Ey könül, qanad aç, gedək dağlara,
Həsrətli gözlərə dolaq, qovuşaq.
Bizi külək bilsin, çəksin qəlbinə,
Yurda nəfəs olaq, olaq, qovuşaq.
Buraxaq, kişnəsin həsrət yağırı,
Yiyəsi dünəndən ölmüş fağırı.
Axtaraq bulağa gedən cığırı,
Tapaq bir yolağa, yolaq, qovuşaq.
Xəyalın bir şirin toyunu sevək,
Döndərək oyuna, oyunu sevək,
Yaşıdım çinarın boyunu sevək,
Alaq qadasını, alaq, qovuşaq.
Götür qanadına ağılı, huşu,
Ruhuma bəxş elə bu qurtuluşu.
Desinlər qayıtdı bir könül quşu
Muştuluq bir lələk salaq, qovuşaq.
Can quşu, Xələfli gün olar bizə,
Yurd yeri yol olar, yön olar bizə;
Çağırar bağrına ün olar bizə,
Əbədi köç salaq, qalaq, qovuşaq.
Qığılcımdan başlanır böyük atəşlər, odlar,
Dilini bil, danışsın tarixi yazan adlar.
Araz boyu gedirəm həsrət cığırlarını,
Gözləməkdən bezmişəm arzumun baharını.
Anam ilə gedirəm yolları, dolayları,
Aparıram qəlbimdə dərdləri, olayları.
Körpə uşaq kimiyəm anamın yanında mən,
Oynayıram, qaçıram yaddaşın qanında mən.
Gözlərimin önündən ocaqlar, pirlər keçir,
Oyanan yaddaşımdan açılmaz sirlər keçir.
Xəyallar çəkir məni düşüncə zirvəsinə,
Uşaqlığım aparır anamın "gəl" səsinə.
Xatirələr yaddaşda açılır pərdə-pərdə,
Analı duyğularım dilə gəlir bu yerdə.
Ağrılı kitabımın baş adı yada düşür,
Canımın hərarəti, can odu yada düşür.
Xudafərin körpüsü, Araz qırağı, Diri...
Xudayarlı kəndinin çalçağırlı illəri...
Min doqquz yüz otuz dörd; anam gəlib dünyaya,
Deyirlər ağlamayıb körpə gülüb dünyaya.
Bəlkə, bəxti gülüşlə nəyi isə bildirib,
Bəlkə, elə bir mələk qıdıqlayıb güldürüb.
Gözəlliyə yaraşan bu tacı göyərçinlər,
Öyürdü divar üstə cüt bacı göyərçinlər.
Belə gözəl yoxdu heç, uzaq Firəngistanda,
Tovuz kimi bir qızdı... bərq vurur gülüstanda.
Göyərçinlər deyirdi, gözləyin, göz dəyməsin,
Göydən gəlmiş mələkdi, qoruyun, toz dəyməsin.
Görənlər soruşdular, bu qıza kim ad qoysun? -
Elə ad seçsin qoysun - pis niyyət, nəzər oysun.
Arvadlar bir ağızdan xeyir-dua verdilər,
Qohum-qara sevinib xoş xəbəri dərdilər.
Tovuz-Firəngiz dedi atası öz qızına,
Qəlbində seyrə çıxdı bəxtinin ilk yazına.
Xudafərin üstündə - Xudayarlı kəndində,
Neçə ağız dadlandı şəkərində, qəndində.
Ancaq uzun çəkmədi bu sevinclər, şadlıqlar,
Sifətini dəyişdi doğmalıqlar, yadlıqlar.
Anamın atasını aparırlar davaya,
Anası atıb gedir, son qoyulur sevdaya.
Müharibə dağıdır əhdləri, peymanları,
Aclıq, səfalət yeyir dinləri, imanları.
Aralıqda yetim qız tənha, kimsəsiz qalır,
Pərdələri sökülmüş tar, sanki simsiz qalır.
Bibisi Güləbəyim ayaq olur körpəyə,
Nənəsi Xeyransa da dayaq olur körpəyə.
Müharibə qurtarır, qayıdır Rəhim babam,
Könüllərə yaz gəlir, güllənir alça, badam.
Budaqlarda oxuyur balaca sarı bülbül,
Bir atanın taleyi, ümidi, varı bülbül.
Beləcə dərd içində anam gülüb sevinib,
Böyüyüb gənc yaşına belə gəlib, sevinib.
