Hayıf, səninçün ölmədim
Bilirsən ki, öləcəksən,
daha nə var yaşamağa.
Piyadası vəzir çıxan
Şaham, nə var yaşamağa...
Qaranquşun qanadından
daşın ağrısını çəkdim.
Ömür boyu bir "bəlkə"nin,
"kaş"ın ağrısını çəkdim.
Qara xəbər saatının
zəngini tezdənə qurur...
Ürəyim də məndən keçib,
daha kürəyimdən vurur.
Ürək bəyəm nə üçündü, -
uzağı infarkt olacaq.
Dost-tanışın nekroloqu
daşdan keçən akt olacaq...
Mənimçün ağlama, qadın,
hayıf, səninçün ölmədim.
Sənsiz boş keçən bu ömrə
qıyıb, səninçün ölmədim.
...Hayıf, səninçün ölmədim...
Dağlar
Dağlar mənə arxa idi,
sinəm - dağlara, dağlara.
Yenə ürəyim atlanır,
Sənəm, dağlara, dağlara.
Susdum, qıymadım sənə də,
suya dönürəm yenə də.
Qorxdum ölsəm,
bir sinədə
dönəm dağlara, dağlara.
Bir bulud götürə məni,
hamıdan ötürə məni,
aparıb itirə məni, -
Enəm dağlara, dağlara.
Suyam, buludam, dumanam,
çənəm dağlara, dağlara.
Dağlar mənə arxa imiş,
Sinəm - dağlara, dağlara...
Həm də kişi kimi
yaşamaq olmur
Bilirsən,
bir ömrü həm qarğa qədər,
həm də kişi kimi yaşamaq olmur.
Ölsən də
bir yola gəlmir hamısı, -
cəmdə kişi kimi yaşamaq olmur.
Ölümçün anamdan çıxılan payam,
imkan verdilər ki, ömürdən doyam?!
Ha de,
Yalquzağam!
Təkəm!
Tənhayam!
Kəmdə kişi kimi yaşamaq olmur.
Tövşüyür yenə də qara telefon,
az qalır özünü qıra telefon:
"...Onunla duz-çörək yemisiz ton-ton"...
Gendə kişi kimi yaşamaq olmur...
İydələr çiçəkləyib...
İydələr çiçəkləyib, get
fevralda körpənlə qayıt.
Məni yaza girov qoyub
get, o biri mənlə qayıt.
Ulduzlar adam aldadır,
Adamlar - ulduz ölüsü.
Hər qız bir oğlan tabutu,
hər oğlan bir qız ölüsü.
Saçların dağınıq getdin,
al-yaşıl örpəylə qayıt.
Məndən qoparıb getdiyin
o mələk körpəylə qayıt!
Ömrün bu qış çağında da
gülür iydə çiçəkləri.
Əlindən tutub yuxuma
gəlir iydə çiçəkləri...
Yaxanda özü-özünə
qırılan düymənlə qayıt.
Yenə mənə qarğış elə,
yenə də o MƏNlə qayıt!..
Yanağının qırış tutan
yerləri
Ömrüm boyu yer elədim könlümə
Külək vuran, yağış tutan yerləri.
Neynəsəm də uçuq qaldı, çat qaldı
Taleyimin qarğış tutan yerləri.
Ətəyində arzu, ümid bitirdik...
O dağları hardan hara gətirdik.
Ovuc-ovuc, qarış-qarış itirdik
Boyumuza qamış tutan yerləri.
Son nəfəsim -
dimdiyimdə dən qaldı,
Sinəm dağ-dağ,
bulud-bulud,
çən qaldı.
Kürəyimə dəyən daşdan rəng aldı,
Ürəyimin naxış tutan yerləri...
Yada düşdü,
yadın oldu, qız, nələr!..
Açıb desəm, dağ titrəyər, düz mələr.
Dodağımın ürək sözün gizlədər,
Yanağının qırış tutan yerləri...
Bizimdir
Dadaloğluna, Şəhriyara
Mənim dostum, bu ağrı da keçəcək,
O buludlar gözümüzdən içəcək,
O çəməni nəvəmiz də biçəcək,
Yaşıllar da, solanlar da bizimdi.
