Bilirsənmi çətin nədir, əzizim? -
Varlığının yoxluğuna alışmaq.
Bilirsənmi çətin nədir, əzizim?
Yoxluğuna alışmağa çalışmaq.
Bilirsənmi çətin nədir, əzizim?
Bir ümidin kölgəsini izləmək.
Gecə-gündüz öz-özünü aldadıb,
Gedənlərin dönməsini gözləmək.
Bilirsənmi çətin nədir, əzizim? -
Baharında qış nəfəsi duyasan.
Həyatını zindan bilib içində,
Günlərini bircə-bircə sayasan.
Öz ürəyin sual verə özünə,
Söz tapmayıb qarşısında susasan.
İp keçirib cavabların boynuna,
Siqaretin tüstüsündən asasan.
Bilirsənmi çətin nədir, əzizim?
Bulud kimi gözün dola, yağmaya.
Ağrıların böyüdükcə böyüyüb,
Dünya sığan ürəyinə sığmaya.
Bilirsənmi çətin nədir, əzizim?
Yalnızlığın, soyadını daşıya.
Arzulara məzar olan otaqda
Xatirələr sənlə birgə yaşıya.
Ən çətini tənhalıqdır, əzizim,
Pəncərəndən küsər günəş şüası.
Yollasan da ünvanına çatmamış
Geri dönər tənhaların duası.
Elə bilirsən xoşbəxtəm
Elə bilirsən xoşbəxtəm bu şəhərdə?
Səninlə doğmalaşan,
İşıqlaşan şəhər.
İndi necə qaranlıqlaşıb,
Yadlaşıb mənə,
Bir bilsən...
Əl-ələ tutub keçdiyimiz küçələrin
ağırlığı üstümə çöküb.
Belimi büküb.
Hər axşam evə gələndə üzümə açılan qapını,
İndi özüm açıram.
Səsini duymağa tələsdiyim evin,
Səssizliyindən qaçıram.
Kölgəsinə sığındığımız ağac,
Həsrətimin kölgəsinə sığınıb indi.
Sənsiz fəsilləri dəyişmədi bu şəhərin.
Üşütdü məni havası.
Hələ qapının başındakı qaranquş yuvası.
Bilirsənmi, səndən sonra o yuva boş qaldı.
Mənim bu dünyanı boş gördüyüm kimi.
Səsimizə alışan qaranquşlar
səssizliyimizdə azdılar.
Elə bilirsən xoşbəxtəm?
Nəfəsimizin qovuşduğu bir şəhərin
ayrı-ayrı sakinləriyik.
Hər gün bir yerdə alış-veriş etdiyimiz
dükanın bir alıcısı da artdı
biz ayrıldıqdan sonra.
Küçə qapısının kənarında
göyərən otlar da quruyub.
Hər gün arxamca atılan sudan məhrum qaldılar.
Mən sevgidən məhrum qaldığım kimi.
Elə bilirsən xoşbəxtəm?
Nə xoşbəxtliyim qalıb,
Nə də mən olduğum kimi.
Sən gəlmədin
Dörd fəslim sənlə getdi,
Payız döndü, qış qayıtdı.
Sərnişini bəxtim olan,
- qatar geri boş qayıtdı.
Sən gəlmədin.
Ürəyimdə dəfn olmağa,
Neçə arzu, dilək gəldi.
Pəncərəmi döymək üçün,
Yağış gəldi, külək gəldi,
Sən gəlmədin.
Buludlar da yerə endi,
Kirpiyimdən yaş çəkməyə.
Ağrılarım axşam-sabah,
Gəldi mənə baş çəkməyə,
Sən gəlmədin.
Ömrün gənclik çağı getdi,
Nə qaldı ki, məndən mənə.
Ümidlərim şama dönüb,
Əridilər gündən-günə,
Sən gəlmədin.
Çox gözlədim, səbr elədim,
Gələr indi, keçər indi.
Kölgəm düşən yol üstündə
Ot bitməyir neçə ildi,
Sən gəlmədin.
Şəhadətin mübarəkdir,
Şəhidim
Ürəyində qeyrət olan, ar olan,
Son nəfəsi torpağına yar olan,
Qoca dünya var olduqca, var olan
Əzəmətin mübarəkdir, Şəhidim.
Dar günündə hay vermisən Vətənə,
Günəş verib, Ay vermisən Vətənə.
Öz canından pay vermisən Vətənə,
Səxavətin mübarəkdir, Şəhidim.
Haqqın üçün nə göz yumdun, nə yatdın,
Qeyrətinlə, şərəfinlə boy atdın.
Ölümünlə yatmış qurdu oyatdın,
Dəyanətin mübarəkdir, Şəhidim.
