Dilsuzun təqimatında
DİLSUZ
Məsud TARCAN
NOYABR RÜZGARLARI
Noyabr rüzgarları əsər, mən ağlaram,
Böyüyər gözlərim gecələr kimi.
Durnalar uçdu başım üstündən,
Qanadım qırıldı, çöllərdə qaldım.
Kimsələr verə bilmir yerini,
Naçar qaldı vətənim -
Bir xəbər çıxmadı səndən.
Noyabr rüzgarları əsər, mən ağlaram,
Adını dağlara,
dənizlərə, göylərə yazdıq -
Dar gündə
alnımızı söykəməyə
bir yer olsun deyə.
Bilmirəm, təsəllidi bu, ya yox?
Noyabr rüzgarları əsər, mən ağlaram,
İstanbulu sel aldı,
Bir yar sevdik, yel aldı.
Artıq duyulmur kükrəyən tunc səsin,
Artıq gündüzlər bəyaz deyil.
Göylərin, dənizlərin ötəsindən
Yox səni xatırladan bir baxış.
Mövsüm bahar deyil, yaz deyil,
Qışdı, qış.
Noyabr rüzgarları əsər, mən ağlaram,
Bir həsrət, incədən-incə,
Gələr, dolar içimə,
Bükər boynunu vətənim.
H.YAĞÇIOĞLU
MUSTAFA KAMALLAR TÜKƏNMƏZ
Tükənər, əlbət,
Göydə ulduz, dənizdə qum tükənər.
Vətən dediyimiz
bu torpaqlar cəsur, mərd,
Həm də müqəddəs bir atəşdir ki, sönməz -
İnanın, Mustafa Kamallar tükənməz.
Mən də ətdən, sümükdənəm, əlbət,
Mən də bir gün
bu dünyadan köçəcəyəm, əlbət.
İki Mustafa Kamal var, yaxşı bilin,
Biri - burda, biri - sonsuzluqda,
Allahın işidir - ruhlar görünməz -
İnanın, Mustafa Kamallar tükənməz.
Başınmı dərddə, onu xatırla,
Yanında olacaq təntidiyin an.
Başdan-başa hər şeyilə bu vətən
Bir də ağlamasın 10 noyabrda,
Fatehlər, Qanunilər ölməz -
İnanın, Mustafa Kamallar tükənməz.
Fəxri ƏRSAVAŞ
DASTAN
İl 1915.
On səkkizindəyik martın.
Özümüzə gəldik bir az.
Bir udumluq deyilmiş
Çanaqqalanın suyu -
Keçilməz bu boğaz,
Keçilməz bu boğaz!..
Qarı düşmən,
Bizi nə güllən qorxudur,
nə topun.
Artıq başladı cəngimiz -
Ər meydanında ərik biz!
Sənmisən, paşam, "İrəli!" deyən?
Budur, çıxdıq səngərdən!
Budur, bir qardaşımız
alıb kürəyinə
276 kiloluq mərmini,
Keçir odlar, alovlar içindən!
Bu mərmi dənizə gömdü
Elizabeti, Buveti...
Yanır, bütün Anafartalar yanır,
Dəniz yanır,
Dağ yanır.
Düşmənin də nəyi varsa, yanır!
Zəfər bizimdir artıq,
Türkük,
Müzəffər doğulmuşuq anadan.
Bir qarış torpaq uğruna
kimimiz şəhid oluruq,
kimimiz qazi, -
Yüz illərdi
heç dəyişmədi
alnımızdakı bu yazı...
Dünyada hər yer keçilər bəlkə,
Amma keçilməz,
heç keçilməz Çanaqqala boğazı!
İMKAN
Həyat bizə
xoşbəxt olmaq imkanı
vermədi, gülüm.
Biz
özümüzdən başqa hər kəsin
üzüntüsünü üzüntümüz,
acısını acımız bildik.
Dünyanın o biri başındakı
heç tanımadığımız
bir insanın belə göz yaşı
içimizi oyum-oyum oydu.
