"İkinci Qarabağ" şeirlər silsiləsi... - Elvin İNTİQAMOĞLU

 

Elvin İntiqam oğlu Məmmədli 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olmuşdur. 2014-cü ildə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbi; 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

Bədii yaradıcılıqla ardıcıl məşğul olur.

II Qarabağ müharibəsi iştirakçısıdır.

Prezidentin müvafiq sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalına layiq görülüb.

 

 

 

Yağış suyu

 

"Müharibə xatirələri"ndən

 

İlahi,

Bizləri sən qorudun,

Yenə qoru -

Qoyma, suya uduzaq,

Əlinlə sıx

suyun çıxart buludun...

 

Axır düşmənin qanı

Vətənin can yerinə -

Yerdən narahat olma,

Sən su tök göydən yerə

qan yerinə...

 

Həsrətində olduğumuz torpağı

daddırdı bizə

Palçıqlı gölməçələr...

Qoyma, yağış dayansın,

Qarabağ suyunu içənə qədər...

 

 

Qaya 11

 

Tağım komandirim, şəhid

baş leytenant Emil Əsədova ithafən

 

Vətən eşqin şəhid etdi,

Amma səni öldürmədi...

Səndən qabaq şəhid oldu dostun,

cənab leytenant...

O oldu öldürən səni -

O xəbəri eşitdiyin zamandan etibarən

Susdun, cənab leytenant!

 

Biz Füzulidə üç saat mərmi altda qalanda,

Anan deyirdi: Allahım,

Sağ-salamat gəlsin Emil;

Atan qurban boyun aldı,

Torpaq səni qurban boyun alanda!

Çıxartdın mühasirədən polkovniki,

Üzün güldü

üzün əsgərlərə sarı dönəndə:

Oldun cənab baş leytenant -

Ulduzunun biri artdı,

Bəxt ulduzun sönəndə!

 

Noyabrın yeddisi,

Xocavənd ərazisi:

Bir tərəfdə əsgərlərin döyüşdən çıxardığı

baş leytenant Əsədov...

Bir tərəfdə yerə düşmüş rabitə:

- Qaya on bir... Qaya on bir...

Qaya on bir eşitmir!

 

 

Pəncərə

 

Bəlkə uzaq dəhlizlərdən yaxşı görünmür

Laçın pəncərələri -

Havası çatmır Vətənin, boğulur,

Açın pəncərələri...

 

Otuz ildən sonra bağlaya bildik

Açıq pəncərələri -

Bitişdirdi torpağın şəhid qanı

Qırıq pəncərələri...

 

Qapıdan qovulan bir də gəlməsin,

Tutun pəncərələri -

Keçmişimiz təkrarlanmasın,

Örtün bütün pəncərələri...

 

 

Şəhid anası

 

"Laylay dedim yatasan,

Qızılgülə batasan..."

Qərənfil deməmişdi ki,

Qızılgül demişdi ana...

 

Yazan çox qısa yazdı -

İyirmi il çox azdı:

Oğlunun son ad günündə

Yüz yaş istəmişdi ana...

 

Ayın üçündə gəldi,

Bayraq içində gəldi -

Əli bayraqlı əsgərin

Yolun gözləmişdi ana.

 

Çətindi övlad qəmi,

Solğunlaşıb görkəmi -

Nəyin qarşılığıydı bu,

Göyə neyləmişdi ana?

 

 

Şəhid qızı

 

Anan yalan danışır:

Atan evə qayıdanda

oyuncaq almayacaq -

Anan gündə oyuncaq gətirəcək,

Deyəcək atan alıb:

Atan ancaq almayacaq...

 

Anan yalan danışır:

Atan işdən gəlməyəcək -

Gözün qalmasın

qapıda səhərəcən,

Atan yatıb, sən də yat -

İşdən gəlsin yuxuna,

Evə gəlməyənədək...

 

Anan yalan danışır:

Sənin elçilərini

Qarşılaya bilməyəcək atan, -

Toyunda qız atası

Ürəyindən keçənləri

Arzulaya bilməyəcək...

 

Anan yalan danışır:

Yalanlar da

atan kimi bir gün yoxa çıxacaq -

Sinif yoldaşların sənə

"Şəhid qızı" deyəcək...

Bilirsənmi nədi ən qəribəsi?

Tarix dərsində ağlaya-ağlaya

Yazacaqsan lövhəyə:

"İkinci Qarabağ müharibəsi..."

 

 

İtkin əsgər anası

 

- Çörək keçmir sualların boğazından:

İtən bəxtim, hardasan,

Nə yeyirsən, nə içirsən?

Şəhidlər də sağ-salamat gəldilər -

Sən nə vaxta çatarsan,

Hansı kəndi keçirsən?

 

- Mən də dözümlüyəm, bala,

Sən acsansa, mən də acam -

Sənə qurban olsun anan,

Sənə qurban olsun bütün çörək qırıntıları...

 

- Şəkillərin sildiyim əllərimi

açıram sənə, Allah:

Mən oğlumu bayrağa,

Oğlum məni torpağa

verməmiş öldürmə məni -

Ölüsünü, dirisini

Görməmiş öldürmə məni...

 

- Bircə əsir düşməsin -

Razıyam, qara olsun

Gözlərimin ümidli göy yaşları,

Əllərimin qırmızı duaları,

Ürəyimin yaşıl sıxıntıları...

 

 

İndiki Ermənistan

 

İndiki Ermənistan -

Doxsan ikinci ildi...

 

...

 

İndiki Ermənistan -

Erməni budaq cümləsidi:

Yanvarın vergülüdü,

Fevralın nöqtəsidi...

 

...

 

İndiki Ermənistan -

Laçının ayaq izidi,

Kəlbəcərin tozudu,

Şuşanın dumanıdı...

 

İndiki Ermənistan -

Birinci kitabın ikinci cildidi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!