Vətən deyib, uca tutdun bu adı,
Sən xalqının unudulmaz övladı.
Yetişdirdin on milyonluq Poladı,
Kəramətin mübarəkdir, Şəhidim.
Haqsızlığa üsyan edib döyüşən,
Qırx beş yaşda cənnətiylə görüşən,
Tarix yazıb, tarixləri dəyişən,
Şəhadətin mübarəkdir, Şəhidim.
Şaxta babaya məktub
Şəhid qızının dilindən
Şaxta baba, bu yeni il,
Məni yada salma, qayıt.
Sığal çəkib saçlarıma,
Ürəyimi alma, qayıt.
Gəlmə, gəlsən azacaqsan,
Ümidimin tüstüsündə.
Əriyəcək qar bədənin,
Göz yaşımın istisində.
Küknar qurma bizim evdə,
Qan damlayar budağından.
Utanmırsan heç atamın,
Tənha qalan otağından?
Gəlməmişdən əvvəl oxu,
Məktubumu sətir-sətir.
Bacarırsan ata adlı
Hədiyyəmi mənə gətir!
Ağır qapılar
Dünən yüngül olan taxta qapılar
Bu gün dəmir olub, ağırlaşıbdı.
Açmağa açar yox, sındırmağa güc,
Vallah, taqətim də fağırlaşıbdı.
Üzünə açılmır, sehrlənibdi,
Bu ağır qapılar fağır adamın.
Ya gərək sehrli açarın ola,
Ya da açmaq üçün ağır adamın.
O qədər öyrənib ayaq səsinə,
Sabahdan axşama gözü yol çəkir.
Döydüyün o cansız ağır qapılar
İnsan taleyinə hər gün qol çəkir.
İki yol açılar qapı açılsa,
Seçim etməliyəm gərək qəlbimdə.
Ya gərək ikiqat əyilib girəm,
Ya da kişi kimi, əlim cibimdə.
Axır ki, qapılar öyrətdi mənə,
Taleyin hökmündən qaçılmaz olur.
Adını böyüdüb bəzək vuranda,
Yüngül qapılar da açılmaz olur.
Boş məktub
Mənə hər gün məktub yolla,
Yazılmamış sətrin gəlsin.
Ağ vərəqi açan zaman
Bircə misra ətrin gəlsin.
Özüm yazım sətir-sətir,
Ürəyimdən keçənləri.
Dillə deyə bilmədiyim
Misralara köçənləri.
Mənə hər gün məktub yolla,
Uzaqlığın bilinməsin.
Elə bax ki, boş vərəqə,
Baxışların silinməsin.
Məktubunu açdığımda.
Baxışınla qarşılaşım.
Yaxınında yaxın olub,
Uzağından uzaqlaşım.
Mənə hər gün məktub yolla,
Ümidlərim qocalmasın.
Qoy həsrətin ürəyimdə
Pillə-pillə ucalmasın.
Qələm ilə yazma, gülüm,
Yaralama məktubumu.
Ağ vərəqi oxuyaram,
Qaralama məktubumu.
Yağış
Yenə bulud anan qaşını çatıb,
Ruhumu titrədir bu soyuq baxış.
Bəxtim bir qıraqda çətirsiz yatıb,
Məni islatmağa nə var ki, yağış...
Dünyanın bağrına iz at yumşalsın,
Göylərdən yerlərə göz at yumşalsın,
Bacarsan daşları islat yumşalsın,
Məni islatmağa nə var ki, yağış...
Ömür dənizimin suları qırçın,
Sərçə qanadımın ümidi laçın.
Üstümə şığıyır ildırım qamçın,
Məni islatmağa nə var ki, yağış...
Kölgəmi özümə dost sanmışam mən,
Dərdimin külünə bulanmışam mən.
Gözümün yaşına islanmışam mən,
Məni islatmağa nə var ki, yağış...
Ağrılar qəlbimdə göllənib axmır,
Yarasa taleyim işığa baxmır.
Arzum göy qurşağı, günəşi çıxmır,
Məni islatmağa nə var ki, yağış...
Görüşərik
Bir gün məni axtarsan,
Dünəninə baxarsan.
İnadını yıxarsan,
altında görüşərik.
Yağır həsrət leysanı,
Gecdir, etmə üsyanı.
Xəyalların insanı
adında görüşərik.
Yanmış arzu-diləyin,
Sınmış arzu-diləyin,
Səndə qalan ürəyin
çatında görüşərik.
Məzarımın başında,
Soyuq qara daşında.
Baxdıqca yaddaşında,
yadında görüşərik.
Sən itirdin sevinci,
Məndən nə küs, nə inci.
Bəlkə, göyün yeddinci
qatında görüşərik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!