***
Səhərin kandarında soyundu nəyi varsa -
gecəni, ulduzları, köhnə çəkələyini,
qapıları taybatay açıb girdi içəri
eşikdə boğdu gəldi dəlisoy küləyini
- meh də əsmir... - dedilər, biçarə dillənmədi
"mehtək necə əsirlər?" - düşündü öz-özünə.
Görüb görməzdən gəldi ağacları, gülləri,
üzü suya dayandı - baxışı batdı getdi
qolları uzanınca açılınca əlləri
dedilər ki, deyəsən, bu ayrı cür igiddi
- heç tələsmir, - dedilər, biçarə dillənmədi
"bəs necə tələsirlər?" - düşündü öz-özünə.
Heç özü də bilmədi nəyə kimə çökdü diz
tərk etmək istəmirdi bu sirli viranlığı,
heç kimə baş qoşmadı susdu səssiz-səmirsiz
dizlərinin altına yıxdılar qurbanlığı
- kəsmir... kəsmir... - dedilər, biçarə dillənmədi
"görən necə kəsirlər?" - düşündü öz-özünə.
Özünü də yıxdılar cəllad kötüyü üstə
eşitdi qarğışları, dinlədi alxışları,
balta enənə qədər gülümsədi ahəstə
"qayıdacam" - söylədi hamıya baxışları
- zalım bezmir... - dedilər, biçarə dillənmədi
"axı necə bezirlər?.." - düşündü öz-özünə.
***
Cəllad kötüyünə baş əyən anda
öz ruhun quş olub çiyninə qonar
ürkək-ürkək sağa-sola hərlənib,
bircə dəfə ağız açar tez O-na:
- dəymə, bir də eləməz!..
Ondan sonra gözlərində yuyunub,
axan işıq dörd bir yanı bürüyər
öz ruhuntək sən də qonub harasa
yalvararsan qaşı çatıq pəriyə:
- Dəymə, bir də eləmərəm!
ağır-ağır varaqlanar ömür-gün
görərsən ki, yaşam nədi? - göz dağı.
Kötük hara, balta hara, sən hara?
Deyərsən ki, neyləmişəm mən axı:
- dəymə, bir də eləmərəm!
Qonaq gələr göydən yerə qiyamçı
bugününü süfrə kimi sərərsən,
sabahını qopararsan budaqdan
sandıqdakı keçmişini verərsən:
- Dəymə, bir də eləmərəm!
Ağlın çaşar düyünlənər qaşların
görəndə ki, çox xırdasan, çox xırda...
İşin-gücün ətək dartıb cırmaqdı.
O da sənə qayıdar ki, axırda:
- sən də dəymə, eləmərəm, get daha...
...sonra gücün yaşamağa çatarmı?
çatsa durub bir eşq ilən deyərsən:
- Neyləyirsən, et, qorxmuram, et daha...
***
Əllərimi uzatdım... o bilmədi... bilmədi...
Kabuslar görününcə öpüş yağışı yağdı
göstərdim o haləni... səcdədən dikəlmədi...
məni alıb getmədi ruhların diri vaxtı
gördüm yol yox geriyə...
Nə müridim, mürşidim, nə imamım var idi,
yelkən kimi bağlıydım görünməz bir gəmiyə
gözlərimi açanda hər yanda bahar idi.
Gördüm bir kol dibində bir sıxma qar kimiyəm
nəfəs dəymir əriyəm...
Barmağını uzadıb göstərən də yoxdu heç
göydəki çox uzaqdı yerdəkini gəl tanı.
Heç nə... heç nə ummuram...
qınamıram baxtı heç.
Nə şairlər şairi, nə sultanlar sultanı,
nə də pirlər piriyəm...
Hər nə etdim bilmədi... uçub getdi bir anda,
qanadıyla toxunub qırıb getdi güzgünü.
