Şeyx Nizaminin tərifi
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev cənablarının 05 yanvar 2021-ci il tarixli
Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili"
elan edilmişdir.
Ey ustadlar ustadı, ey ulu, Şeyx Nizami,
Ya Haqq! Bismillah! - deyib ələ aldım qələmi.
Allaha yalvarıram topuq vurmasın dilim,
Sənin adına layiq bir əsər yaza bilim.
İnci, gövhər sözlərin hamısını demisən,
Necə yazıb, vəsf edim sənin tərifini mən?!
Ya Rəbb! Nur saç qəlbimə, hikmətinin şamından,
Alnı açıq, üzü ağ çıxım bu imtahandan.
Gərək sərraftək seçib bakirə sözlər tapam,
Sənin uca şəninə sözdən Tac-Mahal yapam.
Sözü bəzəyib tutam ipəyə, al qumaşa,
Nəqqaştək naxış vuram başdan-başa tamaşa.
Sən mələklər sirdaşı... Göylərdən enmisən sən,
Daim coşub çağlayan bir hikmət çeşməsisən.
Sən idrak etdiyini təqvasız idrak etmir,
Elmini dərk etməyə nadanın gücü yetmir.
Fəhminlə, hikmətinlə sən əbədi dirisən,
Allahın vəhy verdiyi sözün peyğəmbərisən.
Ta Məşriqdən Məqribə şeirin şahı sənsən,
Əyarın çox ucadır, nəzmin dərgahı sənsən.
Yoxdur bir qələm əhli önündə dura bilsin,
Cürət edib, səninlə pəncə pəncəyə gəlsin.
Söz oynadıb səninlə kimsə yarışa bilməz,
Saf incinə yad inci əsla qarışa bilməz.
İrfanda, fəzilətdə sənə kim çatar ki, kim?
Sən alimlər alimi, əl-həkimsən, əl-həkim.
Qüdrətin söz mülkünə firuzətək nur saçır,
Əqlin, fikrin, düşüncən üfüqlərə yol açır.
Kimya, həndəsə, nücum... hər elmidən halısan,
Cümlə "Quran"a talib sən elmin mövlasısan.
Elə bir dərya yoxdur ağlın lövbər salmasın,
Bir xəzinə qalmayıb qələmin bac almasın.
Nə var yığıb getmisən, eyləmisən başa tac,
Şairlər qalıbdılar inci sözlərə möhtac.
Söz bostanın dərmisən tağda uradır qalan,
Xəzinələr boş qalıb nə satan var, nə alan.
Dür tökülür yazdığın məsnəvidən, qəzəldən,
Ağıl, kamal sahibi doğulmusan əzəldən.
Günəştək parlaq zəkan qəlblərə işıq salır,
Dünya səndən öyrənir, dünya səndən elm alır.
Düşüncənə can verib sözün cövhərə dönür,
Sənin dodaqlarında hər söz gövhərə dönür.
Söz çeşməsi qalmayıb gözündən içməyəsən,
Elə bir söz yoxdur ki, qızıl don biçməyəsən.
Hər sözə, hər kəlama qanından qan vermisən,
Hikmətinlə bəzəyib sözlərə can vermisən.
Sənin nəzmin ruhuyla nəzmin birincisidir,
İrfan xəzinəsinin gövhəri, incisidir.
Dünyanı fəth eyləyən nadir sözlər sənindir,
Sirlərə açar olan qadir sözlər sənindir.
Söz səninlə şah oldu, səninlə sehirləndi,
Həkk oldu beyinlərə, adınla möhürləndi.
Sən şeirlə dərs verdin sultanlara, şahlara
Sən qaldırdın şeirin bayrağın ucalara.
Haqsıza üsyanını yazıb gətirdin dilə,
Şahı məzəmmət etdin qarının dili ilə:
"Zülmündən, sitəmindən ərşə qalxıb ah-aman,
Nəfsə qul olan kəsdən şah olmaz heç bir zaman.
Xalqı çapıb soyursan, işin talançılıqdır,
Haqqın, ədalətin yox, peşən yalançılıqdır".
Qarının tənbehindən dik başın əydi yerə
Ədalət dərsi verdin zalım Sultan Səncərə.
Comərd, erkək fitrətli Nüşabənin dilindən,
Göz dağı, öyüd verdin böyük İsgəndərə sən.
Fəhminə, hikmətinə, ağlına heyran qaldı,
Qılıncdan kəskin olan sözündən ibrət aldı.
Cəsarəti önündə susub, fikirə getdi,
Dinləyib Nüşabəni çox şeyi idrak etdi.
Yalanı çıxdı üzə, özünü çox danladı,
Qəflətdən gözün açıb nəhayət ki, anladı; -
Allahın xəlq etdiyi qadın da bir insandır,
Erkək, dişi fərqi yox, aslan elə aslandır.
Dünya sənə dar hücrə, sən dünyadan irisən,
"Xəmsə"nlə əbədisən, dirilərdən dirisən.
Mənalar dəryasıdır yazdığın hər bir sətir,
Sənin hər bir əsərin sözün əzəmətidir.
Söz oyununda hər an qoşa düşübdü zərin,
Nuhdan bəri dünyada olmayıb bir bənzərin.
Zamanın xalısına nadir naxış vurmusan,
Sözün səltənətində şanlı büsat qurmusan.
Qızıl sünbül yetirdi sən əkdiyin hər bir dən,
Söz gülşənin sulandı zəhmətinin tərindən.
Qələmi tişə edib dəfinələr tapmısan,
Sözü yonub, bəzəyib sözdən heykəl yapmısan.
Nursan başdan ayağa, sən ağıl məbədisən,
Tanrının haqdan gələn nurlu çırağısan sən.
