Elşad Baratın şəhidlərimizə həsr olunmuş şeirləri

 

 

Şəhid

Adil Əfəndiyevə

Şəhidlər and yerimiz.

Zəfər həkim, and həkim.

Bu gün doğum günüdür,

Cənab leytenant həkim.

 

Sən əbədi paklığsan,

Haqqın dünyası kimi,

Savaşda igidlərin,

Şəfa tanrısı kimi.

 

Ömürdə qiymətini,

Veribdir Allah sənin,

Bir əlində şəfa var,

Birində silah sənin.

 

Sən döyüşdə köməksiz,

Qoymamısan heç kimi.

Həkimlərin şəhidi,

Şəhidlərin həkimi.

 

İgid, qəhrəmanlığa,

Yeni nəfəs vermisən,

Yaralı komandirin,

Səsinə səs vermisən.

 

Vermisən öz canını,

Vətənin torpağına,

Sarılmısan əbədi,

Müqəddəs bayrağına.

 

Sənin vətənə sevgin,

Hamımıza bəllidir,

Evdəki şəkillərin,

Anana təsəllidir,

 

Yoxluğun buza dönüb,

Gözlərdə həsrət kimi,

Səninlə fəxr edirik,

Xalq kimi, millət kimi.

 

Şəhidlər and yerimiz,

Zəfər həkim, and həkim,

Doğum günün mübarək,

Cənab leytenant həkim.

 

 

Şəhid

Vüsal Kazımova

Yadındamı doğulanda,

Atan sənə nə demişdi?

"Düşmənə çəpər oğul,

Düşmənə sipər oğul".

 

Həqiqətən, sən böyüdün,

Düşmənə çəpər oldun,

Qəhrəman zabit oldun,

Qəhrəman əsgər oldun.

 

Azad etdin bu vətənin,

Müqəddəs torpağını.

Qaldırdın zirvələrə

Üçrəngli bayrağını.

 

Otuz ildir gözləyirdi

Şuşanın daş dağları.

Gözləyirdi sənin kimi

Qəhrəman oğulları.

 

İndi sənin yerin cənnət,

İndi sənin yerin haqdır.

Bütün şəhidlərin yeri,

Ürəklərdə qızıl taxtdır.

 

Yerin mübarəkdi, şəhid,

Adın mübarəkdi, şəhid.

Tanrı səni öz yanına,

Öz əliylə çəkdi, şəhid.

 

Mən də iki qız atası,

Sən də iki qız atası,

Mən sıradan bir şairəm.

Sən müqəddəs ata, şəhid.

 

Bilirəm ki, dözmək çətin,

Ata, oğul həsrətinə,

Əmanətdir iki balan,

Vətəninə, millətinə.

 

Rahat uyu, əziz qardaş,

Yaşatmaq indi bizdədir.

Adın başımız üstündə,

Yerin urəyimizdədir.

 

 

Şəhid

Kamil Məmmədova

İgid kimi getmişdin,

İgid kimi qayıtdın,

Sən öz bəy otağına,

Şəhid kimi qayıtdın.

 

Qayıtdın savaşlardan,

Evinə-eşiyinə,

Qoy anan layla desin,

O tabut-beşiyinə.

 

Şəhidin yeri bəlli,

Şəhidin taxtı bəlli,

Bəzənib bəy otağın,

Toyunun vaxtı bəlli.

 

Elə bil ki, toyundu,

Hamı yığışıb gəlib,

Gözlər bulağa dönüb,

Qəlblər alışıb gəlib.

 

Bir gecədə qar yağıb,

Ananın saçlarına,

Çıxıbdır qabağına,

Nişanlın qara geyib,

Gəlibdir otağına.

 

Sən də bəylik yerinə,

Bayrağı geyinmisən,

Vətənə bürünmüsən,

Torpağı geyinmisən,

 

Geyinmisən əyninə,

Qəhrəmanlıq libası,

Bayraq, vətən boydadır,

Şəhidliyin mənası,

 

Şəhidlər ölməzdilər,

Hamının bir sözü var,

Şuşa qayalarında,

Ayağının izi var.

 

Sənin kimi oğullar,

Vətənə can dedilər,

93-də tökülən,

Qanlara qan dedilər.

 

Başımızın tacısız,

Nə qədər ki, varıq biz.

And olsun o Bayrağa.

Sizi unutmarıq biz.

 

 

Şəhid

Gəray Soltanov

Sən ey döyüş meydanında,

Tufan qoparan şəhid.

Füzulidən Beyləqana,

Zəfər aparan şəhid.

 

Öpüb ziyarət elədik,

O şad xəbər tabutunu,

Qəlbimizdə qəzdiririk,

Sənin zəfər tabutunu.

 

Əbədi qəlbimizdəsən,

Vətənin mənası kimi,

Bu millətin tarixisən,

Ölməzlik qalası kimi.

 

Sən zəhmətkeş oğul idin,

Anan üçün, atan üçün,

İndi ocaq, pir yerisən.

Bütün Azərbaycan üçün.

 

Bilirəm ki, indi sən,

Hamımızı görürsən,

Hamımızı duyursan.

Bir qızın da doğuldu,

Adını nə qoyursan?

 

Qəti narahat olma,

Tanrı da sənə yardır.

Adıntək qızların da,

Vətənə yadigardır.

 

 

 

Şəhid

Hüseyn Zeynallıya

Məzarına yağan yağış,

Buludların göz yaşıdır,

İndi sənin tək qardaşın,

Hamımızın qardaşıdır.

 

İndi sənin ağsaç anan,

Bu vətənin anasıdır,

Şəkillərin atan üçün,

Yaşamağın mənasıdır.

 

Sən müqəddəs şəhidliklə,

Bu vətənin hər yerisən,

Qəhrəmanlıq, igidliklə,

Savaşın zəfər yerisən.

 

Tarix səni yaddaşına,

Qızıl hərflərlə yazıb,

Tanrı sənin taleyini,

Cənnətdə kimlərlə yazıb?

 

Məqamın ucadan uca,

Cənnət müqəddəslər yeri.

Bütün qəlbiylə Allaha,

Yaxın olan kəslər yeri.

 

Yerin mübarəkdi, şəhid.

Bircə şeir tutmaz səni.

Rahat uyu, əziz qardaş.

Bu millət unutmaz səni.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!