Pişiklərin dərdinə ağladıq,
Quşların yasını tutduq.
Nə ürəyimiz var ki -
yuxa və dəymədüşər...
Zaman
həyat qarşısında
bizi gücsüzləşdirdi.
Əslində,
nə gözəl şeydi, gülüm,
insanın insana yanması...
Əslində,
nə gözəl şeydi, gülüm,
tanımadığın birinin
dərdlərinə üzülmək
və çarə aramaq...
Mən bütün həyatım boyu
həp üzüldüm, həp yandım -
insanların dərdinə çarə tapmadım deyə...
Yaşamaq nə gözəldir, gülüm,
Sevərək,
sevilərək,
sevinərək,
düşünərək
və həyatın
vazkeçilməz
sancılarını duyaraq yaşamaq!..
ŞƏRQİ
Niyə
bu şərqini duyunca
içimdən ağlamaq keçir...
Niyə gözlərim dolur,
boğazım tıxanır belə...
Ağlıma həp isti bir əl gəlir
və çocuqluğumu xatırlayıram bir də.
İçimdə -
dərində, lap dərində
köhnə bir yara
başlayır sızıldamağa:
uzaq yaz axşamı...
viran qalmış bağça...
su deyil, hüznlə dolu hovuz...
Sən demə,
alnımdakı əl
anamın əli imiş,
doğulduğum gündənqalma...
Dumanlar içində
anamı görərəm -
Bir sevgi sarar qəlbimi,
yumşacıq, isti bir sevgi...
İçim aydınlanar bu sevgi ilə -
Yüyürərəm o dumanlara doğru,
Yüyürərəm anama doğru.
O şərqi susar birdən,
Bir xəyal,
bir xatirə belə
qalmaz anamdan.
Nədən ağlağan olmuşam,
gözlərimin doluşu nədən?
Bir də mən -
ümidi, sevgini itirmiş
yalqız adam...
Barış AKARSU
RÜZGAR
Pəncərənin pərdəsini
Havalandıran rüzgar,
Dənizləri köpük-köpük
Dalğalandıran rüzgar,
Gir içəri üsul-üsul,
Məni həsrətdən qurtar,
Gir içəri üsul-üsul,
Məni bu dərddən qurtar.
Yabancısan buralara,
Haralardan gəlirsən?
Əyləş, dincəl baş ucumda -
Bəlli ki, çox yorulmusan.
Mənə əsməyi anlat,
Mənə sevməyi anlat,
Mənə uçmağı anlat,
Uçub getməyi anlat.
Anlat ki, açılsın dilim,
Mən - rüzgaram deyə bilim.
Mənə rüzgar olmağı anlat,
Mənə qanadlanmağı anlat.
Abdurrahim KARAKOÇ
ANADOLUDA BAHAR
İlk baharı gəldi Anadolumun,
Silifkədə çiçək açdı nar indi.
Hər tərəfi yaşıllandı Bolumun,
Sultan dağı bənək-bənək qar indi.
Əyri yollar yamacların qurşağı,
Gül səpilib zirvələrdən aşağı,
Nərə çəkir Sürmənənin uşağı,
Dadaşların oynamağı var indi.
Köpükləndi irmaqları Dadayın,
Yaşıl palma - zümrüd tacı Xatayın,
Çuxurova cənnətidir bu ayın,
Aydın eli əfələrə dar indi.
Könül dilə gəlir tütək səsində,
Qağayılar düyün qurub Mərsində,
İspartanın rəng-rəng gül bağçasında
Bülbüllərin cəh-cəhini gör indi.
Cıvıl-cıvıl səssiz qalmış yuvalar,
Kəpənəklər bir-birini qovalar,
Xalı kimi naxışlanıb ovalar...
Bölük-bölük sarı, yaşıl, mor indi.
Aşıqlar diyarı Elbistan eli,
Olub bu mövsümün baği - İrəmi,
Hər çeşmənin üç-beş dənə gözəli,
Hər çiçəyin bir arısı var indi.
