"Göyərdi röyadan bulud rəngində çərpələng..." - Ümid Nəccaridən şeirlər

 

Küknar

 

Ağacların köks ötürdüyü yerdə əkdik kölgə röyaları,

Sən görə bildinmi o qaranlıqda?

Əkdik torpağa sevinci kədərimizlə yan-yana,

Göyərdi röyadan bulud rəngində çərpələng...

Göyərdi kədər...

Göyərdi göy üzü...

Sən görə bildinmi yağışın ayaq izini səhrada?

Görə bildinmi sovrulan küləyi?

 

Sən, ey röyası yerə basdırılmış...

Sən, ey məmləkətdə özgə,

Küknar kimi əzmkar,

ərköyün bir ağcaqayıntək

Aç qollarını,

Yayılsın dünyaya yaşıl...

 

Qürbətin soyuqluğuna,

Dənizin qürubuna ək keçmişi,

Dəfn et vətəni,

Dili,

Cəmiyyəti.

 

Ah çək alovlansın qaranlıqdakı fənər!

Ah çək qaralsın işıqda pərdələr...

Sən görə bildinmi o qaranlıqda ümidi?

Sən görə bildinmi o işıqda məni?

 

***

Gözlərinə inansan,

yerdə gördüyün daş da etirazdır,

Atılır gölə, pozur sükutu...

Susqunlar vadisində,

Səhrada bitən ağ gül də güllədir,

boy atır, ucalır göy üzünə...

 

Gərək bezməsin insan ürəyi,

gərək yorulmasın yollar ayaqlarından...

yoxsa qayıtmaz gedənlər də,

yoxsa biryolluq yol kimi gedərik sonsuzluğa...

 

Gözlərinə inansan,

Adının sinonimidir yağmur,

Əllərinin antonimidir şimşəklər

Çaxır göyə pozur yuxumu

Aşıb-daşır sel kimi yoxsul kəndlərin üstünə,

Axşamların üstünə...

Üfüqlərin üstünə...

 

İnan gözlərinə,

Boş bir məzar kimi,

İçimdə dincəlməyə kimsəni axtarıram qapı-qapı...

Sonsuz bir qadın döl şəkillərini sevdiyi kimi...

Qumarbazların son masada şansı axtardığı kimi...

Ax... hardan doğacaq unudulmuş günəş?

Harda batacaq bu səs?

 

Bilsən bir,

keçək gecənin o tayına deməyim gələr...

Amma susub keçərəm...

Amma özümü söz qapısı kimi bağlaram

rəfdən götürülməyən kitab misalı,

vərəqləmərəm yaddaşı,

xatırlamaram keçmişi...

Özümü açar kimi tullayıram qaranlıq quyulara!

 

Bilsən bir,

bəzən eşitməzsən səsimi,

susaram...

Gedib başqa küçələrdə bulud kimi yağaram.

 

Bilsən,

Bəzən ölərəm,

boş bir məzar kimi,

İçimdə dincəlməyə kimsəni axtararam...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!