır düzündən etüd

 

Cıdır Düzünə düşən axşamların

aydınlığında qeyb oluram...

Qollarımı yana açıb ən gözəl uçuşunu

yaşamaq istəyirəm

geriyə qalan ömrün.

 

Bu uçuş bitsin, istəmirəm,

bu aydınlıq qaralsın, istəmirəm.

 

Bütün tərk edilmiş evlərin sevincini

yaşamaq istəyi var ruhumda, canımda.

 

Bütün qaranlıq yolları

                    işıqla doldurmaq həvəsim var,

bütün qırıq yolları bir-birinə bağlamağım gəlir,

yenidən, yenidən qollarımı yana açıram,

uçuram, uçuram, -

unutmamaq üçün,

xatırlamaq üçün,

yaşamaq üçün.

 

 

Cıdır düzündə

Rəsul Rzanı xatırlarkən

 

Yaşılından sarısına düşürük ömrün,

ağından qarasına,

mavisindən qırmızısına.

 

Hər günü bir rəngə batır vaxtımız,

bir rəng boyayır bizi,

ya da biz bir rəngi boyayırıq

ovqatımızla,

halımızla...

 

Sonra rəngləri qurtarır ömrün, -

bir göy qurşağı asılır göydən.

 

 

Ağdamda ilk şeir

 

Bir ötən günün qoxusu burnumda,

havası başımda

və neçə vaxtdır ki,

o günü yaşamaq istəyim

burnumun ucunda alça çiçəyitək açılır,

alça çiçəyitək solur.

 

Burnumun ucunda darıxır

Olanlar,

unudulanlar,

ötənlər,

bir də mən,

Ən çox mən darıxıram hamıdan ötrü -

hamı da o gündə,

o ötən gündə.

 

...burnumun ucundan keçir külək,

alça çiçəklərini sovuraraq...

 

 

Bir şəhərlik sükut

 

Ağdamıma

 

İndi bir şəhər susuram,

bir uzaq şəhər...

 

Bütün unutduqlarım küçələrində,

yollarında,

yaddaşında...

 

Xəyallarımda kor olmuş əllərim bir divar gəzir

üstü kömür yazılı,

təbaşir yazılı

adımın baş hərfi o divarda unudub

                                   sevdalı olduğunu...

 

Və bütün sevdalar unudulur, bildim

amma ayrılıqlar unudulmur,

unudulmur...

 

Və o boşluqda ən çox notlara möhtacam,

bir şəhərin nəğməsini susuram

qum saatının boşalmış şüşəsində...

 

 

Atam üçün rekviyem

 

Əkdiyin qələmlər

çinar oldu, söyüd oldu...

Nəvələrin çoxaldı,

böyüdü,

umud oldu...

Səndən sonra bu ömür də bulud oldu, Ata...

Evimizin damında quruldaşan qumrular

ovcun üçün darıxıblar,

ovcundakı dənlər üçün,

yemlər üçün darıxıblar.

Darıxıb sənin üçün

sabahlar da,

gecələr də...

Səninlə çəkdirdiyim şəkillər də

...Mən təzə şəkillər çəkdirmirəm,

köhnə şəkillərlə ovunuram.

Səninlə çəkdirdiyim şəkillər

indi məndən xoşbəxtdilər.

Şəkillərdə nə gözəl varsan,

gözlərin gülür,

üzün gülür,

şəkillər gülür... mən ağlayıram.

Təsəllim şəkillərindi, Ata!

amma,

şəkillərinə deməmişəm öldüyünü.

 

 

İstanbulda Şuşa

yuxuma girdi

 

İstanbulda Şuşa yuxuma girdi -

Köhnə məhəlləmiz... dəmir darvaza...

Bu necə yuxudu, ah bu nə sirdi -

Boz dağlar təzəcə çıxmışdı yaza.

 

Xanın səsi gəldi Qala tərəfdən,

Buludlar axırdı - bəyaz buludlar...

Bir qaya üstündə dayanmışdım mən,

Gözümdə könlümdə böyük umudlar.

 

Yuxudan oyandım, - gecəyarıydı,

Quyruqlu bir ulduz düşdü dənizə.

Həsrət ürəyimi sancan arıydı, -

Şuşa ilğım kimi göründü gözə.

 

Dəniz sahilində poyraz əsirdi,

İstanbul yuxusuz, İstanbul oyaq.

Boğazda qərib bir xəyal gəzirdi,

Qız qülləsi yaxın... Şuşa çox uzaq...

 

 

Özünlə görüş

 

Bir gün də yollar bitər

çiyinlərdən düşərsən.

Köhnə qəbiristanlıqda

təzə qəbrin içində

özünlə görüşərsən.

 

Yadına salarsan ki,

nə günahlar etmisən,

nə savabların olub.

Cavabsız sualların,

içində sualsız

çox cavabların olub.

 

İstəmisən itəsən

adamların gözündən.

Daha gələn olmasın

ləpirindən, izindən.

 

İstəmisən hüzura

qovuşasan hardasa.

Dərdini bir ağaca

danışasan hardasa.

 

Amma istədiklərin

dönüb gerçək olmayıb.

İllər beləcə keçib

daha ömür qalmayıb.

 

Bir gün də yollar bitib

çiyinlərdən düşmüsən.

Hamı səni tərk edib,

özünlə görüşmüsən...

 

 

Bir ömürlük ixtisar

 

Məktəbdən öyrənmişdim ixtisar eləməyi,

sonra həyat öyrətdi...