Çıxa bilsən Çamlıcanın başına,
İki qitə bir boğazda aşina...
Karaqoçam, gəl, yorulma boşuna,
İstanbulu vəsf eləmək zor indi.
GÖR
Sən bizim dağları görmədin, gülüm,
Hələ boz dumanlar çəkilsin də gör.
Hər həftəsi bayram, hər günü düyün,
Hələ yaylalara köçülsün də gör.
Bilməzsən obalar necədi bizdə,
Qantəpər qurşaqda, yoncalar dizdə,
Əriyər-əriməz bəyaz qar yazda,
Hələ bir əkinlər əkilsin də gör.
Nazlı, cilvəlidir Qırxqız pınarı,
Sanki təbi gəlib, coşur suları,
Köpüyü bəmbəyaz, seli sapsarı,
Hələ daşdan daşa tökülsün də gör.
Yağışdan sonrakı göy qurşağıtək
Bir qarış torpaqda minbir gül, çiçək...
Hansını oxşayaq, hansını dərək,
Sübh tezdən dan yeri sökülsün də gör.
Yaxşı tanımırsan sən bizim xalqı,
Məhəbbət görəsən - yaxına gəl ki...
Üzlər könülləri göstərməz bəlkə,
Ürfan pərdələri çəkilsin də gör.
Ziya Osman SABA
İSTANBUL TÜRKÜSÜ
Səni görürəm yenə, İstanbul,
uzaqdan, gözlərimlə
qucaqlayırmış kimi:
minar-minarə,
ev-ev,
yol-yol,
meydan-meydan...
Gəlir Boğaziçindən -
limandan qalxan gəmilərin səsi,
Mavi sular üstündə yenə
xatirələr qədər bəmbəyaz
Qız kuləsi.
Bir yanda
səhər-səhər
günəşlə bərabər
doğulduğum sahil - Beşiktaşım.
Bir yanda səmt-səmt, yer-yer
beş yaşım,
on beş yaşım,
ah, iyirmi yaşım...
Durur o təpəcikdə
oxuduğum məktəb,
Əsgərlik çağımda
qışla idi o bir üzü.
Bir gün bir qızını
verdi mənə
Hüsnünə doymadığım Rumelihisarı.
Mənim deyilmi oralar -
Babamın yatdığı Kiçiksu,
Anamın yatdığı Eyubsultan...
Hər belə kövrəldikcə,
Sanki çocuqmuşum kimi,
Tutar əllərimdən İstanbul...
Bədri RƏHMİ
ÜÇ DİL
Ən azından
üç dil biləcəksən,
Ən azından üç dildə düşünüb,
üç dildə röya görəcəksən.
Ən azından üç dil:
Biri ana dilin -
Əlin-ayağın qədər sənin,
Ana südü kimi dadlı,
Ana südü kimi müftə
laylalar, nağıllar,
hətta küfrlər də.
O birilər yeddi qat yad,
Hər kəlmə aslan ağzında.
Hər kəlməni
dişinlə, dırnağında
söküb çıxardacaqsan,
Nə bilim hardan…
Ən azından
üç dil biləcəksən,
Ən azından üç dildə
Canım-gözüm deməsini,
Qırmızı gülün
alı var deməsini,
Hara incədirsə,
ordan qopsun deməsini,
Atın ölümü
arpadan olsun deməsini,
Keçini qayadan uçuran
bir çəngə otdur deməsini,
Həm də bunları
gumbur-gumbur deməsini biləcəksən.
Ən azından üç dil biləcəksən,
Ən azından üç dil.
Çünki sən nə tarix, nə coğrafiya…
Nə osan, nə busan…
Oğlum, tosunum,
Sən avtobusa gecikmiş
Bir millətin çocuğusan.
Cahid Sıtqı TARANCI
DESƏM Kİ...
Desəm ki, vaxtlardan bir aprel axşamıdır,
Rüzgarların ən sərini səndən əsir,
Səndə seyr edirəm dənizlərin ən mavisini,
Ormanların ən qalınını səndə gəzməkdəyəm,
Səndən qopardım çiçəklərin ən ətirlisini,
Səndə daddım meyvələrin cümləsini.