Söz də unutdu məni əlimi uzadanda
bildim ki, sevgisində dünyanın ən üzgünü
bir sümük bir dəriyəm...
Ömür deyilən dönür bir üzü boş varağa,
yanmayıb əriyəcəm, qoy görməsin külümü.
Bilməzdim haqq deyəndə o özünü buraxa
yoxluqlardı hayqırır hər yana bu ölümü
çətin... çətin kiriyəm...
***
...Nə su qırçını var ayağın altda,
nə ovcun içində mismar yeri var,
sən İsa deyilsən, İsa deyilsən,
baxma dörd yanında min cür pəri var...
hər kəs öz xaçını özü daşıyır.
Ovucdan daman da
qan yox - zamandı.
Kimsə deyə bilməz qandı içdiyin
qanla səhv salmazsan içdiyin andı.
Sən tabut içində deyilsən axı
tabutdu içində daşınan amma
əlində bir şam var baxıb susursan
sükutun yalvarır şama ki: yanma...
sən İsa deyilsən, İsa deyilsən.
Nə əmr sənlikdi, nə də ki fərman
qurumuş ağacda sevgimi qalar?
ovcun mismarlısa, hanı daman qan?..
***
Çiynimə əl toxunur, görürəm öz əlimdi,
öz əlimdi yaxamdan yapışıb silkələyən.
Üstümə düşən kölgəm sanki bir gözəlindi,
onu qucaqlayıram... gülürsən... gül... güləyən!..
Sığallı gecələrdə buruq-buruq saçları
axtaran o bir cüt əl uzanır əllərinə.
Yenə də qımışırsan... kirpiyinin ucları
yazır qaranlıqlara külümü gül yerinə.
Qəfil boynu vurulur günün qürubda mənsiz
bir damcı da kimsəyə pay düşməyir qanından.
Sevgisiz ölənlərin külü üstündə səssiz
məni bir qılınc kimi sıyırırlar qınımdan...
Çiynimə əl toxunur görürəm öz əlimdi,
öz əlimdi kəsilmiş başımda sevda gəzir...
...Sənə güləyən dedim, keç günahımdan indi
aç kitabı "ol!" mənəm... bax, O Mən tir-tir əsir!..
***
Quşlar perik düşdü son şeirimdən
sözlər bircə-bircə qopub yıxıldı.
Ölüm bədahətən çəkdi adımı,
sən elə bildin ki, dünya dağıldı...
Sonra bir qarışqa keçdi önündən
gördün ki, dən nədi? - məni sürüyür...
Mənsə pıçıldadım astadan o dəm,
"sən boylan yuxarı... payını götür...".
Baxsan da nə görə bilərdin axı
uçuq misralardan, məndən savayı...
...Ovcunda bircə dən var idi... amma
yerdə qarışqanın yox idi sayı...
Hələ arılar da uçub gəlirdi,
amma Gül deyilən solmuşdu çoxdan...
...Öpsəm də mən Sözün ayaqlarını,
gəlmir O şeirimə, gəlmir o vaxtdan...
***
Endim pillə-pillə... dedim: bu da mən...
baxdım göy üzünə - orda yox idim.
Arxayın enmişdim yanar oda mən,
çünki od sarıdan gözüm tox idi...
Gözlərdən yox oldum bir böcək kimi
qığılcım şəklində itib də batdım.
Sevdalar tor qurdu hörümçək kimi
mənsə yalnızlığı qucub da yatdım.
Hərdən açılırdı gözüm göylərə
baxıb yoxluğuma mürgüləyirdim.
Dodağım qaçırdı onda boş yerə
guya burdan ora nur çiləyirdim.
Olsun lap iç üzü, olsun çöl üzü,
əslində, mizansız nizam qurulmur.
Ya haqqın gül üzü, ya eşq ölüsü
adamı vururlar - adam vurulmur...
Bezirsən bir yolluq ucalığından
enirsən... deyirsən, bəlan sovuşar.
