Müxəmməs
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü-iqrarü-imanü dəyanət görmədim,
Bivəfadan lacərəm, təhsili-hacət görmədim.
Xah sultan, xah dərvişü-gəda bilittifaq,
Özlərin qılmış giriftari-qəmü-dərdü fəraq,
Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,
Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü-böhtandan səvayi bir hekayət görmədim.
Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,
Cümlə məkrü-alü-fənnü fitnədir, cəngü-cədəl,
Dirhəmü-dinar üçündür hər şeyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə əməl,
Bəndələrdə, simu bəylərdə ədalət görmədim.
Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən edər olsan şadiman,
O sənə, əlbəttə ki, bədguluq eylər, bigüman,
Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,
Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.
Alimü-cahil, müridü-mürşidü-şagirdü pir,
Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,
Həqqi batil eyləmişlər, işlənir curmi-kəbir,
Şeyxlər şəyyad, abidlər abusən qəmtərir,
Hic kəsdə həqqə layiq bir ibadət görmədim.
Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,
Kimi təxti, kimi taci, kimi əfsər istədi.
Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,
Eşqə həm çox kimsə düşdü vəsli-dilbər istədi,
Heç birində aqibət, bir zövqü-rahət görmədim.
Mən özüm çox kuzəkarı kimyagər eylədim,
Sikkələndirdim qubari-tirəni zər eylədim,
Qara daşı döndərib yaquti-əhmər eylədim,
Daneyi-xərmöhrəni dürrə bərabər eylədim,
Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim.
Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını,
Yola salmış, bil ki, bəzmi-işrətin cəndanını,
Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını,
Dönə-dönə imtahan etdim fələk dövranını,
Onda mən bərəkslikdən özgə adət görmədim.
Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar,
Zərrəcə etməz ədayi-şükri-nemət aşikar,
Qalmayıbdır qeyrəti şərmü-həya, namusu ar,
Dedilər ki, etibarü-etiqad aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.
Müxtəsər kim, belə dünyadən gərək etmək həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyrü-şər,
Alilər xaki-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən işlərdə ehkamu ləyaqət görmədim.
Dövlətü-iqbalü malın axırın gördüm tamam,
Həşmətü-cahu-cəlalın axırın gördüm tamam,
Zülfü ruyu xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başədək bir hüsnü-surət, qəddü-qamət görmədim.
Ey xoş onlar kim, Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər,
Sidqü-ixlas ilə pənc ali-əbanı sevdilər,
Çardəh məsumtək müşkülgüşanı sevdilər,
Dəxi, onlardan gözəl yaxşı cəmaət görmədim.
Ya imam-əl-insü vəlcinnü şahənşahi-umur,
Getdi din əldən, bu gündən böylə sən eylə zühur,
Qoyma kim, şeytani-məlun eyləyə imanə zur,
Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur,
Kim, şəriət məşəlində istiqamət görmədim.
Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,
Etmədim, səd heyf kim, bir mahi-ruxsarə nigah,
Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, oz lütfünü eylə pənah,
Səndən özgə kimsədə lütfü-inayət görmədim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!