Su içib gözəlliyi qızların bulağından,
Buta alıb sevgisi eşqin ucalığından.
Atam Zal Əziz oğlu qəlbini ona açıb,
Gənc qızın ürəyində atəş saçıb, od saçıb.
Ulduzları barışıb, iki tale qovuşub,
İki könül bir yerdə neçə dərddən sovuşub.
Yeddi oğul, iki qız anamın bar çiçəyi,
Qoruyub öz odunda, vurmasın qar çiçəyi.
Anam xalı toxuyub, qaragöz xalça, palaz,
İlmələr dönüb olub al güllər, qönçə palaz.
Aran, yaylaq yolları min əzaba qatlaşıb,
Bar bəhərin üstündə zəhməti aşıb-daşıb.
Özü demiş gözünün ilk ovu mən olmuşam,
Sevgisinin sovqatı, ilk sovu mən olmuşam.
Bir falçı ona deyib oğlun həkim olacaq,
Kəsəcək qan-qadanı sözü hakim olacaq.
Sağaldar xəstələri sözünün şəfasında,
Yaşayacaq ömrünün, bəxtinin cəfasında.
Taleyimdə falçının dedikləri yozuldu,
Mənim iti qılıncım dilimdə sözüm oldu.
Ümidləri ölməyə qoymadım mən sözümlə,
Min cəfaya dözmüşəm od götürüb gözümlə.
Bu sonranın söhbəti, sözüdü hələ qalsın,
Çox mətləblər qoy hələ bitməsin belə qalsın.
Oğulları oxudub qızları köçürdükcə,
Mən də ovsar çəkmişəm karvanı keçirdikcə.
Səksən üç yaş anamda neçə Nigar ömrüdü,
Öz ömrünün içində bir vəfadar ömrüdü.
Yetmiş yeddi yaşında atam köçdü dünyadan,
Əcəlin şərbətini aldı içdi dünyadan.
Düşünürdüm anamın bəxtəvərlik baxtı var,
Bu baxtın, bu taleyin bir əlçatmaz taxtı var.
Amma belə deyilmiş vaxtın acı zəhəri,
Qaranlığa döndərər birdən-birə səhəri.
Bir dram yaşayırıq həyat səhnə, tamaşa,
Bu tamaşa içində çoxu dönər çıxdaşa.
Mənafelər, tamahlar qəlblərə hakim oldu,
Kinlər, qəzəblər diddi, dağıtdı hər kim oldu.
Bu qərəz, nifrət səddi kəssə də aramızı,
Bir gün yenə sevgilər sağaldar yaramızı.
Mən anamı görürəm sevgimin dənizində,
Qocalıq iz qoysa da üzündə, bənizində.
Yaddaşımdan çağırır, hardasan, ay Əlirza,
Səni qardaş bilirəm, Allahdan pay, Əlirza.
Səni qəmlər apardı dərdlər, yedi, bilmədim,
Bədxahların adına nələr dedi, bilmədim.
Özgələrlə döyüşdə sözün iti qılıncdı,
Əyriləri doğrayar, düzə ütü qılıncdı.
Doğmaların əlində əsir-yesir olmusan,
Bu yağı doğmalardan neçə yara almısan?
Sağalmaz yaraların qanı süzər, dayanmaz
Baxsa da kor gözləri, vicdanları oyanmaz.
Görməyənə göz verib, yolsuza yol olmusan,
Mərhəmət gözləyənə açılan qol olmusan.
Yıxılana əl tutub dilsizə dil vermisən,
Ümidi üzülənə ömürdən il vermisən.
Barlı ağac budağı çağırar ac quşları,
Xarabalar divarı güldürər bayquşları.
Qürurun yenilməzdir bilirəm harda olsa,
Əlin yenə uzanar bir kimsə darda olsa.
Adın ellər içində - dildə, ağızda gəzər,
Sevənlər fəxr eləyər, bədxahlar ağız büzər.
Kitab-kitab gülürsən bilirəm nadanlara,
Allah özü görür ki, sən hara, nadan hara.
Aqillərin yanında sözün başda deyilir,
Önündə ehtiramla, hörmətlə baş əyilir.
Özünü qoru, saxla yırtıcılar dişindən,
Səni Tanrı qoruyar taleyin gərdişindən.
Bu anamın səsidir, yenə həmin nəfəsdi,
Arxamca su atanda "yaxşı yol" deyən səsdi.
