"...dönə-dönə susdum ki, eşidəsən" - Könül Arif

şeirlər

Güzgülər Allahı axtarır
De niyə kilidlədi ki, o, qapıları
açardırsa əllərim?
Ayaq altından çək döşəməni
qısaltmırsa yolları.
Bir barmaqlıq boşluğa bənd idi düymələri,
evrənin küləyindən sıxılırdı
ilgəklərin ürəyi...

Bük o döşəməni,
yağış yağsa
yol alardıq sənlə
çətir-çətir ağaclar altına -
yamyaşıl beşiyə.

Kimi əllərini aça orda Allaha,
kimisi bükə...
De niyə kilidlədi ki o, qapıları gecə
açardırsa əllərim?

Görmədim
bir boy ki,
hasar üstündən qaralıb qapıya süzülə.
Aç ovuclarını -
ud Ay işığını bu dəfə!
Ay diyirlənir çinardan üzüaşağı.
De niyə kilidlədi ki, o, qapıları
açardırsa əllərim?

Çək üstündən tavanı,
görmürsə
göy üzü çılpaqdır kürəyin.

Yığdı meşə o gecə qoynuna qollarını -
yıxdı dibinə ağacları,
udqundu gül kollarını!

Uddu göy üzü qanadlıları!
Dibində çürüdü zəminin buğdaları...


De niyə kilidlədi ki, o, qapıları
açardırsa əllərim?

Ya divar...
Sıxılsa dodaqlar
sim qopar
içdəki səsdən,
bükülsə əllər tufan qopar
gecə səhrada.

Mən dönə-dönə susdum ki, eşidəsən...

Ya divar!
Səni kim qucaqlarsa
bükülməz qolları,
açıq qolların arasında
buz bağlar
isti canı.

Toz-duman arasında
sezilən o -
simi qırıq udmu?!

Ya divar!
De hara vurum bu yumruqları -
içində bir sınıq səs,
içində səhra qumu?..

Tutulsa qollar
can qopar
örpəyin altında.

Ya divar!
Ya divar!
Ya divar!

Səndən yıxılanlar duz ağlar
dibindəki quraqlığa,
dizlərindəki yaraya -

hər gözə bir yara,
hər yaraya min damla!

Mən dönə-dönə susdum ki, eşidəsən...

Qışqırdım içimə
dörd kərə cikkə!

Qopdu...
Qopdu səhrada
uddan sonuncu sim də qopdu!..

Qızılgülün qayığı
Yosunları qucaqlamaq vardı qollarımda
əllərim uzanarkən boynuna.

İri-xırda balıqların üzgəcləri
ətəklərinə dəyirdi.

Üfüqdə günəşi hələ udmamışdı
Yunisin balığı.

Quru otların xışıltısı
səsində idi...

Ot ayaqlamıram indi
ayaqlarım da böyüdü boyum kimi

Yazsalar da vəsiqəmə - havanı yarmaqda
yüz yetmiş iki sm-lik izni
boyum çatmır qaranlığa...

Qopar o qara rəngi
gecədən, ana!
Zülməti tutub günləri...

Uzat əlini!
Yamadım bütün qayıqları...
Gül zoğundan qönçə düyünlənib açdığı kimi,
gül zoğundan qönçə düyünlənib açdığı kimi
gəl yenidən doğ məni!

Hasarlar
Şərqli qadının boyunbağısından
xaç əvəzinə
xəncər asıldığını görərsən...

Sənə sevgiylə baxıram,
danışma mənə
nə Allahdan, nə cadudan!

Din əzəldən
düşmən edib şairə
övliyaları.

Çək çarmıxa, bir bax mənə,
gör necə
Hz. İsa kimiyəm...

City smile
Təbəssüm deyildi üzümdəki
vidalaşarkən tretuarda...
Boynunu qucaqlamaqdı o!

Bir üzükirli,
ayaqyalın uşaq tarlada
qol açıb günəbaxanları
qucaqladığı kimi.

Gün doğarkən
Mənə
ürəyi dörd nalını ötən atlardan danış!
Gedirəm son savaşa...

Mənə
düzənlikdə duman qoparan atlardan danış!
Gedirəm son savaşa...

Mənə
yüyənini çeynəyib udan atlardan danış!
Gedirəm son savaşa...

Mənə
özünü bölüb-keçən atlardan danış!
Gedirəm son savaşa...

Ayı oraqla doğra...

Tanrının süqutu
Meh əsincə titrəyən o köhnə
o taxta qapıların
narahatlığı var ürəyimdə.

Lal gecədə
kədərli ay susqunluğu -
o olüm xofu
bəndə xofu
qatar kimi bölər tanrılığı içimdə!

Mən  -
böyük rüzgarlara
qanadlarını qopduran böcəyəm...

Öncə
Tanrı idim.
Su anbarının kənarında

Su anbarının kənarında
bir qovaq dayanıb, qovağın budağında
yırtır gecənin sinəsini
üstü ləkəli
altmışlıq lampa.
Əllərimi qatıb saçlarıma
hörük hörürəm.
Hörük - saçın bələyidir, saçlarımı bələyirəm.
Mən
şəkillərin arasında
axtarıb tapdığım şeirləri
misra-misra
dərman həbləri kimi
gəmirirəm
su anbarının kənarında.

İndi burda,
bu qovağın altında
təkbətək oturmuşam Allahla
və O, ilk dəfədir ki,
qovağın altından baxır səmaya
(necə ki
biz öz kitablarımızı görürük ummadığımız ünvanlarda).

Allahın pıçıltısını eşidirəm:
"Mən səni sevirəm, dünya,
sevirəm mən səni,
səni mən sevirəm!".
Eynən
Pyotr Veqin ulduzlara baxarkən
sevgisini dərk etdiyi kimi
və ya
şeirindəki -
uşaqlar karameli
dili ilə ağzında dəfələrlə çevirdiyi - kimi
Allah da
eləcə dəfələrlə etiraf etdi
dünyaya sevgisini
baxarkən
qovaq budaqlarının altından səmaya
su anbarının kənarında.

Mən göyərçin kimi
buraxdım zamanı ovuclarımdan azadlığa.
İndi
o cəlladın kölgəsində zərbə gözləyən
məhkumam mən -
zamanın qarşısında
boynumu aşağı əyirəm...
Dikib gözlərimi sən yarandığın torpağa
o şair kimi, bu Allah kimi,
və ya
dilini iflic vurmuşlar kimi
etiraf edirəm:
"Mən səni sevirəm,
sevirəm mən səni,
səni mən sevirəm..."
Orda -
bir qabırğalıq boşluqda
sızıltı hiss etdinmi?..

Boşalır saçlarımın bələyi,
təsir gücünü itirir bədənimdə şeir həbləri,
öləziyir ağacdan asılan lampa,
ağrılar - İblis balalayır bağrımda!!!!
Yığıb əlinə gecənin ətəyini
yavaş-yavaş yuxarıya qalxır Allah da -
Sökülür dan yeri...

Qəfildən tutub havada
uçuşan o üç müqəddəs kəlməni
zəhər kimi
çeynəyib-uduram boğazım acıya-acıya
su anbarının kənarında.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!