Desəm ki...
İnan mənə, sevdiyim, inan,
Evimdə şənliksən, bağçamda bahar,
Dağlara, dənizlərə, ulduzlara qoşulub,
Söz açıram gözəlliyindən.
Bir gün səsimi duymasan.
Bil ki, ölmüşəm,
Bil ki, məşhər günüdür,
Bil ki, meydanda səni axtarıram.
Əhməd Səlcuq İLKAN
ALLAH QƏHR ETSİN
Mən bu hala düşəcək
adammıydım?
Qar yağdı güvəndiyim dağlara,
Həp boş çıxdı tutduğum əllər,
Həp daş çıxdı sevdiyim qəlblər,
Həp alnından vuruldu ümidlərim,
Həp dəlik-deşik oldu ürəyim.
İştə, bu üzdən ipıslaqdı baxışlarım,
İştə, bu üzdən yumruq-yumruqdu
əllərim,
İştə, bu üzdən belə çatıqdır qaşlarım -
Allah qəhr etsin...
Yox, bu belə getməyəcək,
Madam ki, bəyənmədin,
Bir sabah
bir dilənçinin ovcuna
qoyacağam ürəyimi,
Götürüb aparsın,
bəlkə bir işinə yaradı.
Kim nə deyər, qoy desin,
Qoyacağam ovcuna ürəyimi bir dilənçinin -
Allah qəhr etsin...
Bir vaxtlar
gəzdiyimiz yerlərdə dolaşıram,
Sanki indicə qarşıma çıxacaqsan,
Sanki dayanacaqda
məni gözləyirsən,
Dünən birinə rast gəldim;
Saçları - sən,
Gözləri - sən,
Qaşları - sən...
Düşdüm arxasınca,
Elə bildi dəliyəm, -
Allah qəhr etsin!..
Dünya alov içində,
Savaşlar baş alıb gedir...
Afrikada çocuqlar
aclıqdan ölür,
Mən isə, burada, sənsizlikdən -
Allah qəhr etsin.
Güldanımda
həp sənin sevdiyin çiçəklər,
Dodaqlarımda
həp sənin sevdiyin türkülər,
Sənin ad gününü
kutladım səndən xəbərsiz
və hər səhər
dualar oxudum
xoşbəxtliyin üçün.
Hara getsəm,
əcəl kimi
arxamca gəlirsən -
Allah qəhr etsin...
İştə, belə bir sevdadı mənimki,
Gəlib çatmış sonum,
Ən qorxunc uçurumlardanmı
atım özümü,
Ən dərin dənizlərdəmi qərq olum,
Amma qəlbimdə sən varsan...
Birdən sənə bir şey olarsa...
Allah qəhr etsin!..
Esat SELİŞIK
BİR NAĞIL YAZAQ
Səninlə bir nağıl yazaq,
"Sonsuz eşq" olsun adı.
İçində quş ürəkli
yunus balıqlarının üzdüyü
işıq rəngli dənizlərdə çimək.
Hər səhər pəncərəmizi
kəpənəklərin və mələklərin uçduğu
masmavi göy üzünə açaq.
Fağır-füqaradan
öyrənsin dostluğu qırx quldurlar.
Qardaş olsun cinlərlə pərilər.
Yüz illər boyunca köksümüzdə
həp çocuq ürəyi gəzdirək.
Bütün kainatla gizlənpaç oynayaq
mavi gecədə,
bir ulduzun təbəssümündə,
baharı
yeddi iqlimin qışında
nərgiz çiçəyinin ətrində tapaq
və biz gizlənək,
bütün kainat əl-ələ versin,
arasın bizi
göyqurşağının rəngində,
rüzgarların zümzüməsində,
çiçəklərin səsində,
buludların yuxusunda.
amma sonda səni mənim,
məni sənin qəlbində tapsınlar.
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!