Mənim dostum, bu bəladan çıxanda,
Sarı günəş göy çəməni yaxanda,
Qara əncir döşlərini sıxanda,
Saçlarını yolanlar da bizimdi.
Kənd qızları kənd toyunda oynaya,
O tərəfdə plov bişə-qaynaya.
Əl çalmaqdan, göz baxmaqdan doymaya,
Gedənlər də, qalanlar da bizimdi.
Mənim dostum, o yerlərdən keçəndə,
O bulağı ovuclayıb içəndə,
Uşaq kimi qanadlanıb uçanda,
Gözlərinə dolanlar da bizimdi.
Çiynimizdə gün fırlanar, il keçər,
Keçdiyimiz körpülərdən el keçər.
Aramızdan kölgə keçər, sel keçər,
Doğrular da, yalanlar da bizimdi.
Mənim dostum, sən bilirsən, bilirəm,
O günlərçün səndən betər ölürəm.
O yerlərə gündə yüz yol gəlirəm, -
Olmayanlar, olanlar da bizimdi...
Ünvanlı
Min illərdi yol gəlir
indi yazdıqlarımız
Göydən yerə məktubda
endi yazdıqlarımız...
Dolu sünbüldən düşən,
dilimizdə ilişən,
Ürəyimizdə bişən,
dəndi yazdıqlarımız.
Qanı qarışıq deyil,
genı qarışıq deyil.
Özgəsindən borc almaz, -
özü özündən yeyir
kəndi yazdıqlarımız.
Susduğunu gördün ki,
çəkil boşluğa, hönkür.
Qardaş canı, bugünkü
gündü yazdıqlarımız.
Hər söz üstdə öləndə,
ömrü söz-söz böləndə,
bəlkə bir quş dilində
dindi yazdıqlarımız?!
Nə lalam, nə də karam,
güc yox qəfəsi qıram.
Vallah, belə baxıram -
qandı yazdıqlarımız...
Nə də yəhərdə öldüm
Günəş üçün ölürdüm,
səhər-səhər də öldüm.
Birtəhər yaşayırdım,
və... birtəhər də öldüm.
Kilsədən, pirdən çıxdım,
bişib, təndirdən çıxdım,
düşüb, qəbirdən çıxdım,
batıb qəhərdə öldüm.
Hayıf ömrümə, hayıf,
nə bezib, nə də doyub,
nə səngərdə can qoyub,
nə də yəhərdə öldüm...
Nəynən silləm öz yazını
Heç nə yazmaq istəmirəm,
guya, yazsam nə olacaq?!
Adımı bəyaz buludnan
Göyə yazsam nə olacaq!
Nəynən silləm öz yazını? -
alnımda mənnən gedəcək.
On yaşlı ağ-qara şəklim,
ağlım da mənnən gedəcək.
Yaşamağın dadı qaçıb,
heç ölmək də istəmirəm.
Böyük olmaq Tanrılıqdı,
kiçilmək də istəmirəm.
Yenə də o köhnə ömür, -
səhər evdən, axşam evə.
Ömür boyu yol gedirik, -
oxşar evdən oxşar evə...
Hər şey var, kimsə artıq
Heç də yaxşı deyiləm,
pis də deyil işlərim.
Dünyanın yanağından
Alma kimi dişlədim.
Ölmüş vicdanın belə
qəbrinə
and içirlər.
Ucaboy qapılardan
İməkləyib keçirlər...
Hər şey var, kimsə artıq.
Yenə nəsə çatışmır.
Ömür boyu udduğun
son nəfəsə çatışmır!..
Çetdim, səngərlər boyu
oynayan güllələrin
havasını çalmağa.
Cetdim, qara günlərin
halvasını çalmağa!..
Səhər yuxuna çən düşür
Qadın üçün darıxırsan,
Xanım üçün darıxırsan,
"heç darıxmıram" desən də,
canım üçün darıxırsan.
Səhər yuxuna çən düşür,
şeh düşür uzaq illərə.
Ağlayırsan dəryaz üstdə
yıxılıb gülən güllərə.
Çox vaxt heç bilmirsən niyə,
nədən belə darıxırsan.
Darıxmalı bir ölüm var,
bir də qadın.
Ayrı heç nə! -
sənsə elə darıxırsan.
