Salam, Azər bəy.
Belə görünür ki, başqa ölkələrdə çap olunmaq yalnız bizim yazıçılara məxsus həvəs deyil, ara-sıra "Ədəbiyyat qəzeti" oxucularına təqdim etdiyim ədəbi örnəklər başqa türk yazıçı və şair dostlarımızı da həvəsə salmışdır.
Bu günlərdə Çanaqqala Türk Ocaqları və Akademik Şeir Ailəsi Yazarlar Birliyinin başqanı Mustafa Bərçindən ünvanıma bir şeir gəldi. Şeirə qısa bir rica da əlavə olunmuşdu: Sayın hocam, vaktınızı almaz ise bu şiire bir bakar mısınız?
Şeiri məmnuniyyətlə oxudum və onu "Ədəbiyyat qəzeti"nin sayğıdəyər oxucularının da oxumasını istədim.
Məmməd İsmayıl
Mustafa BƏRÇİN
Torpaq nə rəngində
Ağaçlar qurumağa budağın ucundan başlar
Başını quma gömən köklər yuxuya qalsın.
Çəkilərkən gövdədən öz mayesiylə yaşlar
Ölümün ayaq səsi yaxınlaşdıqca yavaşlar
Yavaşlar, yavaşlar
Torpaq can rəngində.
Məhəbbəti ipisti sarar siyah qaranlıq
Kirpiklərin yuxuya səd çəkməsinə inad
Sevdanın ətəyinə dolanarsa şeytanlıq
Güvənsizlərə ömür, sonrası pərişanlıq
Pərişanlıq, pərişanlıq
Torpaq hicran rəngində.
Qoyun-qoyuna yatmış göyə qonşu dağların
Başında ağ kəlağayı, ətəklərində bahar.
Gözyaşı qədər bərraq, bulağın soyuq suyu
Ay bir addım uzaqda, üç addımda ulduzlar
Ulduzlar, ulduzlar
Torpaq asiman rəngində.
Bu gün dünəndən hüzünlü, yarınlarsa bu gündən
Hər bəbəyin gənzinə dolar barıt qoxusu.
Boşa keçmiş həyatlar nə gün dönər sürgündən
Canlı cənazə ruhlar, bixəbər öldüyündən
Bixəbər öldüyündən, bixəbər öldüyündən
Torpaq qan rəngində.
Sevda könül borcudur büllur fənərdə gizli
Məsumiyyət özünü təslim etmiş əkinə.
Hörümçəyin toruna düşürmüş sərsəm ağlı
Fikri durmuş adamlar, şeytani çıngıraklı
Şeytani çıngıraklı, şeytanı çıngıraklı
Torpaq hüsran rəngində...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!