Bizim həyətin...
Bizim həyətin mənzərəsi bambaşqadır
Kəpənəklər yonca güllərinə,
Yonca gülləri
Yayın xəzrilərinə dirsəklənir.
Baxışlar yonca kollarında oturub
Sanki yelləncəkdə yellənir.
Bizim həyətin mənzərəsi bambaşqadır
Üzüm tənəki heyva ağacına dolanır,
Heyva ağacının qalın budağı
hasarımızdan sallanır.
Təzə boy verən şitillər,
Kölgəsində dincəlirlər
Ağacların.
Bir rəssam istəyir çəkə gözəlliyini
İnsan qəlbindəki bu baharın.
Bizim həyətimizin mənzərəsi bambaşqadır
Sevgi ağaclar üçün torpaqdan,
Quşlar üçün budaqdan,
Kəpənəklər üçün yarpaqdan
Tutub yalvarır,
Nə olar, tərk etməyin məni.
Eşq tətiyiyəm...
İlan kimi qabığımdan bu dəqiqə çıxmışam,
Sanki təzədən doğulmuşam.
İndi-indi öyrənirəm qığıltıları,
Qulağımda danın qapısının cırıltıları
Günəşin telləri səpilib üzümə
İşıq axır pəncərəmə gülüşlərindən.
Ruhunu ruhumla sevməm
Özümü sevdirir mənə.
Tanrı da dostu kimi baxır özünü sevənə.
Özümü tapıram səndə
Sevgi adlı şəhərin
Ümid adlı küçələrində
Labirintdisə də arzular,
Şükür məndən öndə mənə mayak olan
Sevgin var.
Bu bəs edir uduzanda sıfırdan başlamağa
Bu bəs edir hər şeyi yenidən yaşamağa.
Eşq tətiyiyəm bu gün,
Çəkilirəm sevgidən atəş açmaq üçün.
Bağışla
Bağışla, İlahi,
Şeir yazıram,
İşinə qarışıram!
Sən yaratdığın yer
Daha o yer deyildir.
İndi artıb şeytanlar,
Hər il Kəbədə daşatma mərasimində,
Kaş öz qəlblərinə daş ata insanlar.
Bəlkə, yıxıla şeytanın koması,
İndi qəlblərdə sənə yer yox,
Qəlblər şeytan yuvası!
Bağışla,
Yerlərin, göylərin əfəndisi!
Yazmaya bilmirəm,
İşinə qarışıram, bilirəm.
Bir adın bağışlayandır deyə
Sanma sui-istifadə edirəm.
Mən bəşərəm
Bəşərdə hər şər,
Saçımdan iliyiməcən
Əza-əza məndə qəza törədər.
Yıxılanı qaldırmaq
Görəvimizkən yer üzündə,
Başından basırıq bəlkə də,
Görürsən də.
Axı sən şahidsən.
Şəhadət verəcəksən əməllərimizə
Əməllərimiz əlcək ola bilmir əllərimizə.
Hansı üzlə döyəcəyik qapını,
Hansı ümidlə keçəcəyik siratını.
Bizə Qırat da olsa köməyi dəyməyəcək,
Biz o atların ayaqlarını çoxdan kəsmişik.
Biz nəinki sənə
Özümüzə də dönük düşmüşük.
Sən bağışlasan da bizi
Ruhun tərəzisi
Bədənimizi çəkəndə
Mütləq nəsə əyiləcək bir gözündə.
Sən qoru sabahımızı, Tanrım!
Mən Səni dünyanın qoruyucusu kimi tanıdım.
Tanıqlığın son ana qədərdi bilirəm,
Mənim şahidliyim bura qədər
Qəbul etsən, sevinərəm.
Yaşıl işıqlar
Bu labirint küçələrdə
Yolu tapmaq özü ibadətdi.
İbadət itaət,
İtaət sədaqət,
Sədaqət səadətdi -
Ruhun səadəti.
Qrimlənmiş üzlərdə
Sədaqət gəzmək
Susuz quyuya vedrə sallamaqdı
Və könülsüzə könül bağlamaqdı.
Bağlanmaq yaşamaqdı azad,
Yaşamaq sevməkdi.
Sevmək birinin uğruna ölməkmi?
Yox,
Sevmək uğura yaşamaqdı.
Bu labirint küçələrdə
İşıqforlar,
Yolu deyil, yolçuları tənzimləmək üçündü.
Yaşıl işıq
Əslində, həyəcanı ötürmək üçündü.
Bizi də ötürən bu yaşıl işıqlar,
Kaş labirint boyu yana
Yolu tapmayana
Ümiddi hardasa bu yaşıl işıqlar.
İnanıram
İnanıram nə vaxtsa,
qayıdacağıq bu torpaqlara
Çiçək kimi,
ot kimi,
ağac kimi,
adam kimi.
