Lirik poema: "Zəfər yolu" - Nəriman HƏSƏNZADƏ

 

"Burada səhvə yol verilə bilməzdi.

Çünki bu, tarixi məsuliyyətdi..."

İlham Əliyev

 

I

 

Şuşa yolu, Zəfər yolu,

Otuz illik səfər yolu!

Cənab Ali Baş Komandan,

Səfərdəsən sən o vaxtdan.

İstidə,

Boranda,

qarda,

 

Uzaq-yaxın o yollarda!

Yol içindən yol seçirsən,

Keçilməz yollar keçirsən, -

Fikrin-zehnin yollarını,

44 günün yollarını.

 

II

 

Şuşa yolu, Zəfər yolu

Sevinc yolu, məhşər yolu.

Solum səhra, sağım səhra,

yarı Qarabağım, səhra!

Dünyanın sonu buydumu,

mən gördüyüm yuxuydumu?!

Uçan körpü, yanan meşə,

ərşə çəkir, məni ərşə!

Kirəmidli bir binadan,

qalan nədir?

Uçuq eyvan,

Sökülmüş tənha bir divar.

apar-apardı, sök, apar!

Yerində bir şey qalmasın,

söyüş, ya giley qalmasın.

Erməninin əl işidi,

nəsil-nəsil vərdişidi.

Avtoqraf! - 

öz xətti, adı,

Şuşada bayquş uladı.

 

III

 

Cənab Ali Baş Komandan,

piyada keçdin o yolu.

İlham pərisi Mehriban,

Yanında, keçdin o yolu.

O bayquşlar ulaşanda,

Səhrada keçdin o yolu.

Mərd əsgər, qalib Sərkərdə,

davada keçdin o yolu.

Gəldi qardaşın Ərdoğan,

qovğada keçdin o yolu.

Əvvəl də keçdin o yolu,

Sonra da keçdin o yolu!

 

IV

 

Salam Şuşa, salam Vaqif!

Ulu öndər, bir də salam!

Abidənin önündəyəm,

heykəl kimi dayanmışam.

Çiçək bilib sevinirik,

üstümüzə yağan qarı.

Ulu öndər alqışlayır,

Gətirdiyi qonaqları, -

Dağılardı dərdi-qəmi,

bu duman kimi, çən kimi.

Uşaq kimi sevinərdi

o, bir şair görən kimi.

İlham orda, aramızda,

İyirmi bir yaşındaydı,

Şuşanın yaddaşındaydı.

Zərifə xanım - anası,

Ulu öndərin əzizi.

O da orda qar altında

Dinləyirdi şeirimizi.

İlk dəfəydi tanıyırdı o da məni.

Elə bildim anam gəlib.

bacım gəlib,

alqışlayır orda məni.

İlahi, nə ulu öndər,

nə o günlər?!

Hər anı bir tarix imiş.

Vaxt Zərifə xanımı da

qayb elədi,

türklər demiş.

  

- Əlli doqquz yaşındayam! -

Bunu Ali Baş Komandan

özü dedi.

Ulu öndər o zaman da

həmin yaşın içindəydi.

 

Bu tarixdi, həqiqətdi.

Təsadüf də,

eşitmişəm zərurətdi.

Demək, bu da dərkedilməz

bir hikmətdi.

Demək, bu əlli doqquz da,

o birinin əvəziydi.

Atasının nəfəsiydi.

Bir kitabın o iki

səhifəsiydi.

Bir dağın da

İki qarlı zirvəsiydi.

Bu, qəhrəman bir millətə,

Azərbaycan, sənə şanlı töhfəsiydi.

Demək, gələn, gəlməliydi.

O Haqqa yüksəlməliydi.

Qoşun çəkib açmalıydı.

Bizim Zəfər yolumuzu.

Tarix təqdim etməliydi,

əsrimizə, -

İlham adlı oğlumuzu.

 

V

 

Salam Şuşa, Cıdır düzü!

Yer üzünün cənnət üzü!

Yerin göylərə tutduğu

dağlarda Meydan güzgüsü!

Mən burdan çağırsam səni,

eşidər dünya səsimi.

Yellər burdan tez aparar,

ulduza - Aya səsimi.

Sıx meşələr,

Uçqun qayalar, dərələr.

Dağətəyi enən cığır,

yer üzünün sonunamı

gedib çıxır?

Salam İsa bulağımız!

Səndə olub, sən susanda,

Həmişə bir qulağımız.

"Xarıbülbül", "Xarıbülbül"!

nə bu rəngdə çiçək gördüm,

nə bir yerdə bu adda Gül!

"Xarıbülbül" - mehmanxana!

Aç orda, aç pəncərəni.

Hər saatı bir ömürdü,

dağlardan nəfəs alana,

təbiət çağırır səni!

Ən gözəl seyrangahımdı,

Ən gözəl tamaşam mənim!

Mədəniyyət paytaxtımdı

Şuşam mənim!

 

VI

 

Sən mənim könül aləmim,

muğamım-sazımsan, Şuşa!

Zirvədə qarlı qışımsan,

dərədə yazımsan, Şuşa!

 

Yerlər geniş, göylər təmiz,

ətəyin güllü süfrəmiz.

Burda Gəncə, orda Təbriz,

Kürüm, Arazımsan, Şuşa!

 

Yağan leysandı, gürşaddı,

Pənah xanın ruhu şaddı.

Gedən getdi, qalan qaldı

Sən alın yazımsan, Şuşa!

 

VII

 

Əsgər gördüm, gümrahıydı,

dünən, Şuşa yollarında.

Zəfər yolu dediyimiz

həmən Şuşa yollarında,

bu gün - Şuşa şəhərində.

Axşamın da, səhərin də

bu yerlərdə sahibi var,

yiyəsi var.

Düşmənin yüz hiyləsi var,

yüzbiri də xəyanətdi.

Bu torpağın hər qarışı

Şəhidlərdən əmanətdi.

Əmanətdi,

Əmanətdi.

 

Bakı, 13.09.2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!