***
Sancılmış gecənin qəlbinə ölüm - ox kimi
Unutmuş adamlar qaranlığın dilini lap çoxdan
Ovuclarımda gündüzdən qalan günəş işığı - qırmızı moruq kimi
Sən sənsizlikdən doğulmusan, İlahi,
mən qəlbimdəki soyuqdan - anamız yoxdur.
Yoxdur laylasının içindəki o qarasaçlı qadın, o ağsaçlı qadın - ağı deyə.
Düşmüşük yaxasından bətnimizin - qaranlıqdan ağa çıxmışıq
Ömür dediyimiz yoldur, yolçuluqdur, qəribçilikdir - kimsə özünü yandırır - durna çırağı deyə.
Biz özümüz özümüzdəyik, İlahi, biz özümüz özümüzdən qırağa çıxmışıq.
Səpələ bu könül məmləkətinin üstünə yanım-yanım yanmağımı dua əvəzi
Qoyma gözümdən bir damla yaş torpağa dəyməmiş qurusun
Kim ki "Ah!" - deyəndə Allahı çağırır, çağırsın, sarısın yaralı əllərinə cuna əvəzi
Əllər Allah qarşısında, bəndə qarşısında başımızı yerə əyməmiş qurusun.
Al bu axşamın evinin üstündən Ay işığını, İlahi, üsyanın eşidilməyənini ver,
duanın deyilməyənini ver, yolun görünməyənini ver,
Yığışdır bizi yerdən - evdən-eşikdən yığışdır, dağdan-daşdan yığışdır, çölün düzündən yığışdır, suya qat axıt, dodaqlarını uzat bir bulağın gözünə, götür.
Həqq yoxdur - nə axtardığımız yerdə, nə axtarmadığımız yerdə, yenə də verirsənsə özgə libasına bürünməyənini ver.
Qonağı qapının o üzünə, gecəni-gündüzü əbədi məbədinə, azanları yoluna apar çıxart, İlahi, məni də, mənim günahımı da özünə götür.
***
Nə gözəldir zamanı saxlamaq və yumulu gözlərdən içəridə gecənin təmizliyini qoxulamaq.
Susmuş dünyanın necə yuxuya getdiyini izləyib, sözləri böyük bir boşluğun içində gizləyib.
Ürəyini ən dərin quyuların dibindəki bir ovuc suya açmaq, sonra havalanmaq, sonra dəlilənmək, sonra uçmaq.
Anqappaq köynək yaxası kimi açmaq dünyanın dar dalanını, bir udum nəfəs tutub saxlamaq və o nəfəsin içində yaşamaq həyatın yerdə qalanını.
***
Kimsə bizi çəkəndə qaranlıq küçələrin sinəsinə,
Alanda bizi qolları arasına, sıxanda kişi nəfəsinə
Köməksiz uşaq kimi doğma bir qoxu arayanda,
Dağınıq sözlər qəlbimizi yaralayanda
bütün anaların, bütün layla deyən səslərin yerinə sevgili oluruq.
Tuturuq titrək əllərin günahsız vəhşi çağırışından
Görürük yalan sözlərin altındakı qorxunu
Baxırıq bizi aldatmaq istəyən dodaqların titrək hiyləgərliyinə
Öpürük o dodaqlardan, ana və Tanrı sevgisiylə, bütün müqəddəslərin yerinə - sevgili oluruq...
Sonuncu ümid deyil bizim çağırışlara cavabımız
İlk kədər də deyil, ilk həsrət də deyil
Gəldi-gedəri arzuların zəncirinə dolaşmaq da deyil
Kişi gözlərinin dərinliyindəki hökmranlıq yanğısı
Qadın dilində sevgi deyil onsuz da, üstəlik, bu dərin yoxluğun əlacı heç nə deyil,
susmaq da deyil, danışmaq da deyil.
Deyil, amma bilə-bilə yenə də bütün soyuq nəfəslərin yerinə sevgili oluruq...
Bir ayrılıq qorxusu içində qəzəb odu yandırır üzümüzü
Hardasa bir aldanış yaddaşı oyanıb burda bizi yumruqlayır
Gizlətmək istəyirik gəlib çatan bütün zərbələrdən özümüzü
Ürəyi gizlətmək mümkün deyil... göz yaşlarını gizlətmək mümkün deyil...
Ağlayan bütün qadınlar bütün ağlaya bilməyən kişilərin yerinə ağlayır
və biz bütün çıxıb gedən kəslərin yerinə sevgili oluruq...
***
Sükut da itirib sehrini, səs-küy də
Yol da, çöl də, dağ-daş da
Adamsız dayanacaq axtarıb tapan adamam dünyanın ortasında
Dilim-dodağım da quruyub,
Sönüb gözümdəki təlaş da... gələn olmayacaq.
Bilən olmayacaq sonuncu izin hara yönəldiyini
Harda yetişdiyini səma kahasına
Qapının sonuncu dəfə kimin üzünə aralandığını,
Sonuncu əlin nə zaman açıldığını yağış duasına.
Darağa dolaşan saçların sığalsız halıdır sənsizlik, Allah!
Çay yataqlarının susuzluğu
Qaranlıq künclərin çıraqsız halıdır sənsizlik.
Kimsəsizlik...
Kimsəsizlik deyil, amma dalıb, dalıb baxışlarından yayınmış bir eşq sızıldayır qəlbimin dibində
Barmaqlarımın ucunda bir kişi ətri qalır...
Sozalıb itdikcə dünyanın sehrli halı o üzdə
Mən hələ də burdayam, iki aləmin arasında
Çat-çat olmuş torpaq kimi səbrlə, quruyan ağaclar kimi kölgəsiz dayanıb,
Heç kimi gözləmirəm adamsız dayanacaqda, Allah!
Hamını aparmısan, hamı sənin olub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!