...Küsmərəm yolların haçalığından
O Məni azdırar, Səndə qovuşar...
***
Bir ilahi sükutdu gör nə boyda-biçimdə
bir az ruhumdan böyük, bir azca da balaca.
Gəl indi sən öl görüm bu səssizlik içində
baxanlar baxıb desin: "qismətiydi halalca...".
nə bu qu yalqızlığı, nə bu ölgün gün kimi,
kiminsə gözlərinə sorulub itmək olmur.
Vuran elə vurub ki, bu sonuncu ilməni
ha üzünə baxsan da, yanından ötmək olmur.
Bir söz çıxır şeirdən əli bıçaqlı bir söz,
ölümü Nəsimitək soymağa can atır o,
guya batildi ölüm, hünərin var ölmə döz,
ara yerdə gerçəyin ruhunu qanadır o.
Heç nə dəyişməyib, yox - şəkil, sevgi və yalan...
haqq da öz yerindədi durub nəfəs-nəfəsə,
bu sükutun içində bir Mənəm Mənə qalan,
bir də Sənsən... bir də Sən...
söhbət bağlıdır... nəsə...
***
Kəpənək güldən soruşur:
"Hansımız tez öləcəyik?".
Gül soruşur sübh mehindən:
"Nə vaxt sonu biləcəyik?".
Sübh mehi öpür suları:
"Doğrudanmı, vaxt qısadı?".
Su hopur qara torpağa:
"Ah... budur haqqın büsatı...".
Torpağı bir qoca eşir
gətirirlər bir ölünü,
bir pıçıltı gəlir qəfil,
"Ver əlini... ver əlini...".
Mən Sözəm... Söz - şahlar şahı
kəpənəyin, gülün, suyun,
torpağın mənəm Allahı.
Bir sərxoş şair dilindən
qopsam da gəl qısıl mənə,
ölsəm də sənə yazılım,
ölsən də gəl yazıl mənə.
Bilinsin qoy bu dünyada
yermi, ya göymü fitnədi.
Qoy bilinsin nədir həyat
ömür nədi ölüm nədi...".
...Kəpənək güldən soruşur:
"Tanıdın pıçıldayanı?".
Gül yalvarır sübh mehinə,
"Ah... çağır gəlsin tufanı...".
Bir şair yıxılır qəfil
haqqın Söz nərdivanından,
sərxoşluğun təntənəsi
dillənincə - susur bir can...
"...Ver əlini... ver əlini..."
torpağı eşir bir qoca,
...pırıltıyla uçub gedir
Söz adlı bir yalqız heca...
***
İçində bir sevginin mumyalanmış ölüsü,
başında ələmlərin ucaltdığı taxt gəzir.
Yalqızlığı yaz bilir gülümsəyir gül üzü,
zamansızlıq içində var olmağa vaxt gəzir.
Amma düşünmür qəti:
"Bəlkə, dözüm bir az da...".
Qaranlıqlar içində itirmir ta özünü
adicə bir işıq da dönür əkiztayına.
Bəzən özü də bilmir hara tutsun üzünü
göydən, yerdən bir anlıq bilmir necə yayına.
Fikirləşə də bilmir:
"Bəlkə, susum bir az da...".
Quruda yol azanda yamanlayır suları
açılmamış qönçədə deyir yəqin, xəzəl var.
Dalğaları görüncə qan qusur arzuları,
dəniz qalxıb çırpınır... örtür üstünü sular,
çabalayır... düşünmür:
"Bəlkə, üzüm bir az da...".
Amma səhra... hə, ömür... ilğımlı, sirli çöllük -
nə arxası, nə önü seçilməyən biyaban...
Havadı bir udumluq, sevdadı bir könüllük,
içinin səsi dolur sonsuzluğa bu zaman:
"İlahi, burax Məni... Məndən küsüm bir az da,
bir az da Özüm olum...
