Nəğmə
Quzu otaranın,
Dərsə gedənin,
Gedən qatarın,
Şeiri çap olunmayan şairin,
Dodağında bir göyərmiş nəğmə var...
Adamı o nəğmə yaman yandırır,
Nə quzular başa düşər onu,
Nə getdiyi məktəb,
Nə sərnişin,
Nə də oxucu.
İllah ki, şair kənd şairi ola,
İllah da biləsən bu quzuları qəssablar sevir,
Qatarlar səni ayırır,
Və kənd adamları deyirlər,
Əsl şair şəhərdə yaşayar,
Allahşükür, səni yandıracaq
Bu nəğmə,
Başına çarə qıl...
Qatarlar
Yuxulu-yuxulu gedən qatarlar,
götürüb bir kəndi ürəyinizə
o gecə haraya aparırdınız?
Ana yuxusutək itkin qatarlar,
Bilirəm, siz harda oyanmısınız?
Şütüyüb işıqtək yarıb gecəni,
Sən demə, zülməti qandallayırmış.
Bəlkə də, qatarlar ana vətənin,
İçinə yığılan qanadlarıymış.
İçi sevgi dolu ötən qatarlar,
Nə yerdə, nə göydə vağzalınız var.
Nə də ki, dənizdə dayanırsınız.
Qırxbirdə baş alıb gedən qatarlar,
Bu gün ürəyimizdə dayanırsınız.
Çağırıram
Darıxıram göy köynəyimin içində,
Yer çox balacadı,
Budur,
Ayağımı atdım,
Düşdüm yerdən...
Bir maşın üstümdən keçincə
Darıxıram belə.
Güllə ürəyimə girincə
Darıxıram belə.
Darıxıram,
Darıxıram,
Yeddi arxa dönənimi
Çağırıram.
Torpaq üçün darıxdım
Çıxdım yaşıl ağaca,
Ağac hər şeydən uca.
Qolumu aça-aça,
Göy üzünə axırdım.
Dilləndi göy dodağı,
Allandı göy dodağı.
Dişlədim göy dodağı,
Durnaları çığırdı.
Mən həsrəti seçməmiş,
Buludları içməmiş.
Bir dəqiqə keçməmiş,
Torpaq üçün darıxdım.
Dünya
Dünyanınkı nədir,
Get balaca uşaqla top oyna
Adını da qoy: Dünya.
Top vur qonşunun pəncərəsinə
Uşaqlar oyansın şüşə səsinə
Adını da qoy: Dünya.
Əlində dən tut,
bir sərçənin gözündə
Əllərinə ensin
bir parça
göy üzü
Adını da qoy: Dünya.
Əllərinə düşsün
bir parça bulud
əlində
buğda bitsin
Adını da qoy: Dünya.
Sevdiyin qızın adı Röyadırsa
Adını dəyiş qoy
Dünya.
Sev kərəm kimi
Soyul Nəsimi kimi
Bit, qurtar,
Bu da sevdiyin Dünya.
Atam
Atam Güləhməd Ağayevin xatirəsinə...
Bir kişinin qeyrətindən
doğuldu
atam.
Şimşəklərlə döyüşündən,
Buludların nərəsindən
yarandı
atam.
Günah qapısını
açmadı
Kiminsə yanında alçalmaq üçün.
Əyilmədi ucalmaq üçün.
Əyildi
Bütün yolların insanlıqdan
keçən hissinə.
Əyildi
Papaqlı kişilərin haqq
savaşında əzəmətinə.
Elə olub ki,
Qocaların ağrısını özü çəkib
qocalmaq üçün,
Gülüşünə sevinib
cavanlaşmaq üçün.
Atam, -
Bu nişanda atam...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!