Sentyabr. Eylül. Veresen. September - Səlim BABULLAOĞLU

Şeir

 

1

 

Sentyabr. Eylül. Veresen. September.

Sarı rəng və kədər. Qüssəli tembr.

Uzaqda batıq səs: halsız və yorğundu.

Diş yoxdu, deməli, işlər də yoğundu:

nədən ki, adamın tamahı itidir;

hər adam bir az da tamahın itidi.

 

Eylül, veresen, september, sentyabr

işğal eləyir bütün diyarı

köndələn yağışla, gözdeşən küləklə.

Sonrası rəsmdi: nə toxun, nə rənglə!

Payızdı. Sonbahar. Osen. Autumn.

Sarımtıl inqilab. Sarışın təlatüm.

 

Veresen. September. Sentyabr. Eylül.

Yarpaqlar qəpiktək elə hey tökülür.

Elə bil kim isə anladır könülsüz:

Bax, budur, dünyanın dəyəri, görürsüz.

Pəncərə önündə tozlu əlcək

sözsüz bir yazıdır: dünyadan əl çək!

 

September. Sentyabr. Eylül. Veresen.

Ad üçün hansı söz doğrudur, görəsən?

Sözdən yükünü boşaldıb kağıza

mənalar ehtiyac duymur ağıza.

Otaqda bürküsə kim deyir bu pisdi?!

Bürkünü hiss edən bədən var ipisti.

 

E.Abjinov "Günəşli sentyabr"

 

2

 

Sentyabr. Eylül. Veresen. September.

Lüğətlərarası ən adi tender

qalib edərdi yəqin ki, sükutu.

Sonrası nöqtədi: qələmin ucu;

o isə lap çoxdan yazıbdı: şimşək

çaxanda açacaq çətirlər çiçəktək.

 

Eylül. Veresen. September. Sentyabr.

Təqvimlər özünü eləyir biabır.

Onlara baxmadan bilirsən hətta

qiyabi tanışdı təqvimlər həyatla.

Açıqdı pəncərə, uçuşur bir arı.

Onun da rəngi sənintək sapsarı.

Veresen. September. Sentyabr. Eylül.

Qızılı alovdan doğulur qara kül.

Hirsinə nidatək siqaret kötüyü

küldanda dik durub. Ağzının köpüyü,

hirsin yatır. Elə öz qanında boğulur ürəyin,

gizlənib altında ağappaq köynəyin.

 

September. Sentyabr. Eylül. Veresen.

Sədəqə istəyir birisi, verirsən:

bir ovuc xırda pul, bir ilıq təbəssüm.

"Qoy, arzun çin olsun, qoy, üzün gülsün!" -

qapının dalından sezilən sözlərin

ünvanı göylərdi. Yaşarır gözlərin.

John Everett Millais: “Payız yarpaqları”

 

3

 

Sentyabr. Eylül. Veresen. September.

Göy üzü ağarır tənbəl-tənbəl.

Baxışın səmada marafon yürüşü

geridə buraxır uçağı və quşu.

Miskindi bu yerdə hər hansı məğrurluq.

Biz ki göylərə əvvəldən məğlubuq.

 

Eylül. Veresen. September. Sentyabr.

Gecələr mavrdı, səhərlər kentavr

gödəni, bədəni, rəngi ilə hər kəs.

Divanda açıqdı İmre Kertes.

Vərəqi geriyə çevirir sərinkeş.

Ömürsə yenidən yaşanmır... eh... kaş...

 

Veresen. September. Sentyabr. Eylül.

Miçəkdən bir öpüş qazanır süni gül.

Yalanlar daha çox çəkici, güvənli.

Saxta bir avazla oxuyur müğənni:

"Dərdimi göylərə danışsam alışar..."

Eybi yox, qulaqlar buna da alışar...

 

September. Sentyabr. Eylül. Veresen.

Frigid qadıntək qələmdən bezirsən.

Üfüqü qızardan qürubun şəfəqi

güldanda bərq vurub anladır fərqi.

İşıqla kölgənin sevgi oyunu

qurtarır divarda. Filmin sonu.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!