Dinlədikcə anamı çəkilir dumanlıqlar,
Doğruya, düzə dönür yarımçıq gümanlıqlar.
Qalır məndən aşağı kin də, qəzəb də belə,
Nifrət əriyib gedir, sönür əsəb də belə.
Baxıram nadanların küt-beyin başlarına,
Baxıram yığın-yığın şər-böhtan daşlarına.
Ölü gözlər döyünür küt başların altında,
Mən sizi dəfn edirəm o daşların altında.
Üstünüzdə ot bitməz, gün yandırar daş üzü,
Zaman lənət oxuyar, vaxt qandırar daş üzü.
Hər gələn bir daş atar, siz də yaddan çıxmazsız,
Daş altından bir daha işıqlığa çıxmazsız.
Amma anam mənimlə əbədi yaşayacaq,
Sözümdə söz olacaq, sevgimi daşıyacaq.
Balıqçı qismətinə can atar qarmaq ilə,
Məni bilən yeriyər dərinə varmaq ilə.
Qayıdıram dastanım yarımçıq qalan yerə,
Həsrətli duyğularım dönüb söz olan yerə.
Kərəmin həsrətini Gəncə çəkər il boyu,
Bir Mahmudun dilindən sözlər uçar yol boyu.
Viranə bir könüldən gedər, aşiq qayıtmaz,
Yaddaşı sinəsini didər, aşiq qayıtmaz.
Elə Kərəm səsidir Qarabağdan gələn səs,
Viranələr üstündə ağlayan səs, gülən səs.
Oğul-oğul dənlənir Qarabağda analar,
Şəhid olur sevgilər, qara geyir sonalar.
Deyirəm ki, ay ana, məni də bir şəhid bil,
Bu ağ-qara dünyanı yaxşı görən şahid bil.
Gördüyümü yığmışam gözlərimin gölünə,
Bülbülü uçub gəlməz dərd bağımın gülünə.
Neyləyim əməlimə baxanlar kor oldular,
Yalana ayaq verib, doğruya gor oldular.
Bilirəm ki, sinəndə mən adlı bir yara var,
Kimsə bilməz nə deyir ağrısı sirr yara var.
Bircə xoş baxışınla gülərdin gözlərimdə,
Məlhəmini gətirib gələrdim sözlərimdə.
İki yaralı ürək qovuşardı gör necə,
Dünyama işıq düşər, nurlanar zülmət gecə.
Sən mənim qəlbimdəsən, mən sənin ürəyində,
Yaşayaram əbədi bir ana diləyində.
Uçaram ilhamımın azad qanadlarında,
Qayıdaram ömrümün yazında, baharında.
Gələrəm yer üzünə hər sözümlə təzədən,
Gətirərəm ac quşa mən özümlə təzə dən.
Odda yanan Kərəmin atəşiyəm, qoruyam,
Bu dünyaya gəldim ki, nizamları qoruyam.
Qorxmadım, çəkinmədim haqqımı dananlardan,
İbrət aldım, götürdüm eşqinə yananlardan.
Hər kəs görər, istəsə, işığı gur olanı,
Qəlbindən korlar görməz sözündə nur olanı.
Günəşi görməyənlər məni də görə bilməz,
Sözdə ətir duymayan sözdən söz dərə bilməz.
Anaların adına yazıram sözüm olsun,
Bir qaralan ürəyə ocağım közüm olsun.
Anasız bu dünyada övlad yolu azardı,
Haqdan gələn hər aşiq sözü belə yazardı.
Qoy oxusun analar neçə dərdin adını,
Eşitsin Kərəmlərin "anacan" fəryadını.
Yollarım sənsiz dönər sis dumana, anacan,
Sən özün bir cavabsan hər gümana, anacan,
Zinətsən yerə-göyə asimana, anacan.
Baxmağa gözlərimsən bu cahana, anacan,
Haqqını danan düşər qana, qana, anacan.
Varlığından ayrılan canda quru nəfəsəm,
Nəfəsimi canımda qoruyan bir qəfəsəm,
Hara dönsəm istək sən, mən can atan həvəsəm,
Ruhumda nəyim qalar öz sözümü ələsəm,
Gümanım yenə qalar bircə sana anacan.
Könlüm sənə qovuşar bircə kəlmə diləsən,
Dilimin əzbəri sən, sənsən elə sən;
Gecələr yalvarıram kaş yuxuma gələsən,
Dünyada canı candan ayıranlar biləsən,
Tuş gələr bir gün yenə haq divana, anacan.