Çox sirli qıfılları sən sözünlə açmısan,
Həqiqətin yoluna işıq, şəfəq saçmısan.
Sən ruhunla, qanınla türklüyə şan qatmısan,
Türklüyü uca tutub şah zirvəyə çatmısan.
Dünyada qələm əhli, ustad şairlər çoxdur,
Fəqət, sənin zirvənə çatan bir kimsə yoxdur.
Söz səninlə dünyada şöhrət tapıb ucaldı,
Yox oldu taxtı-taclar sənin əsərin qaldı.
Epik əsərlərinlə məsnəvidə şah oldun,
Ötdün Firdövsini də, onu kölgədə qoydun.
Sinən ləl karxanası, sirlər xəzinəsidir,
Nəzminin xoş ahəngi ruhun nəşidəsidir.
Sehirli qıfıllara düşməsə də bir açar,
O sirli qıfılları sənin sözlərin açar.
Əldə əsa səyyahtək dünyanı gəzmədin sən,
Fəqət, altı qitəni ağlınla fəth etmisən.
Sən planet şairisən, səs salmısan hər yana,
Adın, şanın-şöhrətin yayılıbdır cahana.
Tək sənsən - Şeyx Nizami, sən layiqsən bu ada,
Cismən olmasan da, sən əbədisən dünyada.
Hər sözün dəfinədir, şəffaf, parlaq almazdır,
Şərəfinə nə yazsam, nə söyləsəm də azdır.
Şeir gülüstanının solmayan gülü sənsən
Davud kimi nəğməzən, ərşin bülbülü sənsən.
Ömrünün hər bir anı böyükdür qərinədən,
Nə zamana sığırsan, nə də kainata sən.
Varlığın günəş kimi, salehdir hər əməlin,
Hər bir duyan ürəkdə ucalıbdı heykəlin.
Şöhlət gecə və gündüz ruhuna səcdə qılır,
Allaha bel bağlayıb, dərsini səndən alır!
25.08.2021
Şuşaya günəş doğdu
Sentyabr, o müqəddəs gün, Baş Komandan əmr verdi,
Azərbaycan Ordusu Qarabağa yeridi.
Cəngə qalxıb igidlər silahlara sarıldı,
Qarabağı bürüyən qara zülmət yarıldı.
Saf əqidə, düşüncə ləngər vurub duruldu,
Bütün xalq, ordu, dövlət birləşib yumruq oldu.
Hər kəs hazır durubdu hüququndan keçməyə,
Hazırdır şəhidliyin şərbətini içməyə!
Lap cansa, can, qansa,qan, "qisas " deyir analar,
Xocalı vəhşətində sel olub axan qanlar.
Bakı, Ankara, Təbriz bir ürək, bir can oldu,
Pakistandan Kərkükə can Azərbaycan oldu!
İlk döyüşün zəfəri dünyaya səda saldı,
İllərdir əsir torpaq dərindən nəfəs aldı.
Düşmənə divan tutdu qırıcı təyyarələr,
Top səsindən diksindi göydəki səyyarələr.
"PUA"lar havalanıb göydən od ələdilər,
Düşmənin səngərlərin cəhənnəm elədilər.
Qorxusundan "hay"ların ağzında dili bişdi,
Heyrət edib heyrət də, heyrət heyrətə düşdü!
Hadrutdan Qubadlıya, Ağdamdan Kəlbəcərə,
Sancıldı Bayrağımız Qarabağda hər yerə!
Dünya, yer, göy gördü ki, bir təndə doğma candır,
Oğuz yurdu - Qarabağ cümlə Azərbaycandır!
Erməni faşizminə Ordumuz məzar qazdı,
Şuşanı azad edib zəfər dastanı yazdı.
Şuşaya qalxan əsgər hər biri bir şir oldu,
Qədəmləri dəyən yer ocaq oldu, pir oldu.
Dağları, dərələri gecə ikən aşdılar,
Sıldırım qayaları pələngtək dırmaşdılar.
Əlbəyaxa döyüşüb, ölümü yaşadılar,
Şəhid olmuş qardaşın çiynində daşıdılar.
Yaralanmış hər əsgər yenə qalxıb döyüşdü,
Qorxudan, vahimədən düşmən lərzəyə düşdü.
Dünya bu fövqəl-cəngə heyran qalıbdı vallah,
Sanki döyüşürdülər Mete, Bilgə, Nadir şah.
Erməninin ağzını birdəfəlik ovdular,
Tulanı qovan kimi Qarabağdan qovdular.
Allahın lütfü ilə işıq zülməti boğdu,
Sındı düşmənin beli, Şuşaya Günəş doğdu!
Payız fəsli olsa da, Xarı bülbül gül açdı,
Cıdır düzü süsləndi, göydən yerə nur saçdı.
Pənah xanın, Vaqifin ruhları güldü o gün,
Şəhidlər də Şuşaya ehrama gəldi o gün.
Külli-Azərbaycanı bürüdü alqış səsi,
Qartallar da səmada ötdü zəfər nəğməsi.
Al bayraqlar açıblar, bax, Turan elləri də,
Həmdi-səna edirlər, göydədir əlləri də.
Siz, ey şanlı zəfəri gətirən qəhrəmanlar,
Azadlığı gül kimi bitirən qəhrəmanlar,
Şükür, bu səadəti bəxş etdiniz siz bizə,
Xalqımız bir ağızdan - "Eşq olsun!" - deyir sizə!
Əhsən! Ey Baş Komandan! Sizi alqışlayıram!
Bu zəfər şeirimi Sizə bağışlayıram!
Şöhlət cuşa gəlibdi, xəyalı göylərdədi,
Şanlı, qızıl tarixi vəsf edib nəğmə dedi!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!