Böyük çöküş - daş üstündə ölü quş
Dənizdə bir hüzn, sakitlik bu gün:
monotonluq, əbədi dəyişməzlik zahirən,
bətnində hər an dəyişməyə hazır,
ziddiyyətlərlə dolu təlatüm.
Sahil boyu iri daş parçaları,
üzərində anlaşılmaz yazılar, işarələr:
hər şey yaddaşdı, xatirədi, silinsə nə qalar -
anlaşılmazlıq, qeyri-müəyyənlik, ehtimallar,
boşluqla dolu ucsuz-bucaqsız səhra(lar)?!
Daş:
Qəsr idim bir zamanlar, qapalı məkan,
sığınardı mənə hamı -
şahlar, təbəələr; həyat dolu daş binalar,
həyət dolu ağaclar, ağac dolu quşlar,
quşlar dolu pişiklər, itlər...
güvənərdi mənə hamı.
Və bir gün
zəlzələdən-vəlvələdən qaldım dənizin altında.
İri daş parçasının birinin üstündə quş -
daş kimi o da cansız artıq.
Başlanğıc və sonun
sıfır nöqtəsi - sanki hər şey
eyni tərzdə hərəkətdə,
eyni şəkildə azalmada,
eyni qanunauyğunluqla yoxolmada:
həyat ki var - daimi bir aldanış - ölümün inkarı
və yenə də, yenə də, yenə də
həyat ki var ha olum və ölüm arasında
rəngarəng sonsuz vəziyyət,
hər anı azalma, hər anı bir az ölüm.
Quş:
Uçar idim bir zamanlar, məkanım sonsuzluq.
"Qanadlarım öldü əvvəlcə, sonra göy üzü".
Göy üzü -
müəyyənlik, anlaşılmazlıq, ehtimallar təşnəsi,
əbədi dəyişməzliyin
zamanı bilinməyən məkanı.
Sınıq xətt - yeni paradoks
Dübbədüz dəmir parçaları hər tərəfdə.
Elə düz, elə hamardılar ki...
İstər-istəməz öncə daha çox
qığılcım yağışı cəlb edir adamı:
kənara çəkilirəm azca,
orta bir mövqe seçirəm müşahidə üçün,
alovdu axı -
çox yaxın gedərsən yandırar adamı,
çox uzaqlaşarsan istidən olarsan.
Qaynaqçı bərk məşğuldu - nəsə düzəldir
əyərək dəmir parçalarını. Görünür,
bütün əyrilər düz olur əvvəlcə -
ani fikir keçir ağlımdan.
(Həqiqətən belədi, görəsən?!).
Sınıq xətlər əyilmiş şəklidi
düz xətlərin -
yenə elmin fəlsəfəsi qatır başımı.
Və unuduram ki,
düzü əyməklə məşğuldu adam bayaqdan,
yandırıb əyir dəmir parçalarını,
əyib qırır da bəzən,
sonra calayır bir-birinə.
Gözlərim önündə
dəyişir bir neçə dəfə həndəsi forma
ötən kiçik zaman axınında.
Əyilmiş "düzlər"dən qapalı bir fiqur alınıb.
Amma davam edir proses hələ ki;
hər şey prosesdi doğrudan da,
bir hadisə başqa birinə keçir ya ani,
ya da tədricən - bir cəhd, iki cəhd ...
yəqin, nəsə alınacaq nəhayət, bir işə yarayan.
Beləcə, nəsə düzəltmək əzmindədir qaynaqçı:
az qala ürəyimdə qınayırdım onu bayaqdan
əyib, qırıb cürbəcür hala saldığı
düppədüz hamar dəmir parçalarına görə.
Və bilirəm haqlıyam hardasa.
Amma usta düzü əyərək səylə
məqsədi gərəkli bir şey düzəltməkdi
alovun ətrafa püskürdüyü
qığılcım yağışında.
Və o da haqlıdı axı, deyəsən -
bu da bir üzü həqiqətin.
Amma mən,
yenə də mən çaşqınlıq içində,
tərəddüdlə boylanıram
bütün həqiqətlərin mütləq ola bilmədiyi
şərtiliklərlə dolu aralığından.
Zamanın ən qısa tərifi
Stiven Hokinq: Zamanın qısa tarixi -
bəzi səhifələrə bir neçə dəfə qayıdıram,
bəzi məqamları aydınlaşdırmaq əzmindəyəm,
polemika doğurur əməlli-başlı.
Azca yorğunluq hiss etsəm də
əl çəkmirəm inadımdan.
Sayad yaxınlaşır, 6 yaşı var, oynamaq istəyir,
əylənmək - zamanı səmərəli yola vermək, yəni.
Deyəsən, hələ ki bir şey alınmayacağını anlayır:
"Dədə, insanlar niyə ölürlər?".
Nə cavab verim anlaya bilsin fikirləşirəm,
həm də məyus olmasın:
"Çox yaşayırlar, qocalırlar və ölürlər, oğul".
Mən istəmirəm sən qocalasan, nənə qocalsın,
ata qocalsın, ana qocalsın" - diqqətlə baxır üzümə.
"Niyə, oğul, niyə istəmirsən biz qocalaq?" -
cavab gözləyirəm maraqla və ... bu da
nə vaxtdı əzmlə, inadla axtardığım suala cavab:
"Axı siz qocalsaz mən tək qalaram" ...