İllərin ağrısı var amanında, ahında,
Dan üzünü görürəm hər gələn sabahında,
Göy üzündə duraram sənin səcdəgahında;
Qəm çəkmə görüşərik Tanrının dərgahında,
Baxarıq ucalıqdan biz hər yana, anacan.
Başımı qolun üstə alasan Vətən dünya,
Ümidimi göyərdən, gözümdə bitən dünya;
Dilək-dilək arzuya, istəyə yetən dünya,
Üzün ağ, başım uca - bizlərdən ötən dünya,
Görkündə güzgü tutar söz qanana, anacan.
Varlığımda gizlinsən, dünyamın agah bütü,
Qəlbim qan ağlayanda fəryadımın ah bütü,
Yaddaşımda muzeysən, sən də onun şah bütü,
Çağırıram səcdəyə Kəbə, qibləgah bütü,
Açıq qapım "gəl" deyir hər duyana, anacan.
Allahımsan, bəxtimi yazan özün olmasan,
Payıma qəza yeri qazan özün olmasan,
Məzarımın başında ozan özün olmasan;
Yuxularım çin olmaz yozan özün olmasan,
Şəhid-şəhid arzular batar qana, anacan.
Qəlbimin qələmisən, ruhumun varağısan,
Tur dağında Tanrının dünyaya sorağısan,
Əbədiyyət ümmanı, sahili, qırağısan.
Nə qədər ki, sən varsan canımın çırağısan
Nurumsan piltə-piltə, yana-yana, anacan.
Məni də bu dünyada kimsələr bilər bir gün
Doğrular ayaq açar, yalanlar ölər bir gün
Baş daşımda fikirli gözlərim gülər bir gün
Eşqində Kərəm olan Xələfli gələr bir gün
Dilimdən son sözümü yazar "ana", anacan.
Bağı gülündən soruş,
Odu külündən soruş;
Allahı Tur dağından,
Görüb gələndən soruş!
Ürək yana... görərsən,
Qana-qana görərsən.
Sözün də yaxası var,
Açsan məna görərsən.
Qanmaz qana, çətindi,
Sına, qına, çətindi.
Qanmazların içində
Qanan yana, çətindi.
Gözüm, könlüm doldu, gəl,
Vaxtım tamam oldu, gəl;
Gəlməsən həşəm olar,
Sözüm gül-gül soldu gəl.
Epiloq əvəzi
Anamdan zəng gəldi, dedim, can, ana.
Dedi: eşitmişəm səni asan var.
Dedim ki, ay ana, burax bir yana,
Dedi: hər sözünü görən, pusan var?
Kölgəni doğrayan, kəsənə de ki,
Səni bir nəsilə işıq doğmuşam.
İnsanlıq payında ozanlar təki,
El dərdi car çəkən aşıq doğmuşam.
Sazının simləri qəlbinin teli,
Mizrabı dərdinin dili vermişəm.
Demişəm "ay oğul" adındı Əli,
Özünü sevdana dəli vermişəm.
Günahlar zəmidi biçib yığana,
Sən dəymə, böhtandan dərz bağlasınlar.
Dilindən şər, böhtan, dolu yağana,
Toxunma yalandan qoy ağlasınlar.
Ay oğul, sən Allah işığından al,
Yazıqdı yarasa qorxur işıqdan.
Kəmfürsət nə bilir nə çəkir halal,
El dərdi car olar yenə aşıqdan.
Yolundan dönməsən səni söyənlər,
Bir gün həqiqəti anlayıb öyər.
Bir gün böhtanları yalan öyənlər,
Başını peşmanlıq daşına döyər.
Dinlədim anamı... olub keçəni,
Yaddaş hökm elədi... dərdi qucaqla.
Anamın son sözü kövrəltdi məni:
- Ay oğul, sən Allah, dilini saxla.
Su axdı, başdan gəldi,
Daş mənə başdan gəldi.
Qardaşa gələn bəla
Bir dəli başdan gəldi.
Mərd odu güllə gəzə,
Sinəsi güllə gəzə.
Ovu bələn aşırar,
Çatmasa güllə gəzə.
Sözü dildə ötənəm,
Yerəm, yurdam, bitənəm.
Sinəm bayraq meydanı,
Mən dərdimə Vətənəm.
2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!