"Ayrılıq ki vətən deyil, Gəl gülə-gülə ayrılaq..." - Narıngül Nadirin şeirləri

 

Yazıçı ömrü

 

Xalq yazıçısı Anara ithaf edirəm

 

Bütün obrazlarda sən varsan...

Sən izdihamsan,

Adam izdihamı...

Sənin ömrün

Söz ömrüdür yığın-yığın.

Sənin ömrün sətir-sətir,

Vərəq-vərəq,

Darmadağın...

Ehey, yazıçı,

Sən kitabsan

Cild-cild dəyişirsən.

Sözə and içirəm, sən əbədisən.

Sən yorğun dəvə sarvanı,

Ağır-ağır qumluqda yol gedirsən.

Sən bütün səhraların dilini bilirsən.

İlğım kimisən,

Tez-tez gözdən itirsən.

Sən səhra adamlarının tapındığı

əlamət kimisən.

Bütün inanclara düz gəlirsən.

Bütün inanclarda dirisən.

Ehey, yazıçı,

Unutdunmu dünyanı?

Bəs sənin ömrün hanı?

Çıx, bütün obrazlardan

Adam kimi yaşayaq.

Kömək et,

Bu ömrü daşıyaq.

 

Ehey, yazıçı,

Hamı çıxıb getdi

Sənin səhra ömründən.

Bir ovuc su ver, içim əllərindən...

 

Gedirəm

 

Tanrım, hamı Sənə gəlir,

Təkcə mən Səndən gedirəm.

Yazdıqların ovcumdadır,

Nə olsun gendən gedirəm.

 

Hörgüsü yox, boş divara,

Söykəmişəm kürəyimi,

Götürüb quş ürəyimi,

Səpdiyin dəndən gedirəm.

 

Tapammıram qaçıb gedib,

Qəfəsini açıb gedib,

Ruhum çoxdan uçub gedib,

Cansız bədəndən gedirəm.

 

Yer nədir? Göyün süfrəsi,

Bizik işığı, zərrəsi,

Ovcumdadır Yer kürəsi,

Salıb əlimdən gedirəm.

 

 

Ayrılaq

 

Dünya sınaq dünyasıdır,

Gəl, biz də belə ayrılaq.

Ayrılıq yetim qalmasın,

Verək əl-ələ ayrılaq.

 

Yollarımız ki tən deyil,

Qədər bizdən ötən deyil,

Ayrılıq ki vətən deyil,

Gəl gülə-gülə ayrılaq.

 

Qəlbim tənha Yer kürəsi,

Tanrının da yox kimsəsi,

Daha nə qalıb böləsi

Gəl bilə-bilə ayrılaq.

 

Dönüb bir az uşaq olaq,

Bu dünyanı oyun sayaq,

Bəlkə, gizlənpaç oynayaq,

Gəl, elə-belə ayrılaq.

 

Gedən ürəkdir, köç deyil,

Qanadları var, quş deyil,

Onsuz da bizlik iş deyil,

Düşməyək dilə, ayrılaq.

 

***

Qadın da vətən kimidir.

Sevəni var,

Satanı var,

Atanı var,

Aldadıb baş qatanı var...

Qadın da vətən kimidir.

Əkəni var,

Biçəni var,

Köçəni var,

Tapdalayıb keçəni var.

Qadın da vətən kimidir

Bir tərəfi ölümdü-itimdi,

Sahibi olmasa yetimdi...

 

Gəl, oynayaq bu ömrü

 

Tanrım, əynimə olmur

Gəl qaytaraq bu ömrü.

Ya da başqa bir ömrə

Edək calaq bu ömrü.

 

Gülsün, yoxsa ağlasın?

Gətirmir bəxti, şansı

Oyanırsan, de hansı,

Vaxta quraq bu ömrü?

 

Neçə yerə yozursan,

Yazıb sonra pozursan

Neçə günə yazırsan?

Vərəq-vərəq bu ömrü.

 

Toyudur, ya yasıdır?

Tərsi-düzü hansıdır?

Dünya nərd taxtasıdır,

Gəl, oynayaq bu ömrü.

 

Bir üzü toy-mağardır,

Gəl oynayaq, qol qaldır,

Bir gözəl hava çaldır,

Yola salaq bu ömrü.

 

Gedirəm, ağlama

 

Tanrım, gün yazırsan

Sabaha saxlama.

Daha yorulmuşam,

Gedirəm, ağlama.

 

Qoy əriyim gedim

Qar kimi.

Saxla məni yadda

Var kimi.

 

Dünya

Mənə çoxdan tanışdı.

Yoruldum,

Bu ömrü yığışdır.

 

Nə sən məni gördün,

Nə də ki, mən səni...

Gəl yığaq aradan pərdəni.

 

Göstər,

Hanı gediş, çıxışım?

Yol göstər,

Özümə yığışım.

 

Bir ucu

Ölümdür-itimdir.

Dünyaya toxunma

Yetimdir.

 

Qanad ver,

Uçum pəmbə buludla.

Çıxıb getsəm,

Məni unutma.

 

Adamlar

 

Bir topa buluddular,

Göyləri ovutdular,

Arxamca daş atdılar,

Üz tutduğum adamlar

 

Kiçilib xal oldular,

Susdular lal oldular,

Hey qeylü-qal oldular,

Ovutduğum adamlar.

 

Görən hara getdilər,

Hansı düzdə bitdilər,

Gözlərimdən itdilər,

Unutduğum adamlar.

 

Əvvələ gəlmədilər,

Dərdimi bölmədilər,

Tam ola bilmədilər,

Qayıtdığım adamlar.

 

Qar da soyutmadı...

 

Əllərin də öldü bir may səhəri...

Sənin nə vecinə dünya kiçildi.

Sonuncu məktubdur mənim ürəyim...

Əllərin açmayan yaz çiçəyidir,

Çıxart əllərini qarın altından.

Qar da soyutmadı ürəyimizi.

 

Yenə günəş doğar bir may səhəri,

Gəzib axtararıq kəpənəkləri.

Yaddaşı olmaz ki kəpənəklərin.

Eh! Biz də düşərik bizdən uzağa

Oxu, uzaqlarda oxuya bilsən,

Sonuncu məktubdur mənim ürəyim...

 

Sözdə dincələn adam

 

Salam, Yer kürəsinə

Min ildir gələn adam.

Çiynində yük daşıyıb,

Sözdə dincələn adam.

 

Dünyanın hər üzünü

Əyrisini, düzünü,

Vərəq-vərəq sözünü, 

Sirrini bilən adam.

 

Salam, son tikəsini

Dostlarla bölən adam,

Ruhunu uca tutub

Göyə yüksələn adam.

 

Söylə, hansı özünsən,

Ruh adam, bədən adam?

Necəsən, soruşmuram,

Dərdi gizlədən adam.

 

İllüstrasiya: Edvard Munk "Ayrılıq" (1896)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!