Səngərdəki igidlərə
Oralarda necədi
atkeçməz, düzən yerlər?
Buralarda çəkilən
ahlara dözən yerlər.
Orda qurd-quş nə yeyir,
daşlar bizdən nə deyir?!
Nə deyib çiçəkləyir
özünü üzən yerlər?!
Necə keçirir yazı,
hənrimizə tamarzı,
yalın ayağımızı
qanadan, əzən yerlər.
Qınayır, söyür kimi,
ucaldır, əyir kimi?
Həvvaların Adəmi
çıraqnan gəzən yerlər.
Tanıyırmı izimdən,
öpərmi üz-gözümdən,
səngərin o üzündən
bu üzün süzən yerlər?..
Şeir yazmaq yeridi...
Heç kimə heç nə demə,
heç kimdən heç nə demə -
susmaq, susmaq yeridi.
Ölmür ölmək həvəsin,
Göy pay verib - nəfəsin,
Yer - uduzmaq yeridi.
Barlı, barsız budaqlar,
bu gözəl çilçıraqlar
həm də asmaq yeridi.
Batır içi dolular,
nə çıxmağa yolu var,
nə də azmaq yeridi.
Çətin boy ata, dura,
ağac basdırma,
bura
qəbir qazmaq yeridi.
Bu ağ varağı cırmaq,
bu qələmi də qırmaq;
şeir yazmaq yeridi?!
Özün atan ürəyim
Bu yayın ortasında
qış fəslin yaşayıram.
Əsir düşmüş dünyanın
Daş fəslin yaşayıram.
Sükut aparır məni,
külək aparan kimi.
Kim ölümə aparar,
ürək aparan kimi?!
Xəyalımda çırpınır
ayağının səsinə
beşinci mərtəbədən
özün atan ürəyim.
Mənimki ömür döyül,
yaşayıram səsinlə.
Batan günü səhərə
daşıyıram səsinlə.
Kor barmaqlarım tapmır
gözümün işığını.
Dur gəl, sal bu zindana
üzünün işığını.
Ömrün payız çağı
Dişlərim də tir-tir əsir,
bişmiş sözüm də çiy çıxır.
Daha ayaq izlərimdən
gül-çiçək yox, çəliy çıxır.
Dostlar da seyrəlir bir-bir,
boşluqda sıxılır adam.
Düz yolun düz ortasında,
sürüşüb yıxılır adam.
Dünənə ayağım çəkmir,
eynəyim düşmür sabaha.
Solan kitab arasında
darıxan məktubam daha.
Bir kefli İsgəndər tapıb,
dedim: açaq başımızı?!
Göydən daş tökənə şükür,
gedib açaq başımızı.
Qar
Susuz səhra kimi
uzanan ömrün
üstünə qar yağır,
necədi, dostlar?!
Ürəyim özünü söküb-dağıdır,
qollarım boşalan
küçədi, dostlar.
Səhv yoxdu
Allahın haqq-hesabında,
gətirib bu qarı gör hara saldı.
Məni də,
səni də,
o dilsizi də
bu mələk sifətli yollara saldı.
Özünü divardan asıbdı şəklim,
dilini udubdu divar saatı.
Dərdin saatında
sıfır:sıfırdı
Göy üzü bu qarı neçəyə satır?
Ovcumda sıxmışam
qar topasını,
qırx il əvvəlki qız
hardan keçəcək?
Allah!
Başıma tökdüyün daşın ağrısı
başıma səpdiyin
qarnan keçəcək?!
Tənha qadın ağlayanda
Yenə mesaj göndəribsən,
nəyinsə sonudur demək.
Ad günümü unutmuşdum,
hə, ayın onudur demək.
Mən ömrümün son gününü
çoxdan adlayıb keçmişəm.
Sənə dönən körpüləri
bir-bir odlayıb keçmişəm.
...Özün didir telefonum,
ürəyim nəbzimi sayır.
101... 103... və tanış səs:
"telefon ya söndürülüb,
ya da yiyəsi ağlayır"...
...Dünya mənimlə bitmir ki,
az ağla, az hönkür, qadın!
Tənha qadın ağlayanda,
qadın tənha ağlayanda
Əzrayıl da hürkür, qadın!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!