İnanıram necə olursa-olsun,
qayıdacağıq,
oyadacağıq yeri.
Görəcəyik ruh necə bar verir.
İnanıram,
bədənin diriləcəyinə,
öləcəyinə ruhun.
İnanıram bu oyunun,
sonda 1:0 qələbəylə
xeyrimə bitəcəyinə.
Siz də inanın,
İnam daşı dilləndirər
başından yıxılmasa ayaqlar.
Bu tıxacda
Bu tıxacda
Bir yol gedilirsə səndən qabaqda,
Demək, çatmamısan özünə hələ
Addımların boyuna boy vermirsə,
Ürəyində
Niyyətin də
Qığıldamayıb hələ.
Bu tıxacda
Hava ala bilirsənsə
Nə xoş sənə.
Niyyətindən qan damanlar
Addımını enə uzadanlar
Bu tıxacda
Qabağa gedə bilməzlər.
Sənin qabaqda gördüklərin illüziyadır, əslində.
Ha qaç çata bilməyəcəksən,
Özün durduğun yerdə
Özün də deyilsən.
Bu tıxacda
Tıxac yaratmaqdansa
Tıxac yarmaq
Ən böyük qəhrəmanlıqdır.
Günəşin gizli sifəti qaranlıqdır.
Biz aydınlıqlar adamıyıq.
Bütün aydınlıqlar tıxacları tıxayar.
Tıxaclar tıxananda
Yeni yol başlayar.
Ruhum...
Ruhum dörd yolayrıcıdı,
Hər səmtdən gələn
Kəsib keçir içimdən.
Düşünürəm,
İki bölünməkdən
Bir də iki bölünməkdən
Öyrəncəliyəm buna.
Düşüncəmdə zamanın sırsıra bağlamağına.
Yanmıram
Yanmıram ki, əriyə.
Bilirəm, köçəriyəm.
Köçür içimdən qatar-qatar
Yollar.
Gözlərimin önündə o qədər quru xatirələr var,
Heç birinə gözlərimin gücü yetmir su verə.
Ayağından su içən,
Dimdiyindən balalayan sünbül misalıdır dərd də.
Eh, nəyin dərdin çəkirəm ki?
Fikirləşirəm:
Birmi, ikimi?
Bu dörd yolayrıcında
Hansı hansı səmtə atım?
Özümü atmaq istəyirəm özümdən,
Heyif, zirvəmə dırmana bilmirəm.
Sənsizlik
Yenə də çəkirəm bu gecəni içimə
Siqaret tüstüsündən ağırdır sənsiz havalar.
İncimə
Bu aralar
Xəyalın özündən sadiqdi.
Hər gecə xəyalına söykənib uyumaq
Vərdiş halını alıb daha.
Sabaha
Sənli xəyalları qucaqlayıb sənsiz səhəri açmaq
Və var gücünlə özündən qaçmaq
Bir də vulkan kimi içindən püskürmək təhlükəsi,
Yaşamaq budurmu
Budursa
Bəs ölmək nədir?
Ölmək ikilikdən birinin olmamasıdır.
Adam təkləndikcə tükənir.
Fil çəkə bilməz heç tək insan çəkəni.
Yenə də çəkirəm bu gecəni içimə
İçimdə bir boşluq var,
Dağlar
Çaylar
Dənizlər
Kəhrizlər
Qarışıb bir-birinə.
Sənsizliyin tüstüsü boğur içimdə içimi
Dünyanın siyasi xəritəsidir içim
Özümdən keçməyə qoymur öz sərhədim.
Yoxsa...
Təzad
Ölüm adilər üçün ayrılıq,
İradələr üçün görüşdü.
Görüş Tanrının qismətidi,
Bu qismət kiminsə nəsihəti,
Kiminsə vəsiyyətidi.
Həyatda gördüklərimiz
Əslində, tanımadıqlarımızdı.
Tanıdıqlarımız hər gün bir sifətdə görünür gözə,
İçindən vulkan kimi püskürür söz:
Möcüzə.
Çölündə donursan,
İçində aldandığına yenə də aldanırsan.
Ölmək istəyirsən sadəcə
Qabaqda uçurum arayırsan atasan özünü,
İstəyirsən ölüb öldürəsən ölümü.
Dırmanırsan kəllənə,
Ordan atmaq istəyirsən özünü öz dibinə.
Birdən keçən il intihar edən şairi xatırlayırsan,
Üç gün haqqında gedən yazıları
Vərəqləyirsən xatirəndə.
Bir də görürsən beynindəki fikrin yerində
Yaşamaq şüarı baş qaldırır.
Yaşamaq
Sevgi ilə yaşamaq.
Otunu,
Suyunu,
Təbiətin hər huyunu sevib yaşamaq,
Elə ölümə qalib gəlməkdir hər gün.
Bunları uşaq vaxtı diktə edərdi bizə anam.
İndi təkrarladır zaman.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!