Şeirlər
Arxivimdən
"Könlümün şişəsinə bir ləməcik dəysə sınar,
Bunun insafına bax ki, götürüb daşı vurur".
Yeri cənnət olsun, gözəl şair dostum Fikrət Sadıqla bir zaman bu iki klassik misranı götürüb nəzirə yazdıq. Onun nəzirəsi yəqin arxivində var. Mənim nəzirəm isə belə idi:
"Könlümün şişəsinə bir ləməcik dəysə sınar
Bunun insafına bax ki, götürüb daşı vurur."
Daşı da naşı vura incimərəm zərrə qədər,
Dərdə bax, ol daşı da bir şüşə nəqqaşı vurur.
Ustadı, incə işin zərgarıdı, pərgarıdı.
Vurmağı yaxşı bilir, gizli qalır, yaxşı vurur.
Dostu namərd çıxanın dadına Allah yetməz.
Can yanır, qəlb əriyir, kirpiyə göz yaşı vurur.
Qoca Fikrət utanır dostuna namərd deməyə,
Könlümün şişəsinə dost əli, yad daşı vurur.
Aprel şəhidləri
Bizi ilk qarşılayan
Aprel şəhidləriydi,
Bu Cocuq Mərcanlının
Ən müqəddəs yeriydi.
Ayağına gül qoyduq,
Şəklinə baş əydik:
Ay oğul təki belə
Toyunuza gələydik.
Daim gənc qalarsınız
Göz aydın, üzü gülər,
Daim ayağınızı
Öpəcək qızılgüllər.
Əsgər gedən oğullar
Burdan gedər döyüşə.
Sevən yaşıdlarınız
Bura gələr görüşə.
Gələnlər gedəcəklər
Kimi ucalacaqdı,
Kimi qocalacaqdı,
Kimi zəfər çalacaq!
Düşməndən intiqamı
Dönə-dönə alacaq!
Aprel döyüşçüləri
Belə cavan qalacaq.
Onlar zamandan güclü,
Dövrandan üstündülər.
Onlar gecə aydılar.
Gündüzlər də gündülər...
Eh... Bunlar hamısı sözdü,
Şəhidlər ölümsüzdü!
Şuşa məscidi
Cocuq Mərcanlıya
Şuşadan qonaq gəlib.
Cocuq Mərcanlının ağ gününə.
Geyinib dümağ gəlib.
Şuşanın məscidi namaza durub.
Əllərini Allah dərgahına qaldırıb.
Qarabağa azadlıq diliyir.
Allahım köməyimiz ol deyir.
Əzanın səsi
Haqqın qapısını döyür.
Məscid onun üzüdü,
İçi insan içidi.
Bu Şuşadakı məscidin özüdü,
Əsgərlərimizə gəlmiş elçidi.
Gəlin bizi alın! - deyir.
Gəlin zəfər çalın! - deyir.
Azərbaycanın ən uca Şuşa səhnəsindən,
“Qarabağ şikəsdəsi”nin səsindən
Ən uca zənguləsindən
Yadları salın!
Qarabağı alın! - deyir.
Məscidlə görüş
Ruhu titrədən bir görüşdü.
Ordumuz ayağa qalxsa,
Şimşək kimi çaxsa,
Ordumuz üçün ən asan iş döyüşdü.
Qalanını tarix yazır.
Hər azərbaycanlının içində
Bir əsgər var
Döyüşə hazır!
Yaman olur
Havadan, sudan, çöldən
Gözəllik ətri gəlir.
Qızılgüllər titrəyir
Əlvan ləçəklər gülür.
Bu gözəllik qoynuna
Tanrı nuru tökülür...
Sevincdən gözüm dolur.
Şirin dil son hədd ola
İnsanlar arasında.
Ölkələr arasında
Qızılgül sərhəd ola...
Yar həsrəti-hicranı
Ən çəkilməz dərd ola...
İnsanlar mələk olur.
Beşiyim, məzarımsan
Ana torpağım mənim.
Qəlbin qəlbimdə vurur
Ay Qarabağım mənim.
Bülbüllər yetişdirən
Havam, bulağım mənim.
Görürəm rəngin solur.
Səni belə görəndə
Tufan olur, qan olur.
Hirsim qaynayıb daşır,
Səbirim ilə savaşır.
Bizə döyüş yaraşır,
Bizə zəfər yaraşır.
Hikkəm başımdan aşır
Ruhum dağa dırmaşır,
Varlığım tufan olur.
Xalq bu həddə gələndə
İntiqam yaman olur.
Biz Cocuq Mərcanlıyıq
Dağlı eniş-yoxuşlu,
Torpaqlı, daşlı, quşlu,
Ağaclı - vətəndaşlı
Hamımız bir canlıyıq,
Biz Cocuq Mərcanlıyıq.
Yollar qəddi, ütülü,
Bulaq - sükut bülbülü,
Şehli bağların gülü -
- Qəlbi həyəcanlıyıq,
Biz Cocuq Mərcanlıyıq.
Körpədən son yaşacan,
Lap ayaqdan-başacan,
Ey böyük Azərbaycan!
Hamımız bir canlıyıq,
Biz Cocuq Mərcanlıyıq.
Lələtəpə
Dədəm Qorqudun dövründə
Laləli bir təpə idim.
Sonradan lələ olmuşam,
Bir Lələtəpə olmuşam.
Başımın üstündə Allah,
Əlimdə üçrəngli bayraq.
Gecə, gündüz, axşam, sabah,
Ana yurda keşikçiyəm.
Xalqın dağ olmuş səsiyəm,
Mən igidlər nərəsiyəm.
Mən lələlər lələsiyəm,
Məktəblərin zəng səsiyəm.
Dağam, dağlar balasıyam,
Mərcanlılar qalasıyam.
Hələ mənim çox işim var,
Çox zəfərlər çalasıyam.
Yurdun Lələ dayağıyam,
Elin Lələ bayrağıyam,
Əsgərlinin səngəriyəm,
Düşmənlərə göz dağıyam.
Birinci sinifə ikinci dəfə Cocuq Mərcanlıda getdim
Birinci sinifdəyik -
Mən və sinif yoldaşım.
Onun yeddi yaşı var,
Mənim səksən üç yaşım.
Onun ilə söhbətə
Bərk qarışmışdı başım.
Müəllimə dedi:
- Yaxşı!
Siz sakit olun bir az.
Dərsdə danışmaq olmaz.
Mən tez kəsdim sözümü,
Yığışdırdım özümü.
Sinif dostum soruşdu:
- Sən də qorxursan ondan?
- Mən qorxuram qanundan.
- Qanun kimdi, ay dayı?
- Hamı ona tabedi
Səndən, məndən savayı.
- Niyə o bizə dəymir?
- Sənin yaşın çox azdı,
- Mənim yaşım lap çoxdu.
Bizi əsgər qoruyur,
Heç bir qorxumuz yoxdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!