Qaranlığın işığında
Səlim Babullaoğluna
Axar çayı iki dəfə,
Düz iki dəfə
Keçə bildim...
Necə?..
Düşündüm ki, axar sular
Bulanmaz və beləcə
Ürəyimdə dinclik tapdım...
Taleyin sualları varsa,
Cavabları da var.
Cavab yoxdursa,
Demək tale deyil,
Ömürdü sadəcə...
Sükutumu ayrı dildə,
Ayrı əlifbada, ya ayrı bir
musiqidə dinlədikcə
anlayıram ki,
mən yoxam...
Həyat
Həyat bizlə yaxşı davrandıqca
Biz özümüzlə pis davranmağa başlayırıq...
Məsələn: Ən əziz adamları unudur,
Sonra niyə unutduğumuzu xatırlamırıq...
Ona görə də həyat bizlə bir meşşan kimi
Yalnız istəkləri uğrunda nəzakətli olur...
İnsan ömrü də bir yarpaq kimi
Düşür göy üzünün budaqlarından...
Biz solmağa başlayanda
Uşaqlarımız tumurcuqlayır...
Hardasa xatirələr təsəlli olur,
Ömrün qürub çağında.
Onu da danışmağa
Ürək qalmır, ürək...
30 yaşın şeiri
Qalmağa yerim yoxdu,
Getməyə bir yolum.
Ancaq keçmişlədi işim,
Nə axtarıram, nə itirmişəm,
Özüm də bilmirəm...
Bir şəkil var, o şəkildə
Bütün varlığınla yox olmusan...
Təkcə gözlərin danışır,
Əllərin susub,
Saçların susub,
Dodaqların susub...
Təkliyim bir körpüdü,
Nifrət çayından keçirir məni.
Uzaqlarda, lap uzaqlarda
bir tanış səs duyulur:
daha heç kim əvvəlki kimi deyil,
daha hamı unutmağı bacarır...
Ömür
Qayıda bilsəm,
Özümə qayıdardım...
Mən səndən yox,
Özümdən getmişəm...
Beləcə qarışdım
İnsanlar arasına -
Bir yarpaq kimi
Düşdüm,
Ömrümün ən sağlam
Budağından...
Nə payız idi, nə də qış,
Hələ unutmamışdın məni...
Baxdım uzaqlardadı
əlim çatan arzular,
heç kimi yox,
təkcə özümü
qınadım və susdum...
Göyərçin dəni
Xırda pulları uğur nişanəsi kimi
Saxlayıram cibimdə...
Elə bilirəm göyərçinlər üçün
Dən yığıram...
Sonra bir parkda -
O xırda pulları
Göyərçinlərə dən əvəzi bilirəm...
"Bağışlayın, xırda pullar qəbul olunmur" -
Deyir satıcı xanım...
Halbuki bilmir
O xırda pulların
Göyərçinlər üçün
Dən olduğunu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!