Qarışqalar
Hafizə nənənin xatirəsinə...
Kədərli evlərə
hücum çəkər qarışqalar,
kədərli və yoxsul evləri işğal edərlər.
Kədərli uşaqların şəkərlərinə daraşarlar
tənha və yorğun qocaların
sandığına doluşarlar.
Xəstələrin yuxusuna
unudulmuş ölülərin,
qəriblərin məzarına
yığışarlar.
Şirini sevməkləri yalandır
dərdi, acını axtarıb taparlar hər yerdə qarışqalar...
Anamın yaşlı nənəsini xatırlayıram
konfetə daraşmış qarışqaları görəndə.
Tez-tez bizə gələrdi
qarışqa daraşmış konfetlərlə
bəy qızı olmuşdu ulu nənəm.
Qızıldan kəmər bağlamışdı bir zamanlar
başına qızıldan tac qoydurmuşdu atası
bəy atasını, bəy qardaşlarını damlamışdılar,
sürgün etmişdilər.
Kədərini bürüb-büküb toxuduğu
xalılarda gizləmişdi ulu nənəm
toxuduğu xalılarla ayaqda qalmış
müharibədən çıxmışdı
xəstə və yorğun anasıyla.
"Harda gizlədirəm, qarışqalar yenə tapır" -
soyduğumuz konfetlərin arasından qarışqalar töküləndə
deyinərdi pərt olaraq...
Qarışqaları çırpıb təpişdirərdim üzü daşdan möhkəm konfetləri,
çünki anamın nənəsindən başqa,
bizə konfet gətirən yox idi o illərdə
müharibə gedirdi.
Atalarımız-analarımız işsiz idi
qarışqalar da
qarışqalar da acıya gəlirdi...
Quba Memorial Soyqırım
kompleksində
Günahsız yerə qətl edilən
qadınların, uşaqların,
kişilərin, qocaların
toplu məzarı önündə
bir dəqiqəlik susuruq,
susuruq məktəbli uşaqlarla böyüklər.
Ancaq quşlar,
cırcıramalar oxuyur
ağacların yarpaqları xısınlaşır bir-biriylə.
Qulağımdakı çığırtılar, ah-nalələr,
qışqırtılar kəsilir.
Təbiətin hüzurlu səsini dinləyirəm
indi, bu anlarda
sanki insanların
təbiətə dəxli yoxdur.
Azan səsi ucalır hardasa
yaxında.
Bir xoruz banlayır
günorta olsa da,
sükut sona çatır.
Uşaqların səsi
quşların,
cırcıramaların,
yarpaqların səsinə qarışır.
Təbiətin xoşbəxt balasına çevrilir insan güləndə
qalan bütün vaxtlarda
təbiətə yaddır o.
Üç meymun
Utananda,
qorxanda gözlərini bağlayır
toppuş əlləriylə uşaqlar.
Onlara görünmürsə, yoxdur
qorxu da, utanmaq da...
Böyüklər də göz yumur qorxularına,
utanclarına.
Qulaqlarını tıxayır,
dillərini qıfıllayırlar,
amma
qorxularıyla "cicco oynayan" uşaqların
əyləncəli hüzuru olmur
"üç meymun"u oynayan adamlarda.
Zibil qutusu
Ayrıldılar.
Qız telefonunun
yaddaşındakı şəkilləri
yoxluğun qoynuna yollamağa tələsdi.
telefonsa onları "zibil qutusu"na göndərirdi
yaxşı düşmədikləri birgə şəkillərini belə,
"zibil qutusu"na yollamağa əli gəlməzdi əvvəllər.
"Zibil qutusu" bütün anlamıyla ürəyini sıxırdı
bu sıxıntını nə zamansa yaşadığını xatırladı:
uşaq vaxtı anası ölmüş pişiyini
zibil qutusuna atanda.
Yay
Ana qucağı kimi istisən, ey yay,
məni də öz balan say,
al qoynuna
başımı qat,
əzizlə.
Qoyma darıxmağa bu qədər,
qoyma yaxın gələ mənə kədər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!