Zamanın ən qısa tərifi.
Əl çəkib inadımdan
vaz keçirəm
zaman barədə polemikadan.
Sayadsa sevinc içində -
bütün həqiqətlər ovcunun içində.
Bir günün hekayəsi
(şeir-esse)
İşıq düşür otağa tədricən, qaranlıqdan çıxır əşyalar.
İlk baxışdan hər şey olduğu kimi: dəyişməyib əşyalar
arasında məsafə belə, amma az əvvəl əşyalar gizlənmişdi
öz yoxluğunda. Varolmada hər şey əslində, dəyişmiş şəkildə
olsa da belə. Varolmada - onu görsək də, görməsək də.
Əşyalar arasında dəyişməz məsafə və əmələ gətirdiyi
məkanda mən. Hazırlayıram özümü başlayan günə:
yuyunuram, idman eləyirəm, geyinirəm və sairə -
mənimçün var olan dünyanın şəklini çəkir idrakım,
şəklini çəkir ayırır obyektiv varolmadan. Yalnız
o şəkillərdən danışıram, daha dəqiq - danışa bilərəm
hazırda. Deməli, belə:
***
Çıxıram evdən. Vərdiş etdiyim əşyalar, ev, adamlar
yenə gizlənir öz yoxluğunda, - yenə varolmada məndən
xəbərsiz. Milyon-milyon əşyalar, milyon-milyon evlər,
milyon-milyon adamlar kimi.
İndi şəhərin həyətinə beton döşənmiş məkanlarından
birindəyəm. Beton üzərində çəmənlik. Öncə bir parça
yaşıllıq saxlayır məni. Sonra çəmənlikdə darıxan ağaclar,
sonra yaşıllığı dimdikləyən quş.
Çəmənlik - yamyaşıl,
qonubdu
qaratoyuq - qapqara toyuq,
dimdiyi sapsarı toyuq.
Uçub getdi qəfildən,
çəmənlikdə
yoxluğu qaldı dən-dən.
Qaratoyuq - dimdiyi sarı toyuq
nə apardı uçub getdiyi yerdən.
Uzaqlaşıram.
O məkanda çəmənlik qalır, çəmənlikdə ağaclar,
bir də mənim və quşun yoxluğu.
***
7-ci mərtəbəyə qalxıram liftlə. Lift - eynən prizma şəklində.
İri bir həndəsi fiqur; sıxlıq və məhdudluq. Belə vəziyyətdə anlaşılır
sonsuzluğun doğurduğu azadlıq. Harda səma gizlənər, harda səma
örtülərsə azalar azadlıq.
Qalxıb enən adamlara baxıram, - müxtəlif
yaşda, müxtəlif görkəmdə. Kimi qalxır, kimi enir. Kimi enir, kimi
qalxır. Paralel xətlər boyu baş verir eniş və yoxuş. Kimini
hüdudsuzluq gözləyir səma altında, kimini məhdudiyyət qapalı fiqur
şəklində. Bütün qalxıb-enmələr əbədilikdən xəbər verər, özü də
usandırıcı, bir az da mənasız əbədilikdən.
Bərbəzəkli evdə hüzür məclisi. Gözüm saata sataşır mərhumun
şəkli qoyulmuş dolabın üstündə. Şəkil çəkdirər, zamanı
dondurmaq keçər könlündən, amma donmuş məkan boylanar
şəkildən adamın üzünə.
Öldü -
saatı işləyir hələ də
dolabın üstündə.
***
Məzarlıqda daşlar üzərindəki yazıları oxuyuram. Maraqlı
bir hekayət oxuyacaq kimi dayanıram həmişə daşlara həkk
olmuş yazılar qarşısında. İki müxtəlif rəqəmlər arasında
hadisələr - insan həyatı; eyni yolda müxtəlif hadisələrdi talelər.
Fərqli əyrilər cızca da eyni nöqtədə kəsişmələr var. Pozulur
qanunu Efklid həndəsəsinin: paralel düz xətlər kəsişər burada.
Xatırlamaz insan
dünyanı ilk gördüyü anı,
son gördüyünü də.
İki unutqanlıq arasında -
həyat
***
Qaranlıq düşür yavaş-yavaş. Gizlənir öz yoxluğunda yenə
tanış əşyalar, tanış ev, tanış adamlar. Görmədiyim
milyon-milyon əşyalar, milyon-milyon evlər, milyon-milyon
adamlar kimi. Sevgi şeiri pıçıldayıram əbədi fanilikdə:
Mən səni sevirəm,
amma unutmaq istəyirəm səni
səni sevincə.
Mən səni sevirəm,
sevirəm səni,
amma unutmaq istəyirəm:
yox, yox...
unutmağı unutmaq istəyirəm
səni sevincə.
***
Bir gün də azalır bu yazdan. Azalmada hər şey.
Harda ki mən yoxam gizlənər o yoxluqda
var olanlar. Bu gün də ayrılır şəkil kimi dünyadan,
təsviri yaddaşımda - nə qədər yaşayacaq, görəsən.
Bu yaz. Ax bu yaz, bu yaz.
Ax bu yazı, bu yazı ...
heç nə yaza bilmədim.
Nə qaldı bu yazdan,
nə qaldı bu yaza
bilmədim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!