Gəlmişəm Şuşam, gəlmişəm - Orxan Paşa

Şeir

 

Dağıt başından dumanı,

Gəlmişəm, Şuşam, gəlmişəm.

Qalmasın ahın-amanın,

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Top-tüfəmgim, yarağımla,

Hesab çəkmişəm yağımla.

Ay-ulduzlu bayrağımla

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Salam olsun ordumuza,

Qurur verdi yurdumuza.

Qalamıza-burcumuza

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Yolu açdı igidlərim,

Qazilərim, şəhidlərim,

Ər oğlu mücahidlərim -

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

"Allahu-əkbər" sədasıyla,

"Can Qarabağ" nidasıyla.

Koroğlunun havasıyla

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Haqq-taala itaətinə,

Pir-ocaq ibadətinə.

Vaqifin ziyarətinə

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Qarabağ bizim yerimiz,

Meydandayıq hər birimiz.

Baş komandan öndərimiz,

Gəlmişəm, Şuşam, gəlmişəm,

Gəlmişik, Şuşam, gəlmişik.

 

Şuşa

28-29 avqust 2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!