Özüm... Özüm bir az da...".
***
Ölüm səni gözləmirdi, sən də ölümü,
Kimsə dedi: "Yazılanı oxu tərsinə...".
Kiminçünsə fərqi yoxdu bəndə ölümü
haqq olanı hansı tərzdə oxudur sənə...
Mən suların, sən göylərin, o da torpağın
sükutunda cücərəni qavraya bilsək...
Gəl, indi sən, o tuşlanan qorxunc barmağın
kölgəsində becərməyə alnıma gül çək...
Heç nə... heç nə bəhanədən təcrid eləməz
sevgi varsa əlli cürə nağıl da vardır.
Bir də... bir də yıxılmağa yox məndə həvəs
ölüm tutub gediləsi bitməz divardır...
***
İkimizik... Kim bilir ki, kimik, nəçiyik...
Niyə gəldik bu görüşə... Bilən varmı heç...
Bir dalğanın öpüşündə hədsiz kiçiyik
Lap böyüyük - bizdən ötrü ölən varmı heç...
De sözünü... Mən də deyim... Qoy susan sussun
Viranələr öz şəklini dəyişməyəcək.
Heç unutma, yazanımız nə yazır yazsın,
Bizdən ötrü heç kim gəlib döyüşməyəcək...
Vaxt ötəcək... Can qurtulub divanəlikdən
Yalvaracaq boşluqlara xoş bir an üçün,
Ruh da daha tab etməyib qırılıb təkdən
Rəqs edəcək arxamızca qışqıran üçün...
Bir göyərçin dimdiyində saman çöpütək
Daşınacaq istəyimiz əlçatmazlığa...
Niyə gəldik bura axı... bəlkə, söyləyək...
Bəlkə, deyək kimlər çıxır sevgidə yoxa...
İkimizik... Sən orda qal, mən də ki, burda...
Qoy sevgimiz sirr olaraq arada qalsın.
Sən göydəsən... Mənsə yerdə... Hardayıq harda...
Elə et ki, ağın şəkli qarada qalsın...
***
Bir Gül idi, baxıb keçdim
qoxusu arxamca gəlir.
Gəlişi yasaq olsa da
bəycə gəlir, xanca gəlir.
Tutaş kirpiyindəki yaş
varağa düşüncə hopur.
Doğulan Söz - bağrıbadaş
dərddən içi çopur-çopur.
Sən Daşı öpüb keçirsən
o qonur öpüş yerinə,
Yeri get, ey Gül qoxusu,
çıx get o Gülün xətrinə.
Get... qınamıram heç kimi
mənim öz Sözüm Gül açıb,
Çərtmə məni ülgüc kimi
xeyri yoxdu - qanım qaçıb
Mən o Sözün qoxusuyam
biz qovuşsaq aləm çönər,
Mən o Gülün yuxusuyam
ayılsa Haqq göydən enər.
Gülün, Daşın, Sözün dərdi
təzədən yüklənər bizə.
Üzərriyəm - yandır məni
qoy bu Eşq gəlməsin gözə...
***
Qan quruyub qanadında qumrunun,
ayağını çəkə-çəkə dən gəzir.
Bir körpə də arxasınca can atır,
gah yubanır, gah onunla tən gəzir.
Qumrudumu? Şəklidimi yuxumun?
Yoxsa nişangahıdır o oxumun?
Elə bil ki, uçub gedən ruhumun
şikəst olub qayıdıb bir çəngəsi...
Yum gözünü, görünməsin getdiyin,
Bilinməsin harda gözdən itdiyin...
Hər nə etsən geri dönər etdiyin -
düz yolların olmur əyri döngəsi.
Şikəst qumru... körpə uşaq... boş cığır...
Eşidən yox... istəyirsən lap çığır...
Üz qibləyə... məni yerə mən yıxır,
Burax məni, mən qurbanı mən kəsim...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!