Məktəbdə yazı taxtasında edərdim ixtisarları,

həyatda həyatımdan...

Sanki həyat ixtisar eləməkdən başqa

heç nə öyrədə bilmirdi...

Silib atırdın elə

və beləcə ixtisara düşdü

neçə dost,

neçə tanış,

neçə insan.

Məktəbdən sonra

günlərin ixtisarına keçdim,

sonra ayların,

sonra illərin...

Elə oldu ki,

bütöv bir ili ixtisar elədim ömrümdən,

sonra bütöv bir ömrü...

Sonra saçlarımı ixtisar elədim,

ürəyimi,

əllərimi...

Sonra da özümü ixtisar elədim!..

 

 

Ürəyim

 

İndi əlimin altındadı ürəyim,

hara istəsəm fırlaya bilirəm.

Hərdən döyüntüsü başıma düşəndə,

götürüb kənara qoyuram,

bilirəm inciyir,

amma neyləyim,

məni ən çox ürəyim yorur.

Əvvəl elə bilirdim,

fikir yorğunuyam,

indi bilmişəm ki, ürək yorğunuyam.

Daha yolunu tapmışam,

ağrıyanda bir daşın altına qoyuram,

döyünməyəndə çıxarıb silkəliyirəm,

ora atıram, bura tullayıram.

Bircə mən bilirəm,

ürəyimin başına nə oyun açıram.

Əvvəl dilimin altındaydı,

indi əlimin.

 

 

Xoşbəxtlik

 

Xoşbəxtlik gələndə

qırıq-qırıq gəlirsə...

Bir gün əllərin sevinirsə,

bir gün gözlərin gülürsə,

bir gün də səsin

xoşbəxt olursa...

Sonra qırıq xoşbəxtliklər

qırıq xəyallar kimi

gözlərinin suyunda

zədələnirsə...

Sən xoşbəxt

olmadığını anlayırsan.

Anlayırsan ki,

xoşbəxtlik gələndə

bütöv gəlməli,

tam gəlməli.

Və üzünün ikisi də  xoşbəxt olmalı,

gözünün ikisi də gülməli -

biri güləndə,

biri ağlamamalı.

 

 

Kim dünyanı sevdisə...

 

Başqa bir yol da yoxdu,

durub çıxıb gedəsən.

Gözünü yaşamaqdan,

çəkib, yığıb gedəsən.

 

Nə başqa bir yer də var,

başqa saatlarıyla.

Hanı başqa adamlar,

başqa həyatlarıyla.

 

Başqa bir yer axtardım,

bu yer məni açmadı.

Bu yol mənə yatmadı,

bu yol məndən qaçmadı.

 

Keçmişdə qalır hamı,

keçmiş necə evdisə.

Ölüm gəlib apardı,

kim dünyanı sevdisə.

 

Dönüşsüzlük

 

Səhər yelləri günəşdən küsəcək,

gülüşlər dodaqlarından,

ağaclar yarpaqlarından.

 

Səsin əks-səda verib uçrumdan yıxılacaq,

yuvalar boşalacaq,

quşlar yuvaya həsrət qalacaq.

 

İntihar edən arzular gözlərindən asılacaq...

O, gəlməyəcək.

 

Necə ki, yağışlar yağış kimi buluda qayıtmır,

necə ki, göz yaşları gözlərinə qayıtmır.

 

Hər şey belədi indi...

gedirlər, qayıtmırlar.

 

 

Sənli xatirələr

 

Bütün xatirələr adına bağlı,

indi xatirənin sənsizliyidir.

Şəklimi özündə aparıb gedən

solğun gözlərinin mənsizliyidir.

 

Mən sənli dünyanın sənsizliyində,

sən mənli dünyanın mənsizliyində.

Necə tutuşacaq baxışlarımız,

qaranlıq dünyanın günsüzlüyündə.

 

Beləsi heç olmur, elə sevəsən,

sonra həsrətlərə yovuşmayasan.

Dizində susasan ayrılıqların,

sonra da öləsən, qovuşmayasan.

 

Sənli xatirələr xatirə deyil,

daha indən belə sənsizlik imiş.

Mən harda varamsa, orda sən yoxsan,

sən harda varsansa, mənsizlik  imiş.

 

Bütün xatirələr yaralı quşdu,

uçurlar, təzədən mənə dönürlər.

Sənin mənsizliyin qara torpağa,

mənim sənsizliyim sənə dönürlər.

 

 

Sevgilim

 

Bu dünya dediyin bu dünya,

sənsiz heç imiş, sevgilim.

Arzular durna qanadlı,

bahardan köç imiş, sevgilim.

 

Ömür də boşluğun boşunda,

ömür də qışlığın qışında,

bircə yol qalıb huşumda,

o da ki, keç imiş, sevgilim.

 

Qaradan qarası bəllidi,

sən adlı  yarası bəllidi,

bilirsən, harası bəllidi?

Orası puç imiş, sevgilim.

 

 

Qaldım

 

Uçub getdi arzular da,

arzulardan gendə qaldım.

Heç bilmirəm kimlər məndə,

mən də belə kimdə qaldım.

 

Gün qurutdu qurulandım,

gözyaşında durulandım,

yağmalandım, yarılandım,

bir yağışlı nəmdə qaldım.

 

Aydınlıqlar duman kimi,

məndən xeyir uman kimi,

hələ də bir güman kimi,

bilirəm ki, səndə qaldım.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!